DSX-in sabiq əməkdaşlarına hökm oxundu
12 oktyabr 2009 12:15 (UTC +04:00)

DSX-in sabiq əməkdaşlarına hökm oxundu

Onlar narkotik alverçilərinə kömək ediblər

Oktyabrın 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Dövlət Sərhəd Xidmətinin İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirmək istəyən İran vətəndaşlarına köməklik göstərən (DSX) bir qrup əməkdaşına hökm oxunub.
Lent.az-ın məlumatına görə, hakim Mürsəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə DSX-nın əməkdaşları Şəhriyar Xəlilov, Nahid Cəbrayılov, Tehran Əliyev, Xalid Tofiqzadə 11 il, Ruslan Aydınlı və Cavanşir Bayramov 10 il 6 ay, Səyavuş Bədəlov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama əsasən, adıçəkilən şəxslər DSX-nin Yardımlı rayonu ərazisində yerləşən ərazidə İran Azərbaycan dövlət sərhədinin mühafizəsini həyata keçirərkən, tamah məqsədilə İran vətəndaşları ilə müntəzəm olaraq cinayət əlaqəsinə giriblər. Onlar Fərrux Əhmədinin və Mahmud Əhmədinin İrandan Azərbaycana küllü miqdarda narkotik vasitəni keçirmələrinə şərait yaradaraq, onlardan rüşvət alıblar. 2008-ci ilin yanvar-avqust ayları ərzində İran vətəndaşlarının Azərbaycan ərazisinə narkotik vasitələri keçirmələrini təşkil ediblər və bunun da müqabilində 1000-1500 ABŞ dolları dəyərində rüşvət alıblar.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.1, 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 339.2-ci (sərhəd xidməti qaydalarını pozma), 32.5,234.4.2, 32.5,234.4.3-cü (təkrar və küllü miqdarda narkotik vasitələri əldə etmə və satmaqda iştirak etmə), 206.3.1, 206,3.2-ci (qaçaqmalçılıq) və 311.3.1, 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar rüşvət alma) maddələri ilə ittiham olunublar.
Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493

Oxşar yazılar