Qonşusunu bıçaqlayan Psixiatriya Xəstəxanasından çıxmaq istəyir
03 noyabr 2009 15:45 (UTC +04:00)

Qonşusunu bıçaqlayan Psixiatriya Xəstəxanasından çıxmaq istəyir

Xəstə Atayev Niyazi Nizami oğlunun qanuni nümayəndəsi Atayev Nizami Ağa oğlu Sabunçu rayon məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Bu barədə Lent.az-a Bakı Apelyasiya Məhkəməsindən bildirilib.

Belə ki, nümayəndə Respublika Psixiatriya Xəstəxanası tərəfindən təyin edilmiş məcburi müalicəsinin ləğv edilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsinə dair vəsatətinin təmin edilməməsi barədə Bakı şəhər Sabunçu rayon məhkəməsinin qərarının ləğv edilməsini istəyir.

İş hakim Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun icraatındadır.

Xatırladaq ki, Gəncə şəhər sakini, 1971-ci il təvəllüdlü Atayev Niyazi Nizami oğlu Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

İttihama görə, o, ailə münaqişəsi zəminində qonşusu, 1977-ci il təvəllüdlü Hüseynov Polad Vilayəddin oğlunu bıçaqlayıb. Həkimlər yaralının həyatını xilas edə biliblər.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə N. Atayevin cinayəti törədən zaman anlaqlı olmadığı müəyyənləşdirib. Məhkəmə istintaqı zamanı bəlli olub ki, təqsirləndirilən şəxs ruhi-əsəb xəstəliyindən əziyyət çəkir. Məhkəmə təqsirləndirilən N.Atayevin xəstəliyini nəzərə alaraq, onun Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Ruhi Əsəb Dispanserinə müalicə almaq üçün göndərilməsi barədə qərar çıxarıb.

Sonradan N.Atayevin qanuni nümayəndəsi Respublika Psixiatriya Xəstəxanası tərəfindən təyin edilmiş məcburi müalicəsinin ləğv edilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsi üçün məhkəməyə müraciət edib. Sabun rayon Məhkəməsi həmin vəsatəti təmin etməyib.

İş üzrə əsas baxış noyabrın 4-nə təyin olunub.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667

Oxşar yazılar