Təqsirləndirilən şəxs: “... ömürlük aclıq edəcəyəm”
22 oktyabr 2009 15:30 (UTC +04:00)

Təqsirləndirilən şəxs: “... ömürlük aclıq edəcəyəm”

O, ittihamla razılaşmır

Oktyabrın 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Meşə qardaşları” adlı qruplaşma yaradaraq bir sıra cinayətlər törətməkdə, o cümlədən Nərimanov rayonunda yerləşən “Əbu-Bəkr” məscidində terror aktı törətməkdə təqsirləndirilən 26 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Lent.az-ın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxışlarını bitiriblər. Təqsirləndirilən Zaur Cəfərovun vəkili Müzəffər Baxışov hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamın düzgün olmadığını söyləyib. M. Baxışov ittihamın əsassız olduğunu əsas göstərərək Z.Cəfərov barədə bəraət hökmünün çıxarılmasını xahiş edib.


Təqsirləndirilən Kamran Bozorgi də ona qarşı irəli sürülən ittihamın əsassız olduğunu söyləyib: “Əgər mənə bu ittihamla cəza verilsə, ömrümün axırına qədər aclıq elan edəcəyəm”.


Xatırladaq ki, dövlət ittihamçısı K. Bozorginin CM-nin 279.1 və 228.3-cü maddələrlə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Təqsirləndirilən Vahid Əsədov isə törətdiyi əməldən peşman olduğunu söyləyib. Bu səbəbdən də ona yüngül cəza verilməsini xahiş edib.

Proses sabah davam etdiriləcək.


Xatırladaq ki, dövlət ittihamçısı Mürvət Həsənov Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Rusiya vətəndaşı Maqomed İsayevin hər birinə 15 il, Türkiyə vətəndaşları Yamin Aliyə 7 və Özdəmir Erginə 3 il, Zabit Şıxbabayev, Samir Mehdiyev, Anar Vəlimətova və Kamran Bozorgiyə 10 il, Fariz Məmmədov, Rasim İsgəndərov, Elşən Allahverdiyev, Taleh Məhərrəmova 9 il, Rafiq Ağacanov, Azər Baxışov, Zaur Cəfərova 8 il, Teymur Nərimanov, Aleksandr Nurəliyev, Musa Orucov, Məmməd Məmmədov, Elxan Osmanov, Rüfət Rzayeva 7 il azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını xahiş edib.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Zabit Şıxbabayev, Fariz Məmmədov, Samir Babayev, Anar Vəlimətov, Rasim İsgəndərov, Elşən Allahverdiyev, Rafiq Ağacanov, Taleh Məhərrəmov, Teymur Nərimanov, Kamran Bozorgi, Azər Baxışov, Musa Orucov, Aleksandr Nurəliyev, Məmməd Məmmədov, Elxan Osmanov, Zaur Cəfərov, Rüfət Rzayev, Sərdar Bünyatov, Rusiya vətəndaşı Maqomed İsayev, Türkiyə vətəndaşları Yamin Ali və Özdəmir Ergin Zaqatala rayonundan olan “Əbdülməcid” ləqəbli İlqar Mollaçiyev, onun qaynı “Süleyman” ləqəbli Samir Mehdiyevlə cinayət əlaqəsinə girərək, Azərbaycanda iğtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər. Onlar “Əbu-Bəkr” məscidində partlayış törətməkdə və digər cinayətkar əməllərdə təqsirləndirilirlər.


Təqsirləndirilənlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 120-ci (qəsdən adamöldürmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417

Oxşar yazılar