Ağa Turabovun ölümü ilə bağlı rəsmi məlumat yayılıb
14 sentyabr 2009 16:00 (UTC +04:00)

Ağa Turabovun ölümü ilə bağlı rəsmi məlumat yayılıb

Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi Nərimanov rayonunda bu il avqustun 2-də baş verən ölüm hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində baş vermiş ölüm hadisəsinin motivi məlum olub.

Məlumatda bildirilir ki, son vaxtlar müxtəlif mətbuat orqanlarında Nərimanov rayon sakini Ağa Turabovun guya polis əməkdaşları tərəfindən döyülərək qətlə yetirilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. 2009-cu il avqustun 2-də saat 22.00 radələrində, paytaxtın Ülvi Bünyadzadə küçəsində yaşayan 1988-ci il təvəllüdlü Elsevər Turabov “Yol hərəkəti haqqında” qanunun tələblərini kobud surətdə pozaraq, qardaşı Məmmədəli Turabova məxsus “VAZ-21011” markalı 10 ZR 228 dövlət nömrə nişanlı avtomaşını etibarnamə olmadan həmin küçə ilə müəyyən edilmiş hərəkət sürətinin həddini aşaraq yüksək sürətlə idarə etməklə yolu keçən piyadaların normal hərəkətlərinə maneçilik yaradıb və əyləc sistemindən istifadə etməklə müxtəlif manevrlər həyata keçirərək avtoxuliqanlıq edib.


Bu zaman o, dislokasiya üzrə həmin ərazidə xidmət aparan Nərimanov rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları Firuz Tağıyev və Qulu Novruzov tərəfindən saxlanılıb. Lakin polis əməkdaşlarına tabe olmayan Elsevər Turabov avtomaşının açarlarını götürüb yaxınlıqda yerləşən evlərinə qaçıb və bir neçə dəqiqədən sonra atası - 1954-cü il təvəllüdlü Ağa Turabov və qardaşları - Məmmədəli və Şahin polis əməkdaşlarına yaxınlaşıblar. Polis əməkdaşları Ağa Turabova oğlu Elsevərin avtomaşını yüksək sürətlə idarə etməsini, qəza şəraiti yaratmasını, onların haqlı tələblərinə tabe olmamasını bildirib.

Bundan sonra, ata oğullarına irad tutaraq əsəbiləşib və qəflətən huşunu itirərək yerə yıxılıb. Ağa Turabov dərhal polis əməkdaşları tərəfindən hadisə yerinə gəlmiş Post Patrul Xidməti Bölüyünə məxsus patrul avtomaşınla xəstəxanaya aparılarkən yolda vəfat edib.
Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə həmin gecə məhkəmə-tibbi ekspertizası təyin edilib və ekspertizanın aparılması Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Nərimanov rayon Şöbəsinə tapşırılıb. Lakin mərhumun yaxın qohumları ekspertizanın həmin rayon şöbəsində keçirilməsinə qəti etirazlarını bildiriblər.

Onların etirazları nəzərə alınaraq, mərhum Ağa Turabovun meyiti müayinə edilməsi üçün həmin Birliyin Mərkəzi Şöbəsinə göndərilib. Yüksək ixtisaslı ekspertlərin, həmçinin mərhumun qohumları - Fuad Xəlilov və Müşfiq Quliyevin iştirakı ilə meyitə baxış keçirilib və onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Eyni zamanda, meyitin daxili müayinəsi zamanı daxili orqanlarda da heç bir xəsarət və zədə izlərinin olmadığı müəyyənləşib və bu haqda, həmçinin hər hansı narazılığın olmaması barədə müayinədə iştirak etmiş bütün şəxslər tərəfindən imzalanmış müvafiq protokol tərtib edilib.
Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyi tərəfindən aparılmış məhkəmə-tibbi ekspertizası ilə də mərhum Ağa Turabovun ölümünə səbəbin koronarokardioskleroz, ümumi ateroskleroz və ürək əzələsinin hipertrofiyası ilə ifadə olmuş ürəyin xroniki işemiya xəstəliyinin kəskinləşməsi nəticəsində baş vermiş kəskin ürək-damar çatışmazlığı olması müəyyən edilib. Ekspertiza zamanı Ağa Turabovun bədəni üzərində, onun ölümü ilə səbəbli əlaqəsi olan xəsarət və ya xəsarət izləri, o cümlədən bədən səthində uzunsov formalı küt əşyalarla, həmçinin dəyənəklə yetirilməyə xarakterik xəsarətlər aşkar edilməyib.


Nərimanov rayon Polis İdarəsinin əməkdaşları Firuz Tağıyev və Qulu Novruzov barəsində aparılmış xidməti təhqiqat nəticəsində onların guya Elsevər Turabovun idarə etdiyi avtomaşını qanunsuz saxlamaları, mərhum Ağa Turabovla mübahisə etmələri və sair qanunazidd hərəkətlərə yol vermələri müəyyən edilməyib.

Beləliklə, mərhum Ağa Turabovun vəfat etməsi ilə bağlı toplanmış materialda qanunla nəzərdə tutulmuş cinayət işinin başlanmasına əsas verən hallar olmadığından həmin fakt üzrə Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işinin başlanması rədd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 431

Oxşar yazılar