“Meşə qardaşları”nın məhkəməsində şahidlər ifadə veriblər
07 sentyabr 2009 13:00 (UTC +04:00)

“Meşə qardaşları”nın məhkəməsində şahidlər ifadə veriblər

Vəkillə dövlət ittihamçısı arasında mübahisə yaranıb

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Meşə qardaşları” adlı qruplaşma yaradaraq bir sıra cinayətlər törətməkdə, o cümlədən Nərimanov rayonunda yerləşən “Əbu-Bəkr” məscidində terror aktı törətməkdə təqsirləndirilən 26 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər Şəmsi Şıxbabayev və Günel Məmmədova təqsirləndirilən şəxslərin yaxın qohumları olduqlarından məhkəmə onların bu qisimdə ifadə verməməklə bağlı istəklərini təmin edib.

Sonra hal şahidləri İlqar Ənvərov, Rəşad Cavadov və Samir Ağakişiyev ifadə veriblər. Hal şahidlərinin ifadələri zamanı prosesdə müdafiə tərəfi ilə prokuror arasında mübahisə yaranıb. İ.Ənvərov hal şahidi olduğu epizodları xatırlamadığından vəkil Elman Osmanov adıçəkilən şəxsin cinayət işinin sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırıb.

Prokuror Mürvət Həsənov vəsatətə etiraz etmədiyini bildirib. Məhkəmə müdafiə tərəfinin vəsatətini qəbul edərək, İlqar Ənvərovun cinayət işinin sübutlar siyahısından çıxarılması barədə vəsatətini təmin edib.

Hal şahidi Rəşad Cavadovun ifadəsi zamanı isə vəkil Müzəffər Baxışovla dövlət ittihamçısı arasında mübahisə yaranıb. Buna səbəb vəkilin R. Cavadov barəsində “Cavadov yalan ifadə verir. Bunun kimiləri ifşa olunmalıdır” deməsi olub. Prokuror isə M.Baxışovun hal şahidi haqqında dediklərini məhkəmənin işinə qarışmaq kimi qiymətləndirib. Prokuror məhkəmədən müdafiəçinin bu hərəkətini vəkil etikasına əməl edilməməsi kimi qiymətləndirilməsini xahiş edib.

Hal şahidi Samir Ağakişiyevin ifadəsi ilə protokolda qeyd olunanlar ziddiyyət təşkil etdiyindən, müdafiə tərəfi məhkəmədən protokolun saxta olması haqda qərar çıxarmasını xahiş edib. Məhkəmə isə bu məqama sonda münasibət bildiriləcəyini söyləyib.

Prosesdə “Abdulla” ləqəbli Azər Misirxanovun rəhbərlik etdiyi qanunsuz silahlı birləşmənin tərkibində xüsusi təlimlərdə və döyüş əməliyyatlarında iştirakda təqsirləndirilərək saxlanılan Asif Əmikişili şahid qismində ifadə verib. O, təqsirləndirilən Qüdrət Məlikova elektrodetonator və digər partlayıcı maddələrin hazırlanmasını öyrətməsi ilə bağlı danışıb.

Proses sentyabrın 8-də davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Zabit Şıxbabayev, Fariz Məmmədov, Samir Babayev, Anar Vəlimətov, Rasim İsgəndərov, Elşən Allahverdiyev, Rafiq Ağacanov, Taleh Məhərrəmov, Teymur Nərimanov, Kamran Bozorgi, Azər Baxışov, Musa Orucov, Aleksandr Nurəliyev, Məmməd Məmmədov, Elxan Osmanov, Zaur Cəfərov, Rüfət Rzayev, Sərdar Bünyatov, Rusiya vətəndaşı Maqomed İsayev, Türkiyə vətəndaşları Yamin Ali və Özdəmir Ergin Zaqatala rayonundan olan “Əbdülməcid” ləqəbli İlqar Mollaçiyev, onun qaynı “Süleyman” ləqəbli Samir Mehdiyevlə cinayət əlaqəsinə girərək, Azərbaycanda iğtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər. Onlar “Əbu-Bəkr” məscidində partlayış törətməkdə və digər cinayətkar əməllərdə günahkar bilinirlər. Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 214-cü (terrorçuluq), 120-ci (qəsdən adamöldürmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar