Bakıda valyutadəyişmə məntəqəsinə silahlı basqın edildi
12 noyabr 2009 11:15 (UTC +04:00)

Bakıda valyutadəyişmə məntəqəsinə silahlı basqın edildi

Məntəqənin əməkdaşı yaralanıb

Azərbaycan paytaxtında valyutadəyişmə məntəqəsinə silahlı basqın olub. APA-nın xəbərinə görə, hadisə Bakının Nərimanov rayonunda, Atatürk prospektində “Debütbank”ın 24 saylı valyutadəyişmə məntəqəsində qeydə alınıb.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Elxan Həsənov, Daxili İşlər Nazirliyinin yüksək rütbəli nümayəndələri gəlib.


E. Həsənov APA-nın hadisə yerində olan əməkdaşına bildirib ki, silahlı basqın nəticəsində ölən olmayıb. Rəis müavini faktla bağlı araşdırma getdiyini deyərək ətraflı açıqlama verməyib.


Bununla belə, APA-nın əməkdaşı valyutadəyişmə məntəqəsinin ətrafında yerdə qan izlərini müşahidə edib. Şahidlərin sözlərinə görə, silahlı basqın nəticəsində yaralanan var. Basqın zamanı məntəqədən pul aparılıb-aparılmadığı da məlum deyil.


Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, silahlı basqın nəticəsində yaralanan şəxs valyutadəyişmə məntəqəsinin əməkdaşı 1988-ci il təvəllüdlü Tərlan Məlikovdur. O, Klinik Tibbi Mərkəzə yerləşdirilib.


Mərkəzdən APA-ya T. Məlikovun baş və üz nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarəti aldığı, vəziyyətinin kafi olduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 321

Oxşar yazılar