Vəkili 2 nəfərin qətlində təqsirləndirilən şəxsə bəraət istədi
23 sentyabr 2009 11:45 (UTC +04:00)

Vəkili 2 nəfərin qətlində təqsirləndirilən şəxsə bəraət istədi

Sentyabrın 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmədə iki nəfəri qətlə yetirməkdə, beş nəfərə isə ağır xəsarət yetirməkdə ittiham olunan Zaur Həziyevin cinayət içi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.azın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsin vəkilləri çıxış ediblər. Vəkil Osman Kazımov Z.Həziyevin cinayət işi üzrə istintaqın gəldiyi nəticənin kifayət qədər yetərli olmadığını bildirib. O, ibtidai istintaqın tam aparılmadığını və bu səbəbdən də işin yenidən istintaqa qaytarılmasını zəruri olduğunu söyləyib.

Digər vəkil İlhamə Hüseynova isə təqsirləndirilən şəxsin cinayət işi üzrə dövlət ittihamçısının yetərli sübutlar ortaya qoymadığını bildirib. O, Z.Həziyevin bu cinayətləri törətmədiyini deyib, təqsirləndirilən şəxsə bəraət verilməsini istəyib.

Hakim təqsirləndirilən şəxsə son söz vermək üçün növbəti prosesi sentyabrın 25-ə təyin edib.

Qeyd edək ki, ittihama əsasən, Z.Həziyev ötən il avqustun 15-də ailə münaqişəsi zəminində Beyləqan sakinləri, qayınatası Cavanşir Zeynalovu, qaynı Fədai Zeynalovu qətlə yetirib. Baldızları Mehriban Mirzəyeva, Nəsibə Zeynalova, qohumları Gülşən Zeynalova, Aygün Mirzəyeva, Xətai Mirəyevə isə ağır bədən xəsarətləri yetirib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2-ci (qəsdən adam öldürməyə cəhd), 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə), 133. 1-ci (işgəncə vermə), 134.1-ci (öldürməklə və ya ağır xəsarət yetirmə ilə hədələmə), 127. 1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 315. 1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

Fərid Əkbərov
# 317

Oxşar yazılar