Cərrahın cibinə qumbara atan “OMON”çunun məhkəməsi başladı
11 sentyabr 2009 14:45 (UTC +04:00)

Cərrahın cibinə qumbara atan “OMON”çunun məhkəməsi başladı

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçən ilin noyabrında Lökbatandakı xəstəxanada baş vermiş partlayışla əlaqədar təqsirləndirilən Sabir Hüseynovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Lent.az-ın prosesi işıqlandıran əməkdaşının verdiyi məlumata görə, məhkəməyə hakim Novruz Kərimov sədrlik edir. Prokuror Nazim Xəlilov S.Hüseynovun Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (qəsdən adamöldürməyə cəhd) və 228.1 (qanunsuz silah saxlama, gəzdirmə, əldə etmə və s.) maddələrilə ittiham olunmasını istəyib. Proses zamanı heç bir vəsatət qaldırılmayıb.
İş üzrə məhkəmə baxışı sentyabrın 16-a təyin edilib.

Xatırladaq ki, 2008-ci il noyabrın 25-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanada partlayış baş verib. Gecə növbəsindən çıxan həkim-cərrah Rəvayət Mütəllimov otaqdakı şkafdan köynəyini götürərkən onun arasında parçaya bükülmüş ağır bir əşyanın olduğunu görüb. Əşyaya baxmaq istəyərkən qumbara detonatorunun açılmasını bildirən səs eşidib və dərhal onu kənara atıb. Əşyanın partlaması nəticəsində Rəvayət Mütəllimov və orada olan tibb bacısı Reyhan Pirquliyeva ağır bədən xəsarətləri alıblar. Zərbə dalğasından qapı və pəncərələr sınıb, otaqdakı inventarlar yararsız hala düşüb.

Ekspert tədqiqatları həmin əşyanın əl qumbarası olduğunu göstərib. İstintaq-əməliyyat qrupu qumbaranın Müşfiqabad qəsəbəsində qeydiyyatda olan, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (“OMON”) üzvü Sabir Hüseynov tərəfindən xəstəxananın cərrahiyyə şöbəsinin müdiri İlyas Həmidovun həyatına ümumi təhlükəli üsulla qəsd etmək məqsədi ilə gətirildiyini müəyyənləşdirib. Həmin vaxt əməliyyat-axtarış tədbirləri nəticəsində Sabir Hüseynov təqsirləndirilən şəxs qismində saxlanılıb.

Sabir Hüseynov 1995-ci il mart dövlət çevrilişi cəhdinin fəal iştirakçılarından olmaqla 1996-cı ildə Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 70-ci (banditizm) və 220-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. O, 1999-cu ildə əfv olunaraq azadlığa çıxıb.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 436

Oxşar yazılar