Qanunsuz ov edənlərə hökm oxundu
03 noyabr 2009 11:15 (UTC +04:00)

Qanunsuz ov edənlərə hökm oxundu

Onlar nazirlik əməkdaşını öldürmək istəyiblər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən Tovuz rayon sakinlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ceyhun Əliyev və Vüsal Mirzəyevə hökm oxunub.
Hökmə əsasən, C.Əliyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. V. Mirzəyev isə 2 il şərti azadlıqdan məhrum etmə cəzası alaraq, məhkəmə zalından azadlığa buraxılıb.


İttihama görə, 2009-cu ilin mayın 17-də Tovuz rayonu Girzan kənd sakini Ceyhun Əliyev tanışı Vüsal Mirzəyevlə birlikdə rayonun Düz Qırıqlı kəndi ərazisindən keçən hissəsində “Qara su” adlanan arxın Kür çayına birləşən yerində balıq ovlamaq istəyərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Daxili Su hövzələrində ekoloji su resurslarının artırılması və mühafizəsi Departamentinin müfəttişi Mahmud Axundov onların balıq tutmasına etiraz edərək barələrində qanuni tədbir görüləcəyini söyləyib.


Bundan sonra C. Əliyev üzərində gəzdirdiyi tüfənglə M. Axundova ardıcıl olaraq, iki dəfə atəş açaraq ağır xəsarət yetirib. Sonra yenə atəş açaraq avtomobildə olan Aydın Həsənova xəsarət yetirərək hadisə yerindən qaçıb. Tovuz Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat axtarışları tədbirləri nəticəsində hər iki şəxs tutulublar.

Qeyd edək ki, C. Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 29.120.2.3-cü(zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29.120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), V. Mirzəyev isə CM-nin 230-cu (Odlu silahı diqqətsiz saxlama) və 315.1-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri ilə təqsirli biliniblər.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442

Oxşar yazılar