Vəkili Arabula bəraət istədi
15 sentyabr 2009 14:45 (UTC +04:00)

Vəkili Arabula bəraət istədi

Təqsirləndirilən digər şəxslərin də vəkilləri çıxış ediblər

Sentyabrın 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Barmek-Azərbaycan” şirkətinin prezidenti Hüseyn Arabul və daha beş nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib. Hüseyn Arabulun vəkili Abbas Atakişiyev hüquqlarını müdafiə etdiyi şəxsə verilən ittihamın yetərincə sübuta yetirilmədiyini deyərək onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Ayhan Dönməzin vəkili müdafiə etdiyi şəxsin tutduğu əməldən peşman olduğunu, himayəsində iki azyaşlının olmasını nəzərə alaraq ona təyin ediləcək cəzanın cərimə cəzası ilə əvəzlənməsini istəyib. Ramal Əkbərovun vəkili çıxışında hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini və onun məhkəmə zalından azadlığa buraxılmasını xahiş edib. Mahir Lətifovun vəkili müdafiə etdiyi şəxsin himayəsində iki azyaşlının və yaşlı valideynlərinin olmasını nəzərə alaraq ona cərimə cəzasının təyin edilməsini, Famil Quliyevin vəkili də müdafiə etdiyi şəxsə cərimə cəzasının tətbiq edilməsini istəyib.

Eynur Hüseynovun vəkili isə müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Proses sentyabrın 16-da davam edəcək.


Qeyd edək ki, prokuror H.Arabula əvvəlki 5 il şərti cəza üzərində qalmaqla 2 il həbs cəzası verilməsini istəyib. Bundan başqa, prokuror Türkiyə vətəndaşı A.Dönməzə 1 illik şərti cəza, qalan şəxslərin hər birinə (Azərbaycan vətəndaşları – M. Lətifov, E. Hüseynov, F. Quliyev, R. Ələkbərov) 1 il 6 ay müddətində həbs cəzası verilməsini xahiş edib.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322

Oxşar yazılar