Qəbələ RLS-i partlatmaq istəyən dəstə üzvlərinə hökm oxundu
05 oktyabr 2009 16:15 (UTC +04:00)

Qəbələ RLS-i partlatmaq istəyən dəstə üzvlərinə hökm oxundu

Onlara uzunmüddətli həbs cəzası verilib

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İlqar Murğuzovun sədrliyi “Əl-Qaida”, “Hizbullah” terror təşkilatları və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) xüsusi idarəsi ilə əməkdaşlıq edərək, Azərbaycanda bir sıra terror aktları törətməyə cəhddə təqsirləndirilən Livan və Azərbaycan vətəndaşlarından ibarət dəstənin məhkəməsi başa çatıb.

Prosesdə dəstə üzvlərinə hökm oxunub.

Lent.az-ın müxbirinin verdiyi xəbərə görə, hökmlə Kərəki Əli Məhəmməd və Nəcməddin Əli Hüseyn 15 il, Vidadi Rəsulov 14 il, Müşfiq Amanov, Əfqan Balaşov və Cavad Məmmədov 12 il azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, ittihama görə, Livan vətəndaşları Kərəki Əli Məhəmməd, Nəcməddin Əli Hüseyn “Hizbullah” və “Al-Qaida” terror təşkilatlarının rəhbərləri tərəfindən təlimatlandırılaraq Azərbaycana göndəriliblər. Terror təşkilatı həmin şəxslərə Azərbaycanda bir sıra terror aktları həyata keçirmək tapşırığı verib. Onlar təlimata uyğun olaraq Azərbaycanın Quba və Qusar rayonlarında vətəndaşlar arasında təbliğat aparıblar.

Livan vətəndaşları Cavad Məmmədovu, Vidadi Rəsulovu, Müşfiq Amanovu, Əfqan Balaşovu öz sıralarına cəlb edə biliblər. Kərəki Əli Məhəmməd Qəbələ RLS-i partlatmağı və bununla da xarici ölkələrin Azərbaycanla əlaqəsini kəsməyi təklif edib. Dəstə üzvləri razılığa gələndən sonra bir neçə dəfə Qəbələ RLS-in ətrafına getsələr də, planı həyata keçirməyə nail olmayıblar.

Dəstə üzvləri ABŞ, İsrail və digər Qərb dövlətlərinin siyasətinə təsir göstərmək məqsədilə din uğrunda silahlı mübarizə, yəni “cihad” etmək qərarına da gəliblər. Onlar özlərində olan silah-sursatdan istifadə etməklə İsrail səfirliyinə müxtəlif istiqamətlərdən eyni vaxtda hücum etmək barədə plan hazırlayıblar. Bu məqsədlə Bakıdakı Yəhudi Mədəniyyət Mərkəzinin və İsrail səfirliyinin binası ilə üzbəüz binada mənzil kirayələyiblər. Lakin əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri saxlanılıb.

Fərid
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 471

Oxşar yazılar