Bloqqerlərin vəkillərinin vəsatəti təmin olunmayıb
07 oktyabr 2009 12:45 (UTC +04:00)

Bloqqerlərin vəkillərinin vəsatəti təmin olunmayıb

Oktyabrın 7-də Səbayel rayon Məhkəməsində Emin Milli və Adnan Hacızadənin barəsində başlanan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.


Lent.az-ın məlumatına görə, hakim Araz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin vəkilləri vəsatətlə çıxış ediblər. Vəsatət təqsirləndirilən şəxslərin üzərindən həbs-qətimkan tədbirinin götürülməsi və onların azadlığa buraxılmasından ibarət olub.

Dövlət ittihamçısı isə vəsatətin yeni dəlillərə əsaslanmadığından rədd edilməsini istəyib. Məhkəmə vəsatəti müzakirə etmək üçün müşavirəyə yollanıb.

Müşavirədən qayıdan məhkəmə həbs qətimkan tədbirinin seçilməsi üçün əsas olmuş səbəblər aradan qaldırılmadığından vəsatəti təmin etməyib.

Prosesdə hadisə iştirakçılarını müayinə edən ekspert həkim Məcid Məmmədov ifadə verib. Xatırladaq ki, keçən prosesdə müdafiə tərəfinin vəkilləri ekspertin rəyində terminlərdən çox istifadə edildiyindən anlaşılmazlıq yarandığına görə, hadisə iştirakçılarını tibbi müayinə edən ekspert həkimin məhkəməyə çağırılmasını xahiş ediblər. Ekspert M.Məmmədov vəkillərin suallarını cavablandırıb.


Daha sonra isə Emin Millinin vəkili İsaxan Aşurov hadisə baş verən gün polis bölmələrində prosesi izləyən 7 nəfər şahidin dindirilməsi vəsatəti ilə çıxış edib. Hakim 7 şahiddən birinin, Rəşadət Axundovun dindirilməsinə icazə verib. R.Axundov ifadəsində hadisə baş verən gün E.Milli və Adnan Hacızadənin xəsarət aldığını gördüyünü deyib.

Müdafiə tərəfinin vəkilləri hadisə baş verən “Lebanese” restoranın sahibi Şahzeynəb Rüstəmovanın məhkəmədə əsas şahid kimi dindirilməsinin vacib olduğunu nəzərə çatdırıb. Hakim isə Ş. Rüstəmovanın sentyabr ayında əməliyyat keçirdiyini və məhkəmədə bu səbəbdən iştirak edə bilməməsi haqqında teleqram göndərdiyini bildirib.

Proses oktyabrın 9-da davam etdiriləcək.

Qeyd edək ki, E. Milli və A. Hacızadə iyulun 8-də Azərbaycan paytaxtındakı “Lebanese” restoranında baş verən insidentdən sonra saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirli bilinirlər.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 995

Oxşar yazılar