Polis əməkdaşının qatilinin məhkəməsi başladı
29 sentyabr 2009 12:30 (UTC +04:00)

Polis əməkdaşının qatilinin məhkəməsi başladı

Təqsirləndirilən şəxs DYP əməkdaşını döyərək öldürüb

Sentyabrın 29-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Elçin İlyasovu qətlə yetirməkdə təqsirləndirilən Rasim Məmmədovun cinayət işi üzrə hazırlıq prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Ələkbər Quliyevin sədrliyi ilə keçən prosesdə zərərçəkən tərəfin nümayəndəsi Lətif Ağayev vəsatət qaldırıb. L.Ağayev mərhumun xidməti vəzifəsi başında qətlə yetirildiyini bildirib: “Lakin nədənsə, istintaq orqanı Cinayət Məcəlləsinin 120.2.3 –cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddəsi ilə ittiham irəli sürməkdə maraqlı olmayıb. Ona görə də cinayət işi yenidən istintaqa qaytarılmalı və 10 gün müddətində 120.2.3 maddəsinin verilməsi təmin edilməlidir”.

Hakim hazırlıq prosesi olduğuna görə, həmin vəsatətə məhkəmə istintaqı dövründə baxılacağını bildirib. Məhkəmə baxışı oktyabrın 7-ə təyin edilib.

Qeyd edək ki, ittihama əsasən, Siyəzən rayonunda müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakini Rasim Məmmədov özünə məxsus "Opel-Vectra" markalı avtomaşında sərnişin qismində gedən DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş serjantı Elçin İlyasovu mübahisə zəminində döyərək öldürüb. Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub.

Rasim Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə təqsirləndirilir.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 387

Oxşar yazılar