Elçin Behbudovun 30 min manatını oğurlayanlar məhkəmə qarşısında
28 oktyabr 2009 11:00 (UTC +04:00)

Elçin Behbudovun 30 min manatını oğurlayanlar məhkəmə qarşısında

11 nəfərin külli miqdarda pulunu oğurlayan mütəşəkkil dəstənin məhkəməsi başladı


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 11 nəfərdən külli miqdarda pul oğurlamaqda təqsirli bilinən Bakı şəhəri sakinlərindən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən hazırlıq prosesində məhkəmə baxışı noyabrın 3-ə təyin edilib.



İttiham aktına əsasən, təqsirləndirilənlər Səxavət Mehdiyev, Ruslan Məmmədov, Elgiz Hüseynov, Zaur Əliyev və Fətəli Həsənov mütəşəkkil dəstə yaradaraq 2008-ci il yanvarın 29-da Heydər Əliyev prospekti - 98-də yerləşən MKTİK MMC şirkətində xəzinədar işləyən Rəşad Cəfərova məxsus “Mercedes-180” markalı avtomobildən 74 min manat oğurlayıblar.

Bundan başqa, dəstə üzvləri 2008-ci il mayın 27-də İnşaatçılar prospekti - 38-in qarşısında Çingiz Məmmədliyə məxsus “Hyundai Tucson” markalı avtomaşından 39 min manat, iyununda 7-ci mikrorayon Xarici dairəsi küçəsi - 116 ünvanında yerləşən meyvə şirələri satışı ilə məşğul olan firmanın xəzinədarı Mehman Sarıyevə məxsus “VAZ-2107” markalı maşından firmaya məxsus 69.000 dollar, həmin ilin aprelində İ.Səfərli küçəsi - 60 saylı evin qarşısında Səhman Quliyevə məxsus “Mercedes” markalı avtomobildən 58.100 dollar, həmin ilin iyulun 22-də S.S.Axundov küçəsi - 11/35 ünvanında yerləşən “Palma” kafesinin qarşısında Nəriman Həşimova məxsus “VAZ-2106” markalı maşından 47.450 dollar və 3 min manat, sentyabrın 6-da C.Cabbarlı küçəsi - 56 ünvanında yerləşən “Caspian plaza”nın qarşısında, Əliheydər Hüseynov məxsus “Prado” markalı avtomaşının şüşəsini sındırmaqla 5 min manat, 4500 dollar, həmin ilin sentyabrında G.Səfərəliyeva küçəsi - 26 saylı evin qarşısında Məhəmməd Gülməmmədova məxsus “Mitsubishi-Pajero” markalı avtomobildən 8140 dollar, Babək prospekti - 22-də yerləşən “Qrand” mebel mağazasının qarşısında Cəbrayıl Nuriyevə məxsus “Fiat-Albea” markalı avtomaşından 46.000 dollar, həmin ilin noyabrında Z.Bünyadov prospektində yerləşən “Caspian-petrol” yanacaqdoldurma məntəqəsinin həyətində Mehrab Kəlbiyevə məxsus “Prado” markalı avtomobildən 250.000 rus rublu və 30 min dollar, dekabrda Sulutəpə qəsəbəsində Ceyhun Mirzəyevə məxsus “Mitsubishi-Pajero” markalı avtomaşından 7 min manat məbləğində telefon danışıq kartları və 1500 manat məbləğində müxtəlif valyuta və nəhayət, dekabrın 15-də Etibar Qocayev küçəsindəki 43 saylı evin qarşısında Saleh Səmədova məxsus “BMV-X5” markalı avtomobildən 40 min manat və 15 min dollar oğurladıqları müəyyənləşib.

Qeyd edək ki, mütəşəkkil dəstə 2008-ci il iyulun 14-də Ə.Hüseynzadə küçəsi - 54-ün qarşısında İşgəncələr Əleyhinə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova məxsus “Tofaş” markalı avtomobildən 30 min manat oğurlayıblar.

Təqsirləndirilənlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 180.2.2-ci (təkrar törədildikdə) və 180.2.5-ci (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilirlər.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442

Oxşar yazılar