Azərbaycanın xilas etdiyi Rusiya gəmisi Bakı limanındadır
28 oktyabr 2009 13:00 (UTC +04:00)

Azərbaycanın xilas etdiyi Rusiya gəmisi Bakı limanındadır

Yerli mütəxəssislər qəzanın səbəblərini araşdıracaq


Azərbaycanın müvafiq qurumları tərəfindən qəzadan xilas edilən Rusiya Federasiyasının bayrağı altında üzən yük gəmisi Bakı limanına gətirilib. Bu barədə Lent.az-a Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ADDA) mətbuat xidmətindən məlumat verilib.


Hazırda Bakı limanında olan gəminin qəzaya uğrama səbəbləri azərbaycanlı mütəxəssislər tərəfindən araşdırılacaq və qəza nəticəsində zədələnmiş gəmi konstruksiyaları, avadanlıqları və mexanizmləri təmir olunacaq. Yalnız gəmi sənədləri Təsnifat Cəmiyyəti tərəfindən yenidən bərpa olunduqdan sonra gəmi səfərini davam etdirəcək.


Xatırladaq ki, oktyabrın 26-sı saat 12.30 radələrində Rusiya Federasiyası bayrağı altında üzən Arxangelski limanında qeydiyyata alınmış “ANİ SERVİCES” şirkətinə məxsus “FİLİ” quru yük gəmisinin bortunda 1781 ton yüklə Mahaçqala-Nouşəhr istiqamətində hərəkət etdiyi zaman Pirallahı adasından şimal-şərqə 12 mil məsafədə maşın bölməsinə dəniz suyu dolması ilə əlaqədar həyəcan (SOS) siqnalı daxil olub.


Qəza siqnalının alınması ilə əlaqədar ADDA Fövqəladə Hallar Nazirliyi ilə birgə dərhal gəminin xilas edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə başlayıblar.


ARDNŞ Xəzər Dəniz Neft Donanmasına məxsus “AVİOR” yedək gəmisi, “bp”, “BUE Caspian” şirkətinə məxsus “İSLAY” yedək gəmisi, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri xilasetmə işlərinə cəlb edilib və qəza yerinə göndərilib.


Bu gün saat 07.20-dək qəzaya uğramış gəmiyə müvafiq kömək göstərilib və “AVİOR” yedək gəmisi ilə yedəyə götürülərək Bakı limanına gətirilib.

Gəmidə vəziyyət stabildir və 11 nəfər heyət üzvü sağ-salamatdır. Gəmidə 400 ton kağız və 1381 ton polad olub.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar