İş adamının qətlini sifariş verən polis rəisinin məhkəməsi başlayıb
24 avqust 2009 13:00 (UTC +04:00)

İş adamının qətlini sifariş verən polis rəisinin məhkəməsi başlayıb

Azərbaycanda iş adamının ölümünə sui-qəsd hazırlamaqda ittiham olunan Ağcabədi rayonunun (paytaxt Bakıdan 260 kilometr cənub-qərbdə yerləşir) polis şöbəsinin və icra hakimiyyətinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Ağcabədi Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi polis mayoru İbrahim Ağamirov, Ağcabədi Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri vəzifəsində işləyən Bulud Quliyev, Ağcabədi rayon sakinləri Şahbaz Cəlilov və Ələkbər Ələkbərov bu ilin aprel-may aylarında Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini Füzuli Rüstəmova məxsus əmlakın yandırılması və partladılması, həmçinin onun öldürməsi üçün hazırlığa başlayıblar.

Ağamirov xidmət etdiyi ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rüstəmovla aralarındakı şəxsi münasibətlər zəminində ondan qisas almaq niyyətilə onun rayonun girəcəyində yerləşən "Yəhya-Petrol" yanacaqdoldurma məntəqəsini yandırmaq və partlatmaq, sonra isə onu öldürmək qərarına gəlib.

Ağamirov bu məqsədlə tanışı Quliyevə yanacaqdoldurma məntəqəsini yandırmağı və partlatmağı, bundan sonra isə Rüstəmovu öldürməyi sifariş verib.
Quliyev isə sifarişin icrası üçün tanışı, qəsdən adamöldürmə cinayəti törətdiyinə görə əvvəllər məhkum olunmuş Cəlilova yanacaqdoldurma məntəqəsini partlatmağı və qətli tapşırıb, bunun müqabilində 3 min, qətl üçün isə 10 min ABŞ dolları verəcəyini vəd edib.

Cəlilov tanışı, əvvəllər məhkum olunmuş Ələkbərova həmin cinayətkar razılaşma barədə bildirib və bu cinayətin müqabilində onlara ödəniləcək 3 min ABŞ dollarından 1 minini özünə götürəcəyini, 2 min ABŞ dollarını isə ona verəcəyini vəd edib. Quliyev və Ələkbərov qeyd olunan yanacaqdoldurma məntəqəsinin mayın 2-də gecə saat 01:03 radələrində yandırılması və partladılması barədə razılaşıblar.

Quliyev ilkin olaraq "Yəhya-Petrol" yanacaqdoldurma məntəqəsini yandırmağı və partlatmağı Ələkbərova tapşırıb və bu işin görülməsi üçün ona 500 ABŞ dolları məbləğində beh verib, pulun qalan hissəsini isə tapşırıq icra edildikdən sonra ödəyəcəyini vəd edib.
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri ilə bu təhlükəli cinayətin qarşısı vaxtında alınıb.

Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən hazırlıq iclasında vəkillər cinayət işinə xitam verilməsi və onun yenidən araşdırılması üçün prokurorluğa göndərilməsi barədə vəsatət verib. Vəsatət təmin olunmayıb. Vəkillərdən biri cinayət işi ilə tanışlıq üçün məhkəmədən vaxt istəyib. Bu səbəbdən də proses avqustun 31-dək təxirə salınıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürməyə hazırlıq (28,120.2.1-ci), tamah məqsədi ilə və ya sifarişlə adam öldürməyə hazırlıq (28,120.2.5-ci), özgənin əmlakını qəsdən məhvetmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törətməyə cəhd (29,186.2.1-ci) və özgənin əmlakını qəsdən məhvetmə, zədələmə və yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törətməyə cəhd (29,186.2.2-ci) maddələri ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399

Oxşar yazılar