Qamət Süleymanov: “Ticarət işlərilə bağlı Dubaya gedib-gəlirəm” - MÜSAHİBƏ
20 avqust 2009 20:00 (UTC +04:00)

Qamət Süleymanov: “Ticarət işlərilə bağlı Dubaya gedib-gəlirəm” - MÜSAHİBƏ

“Həcc ziyarətində 7 dəfə olmuşam, ancaq bu il getməyəcəm”

“Nərimanov rayon dindarları” dini icmasının rəhbəri, “Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanovun Lent.az-a müsahibəsi

- “Əbu-Bəkr” məscidində partlayış törədilməsindən və məscidin fəaliyyətinin dayandırılmasından bir il ötdü. Məscidlə bağlı son durum necədir?

- Ötən bir ildə biz dəfələrlə məscidin məhkəmə yolu ilə açılması istiqamətində cəhdlər göstərmişik. Lakin indiyədək də məscid açılmır, iş uzadılır ki, bunun da səbəbləri bizə məlum deyil. Heç bir tərəf də bunun səbəbini demir. Düzdür, əsas səbəb istintaqın aparılması idi, bu proses də artıq çoxdan bitib. Bəs ondan sonra məscid niyə açılmayıb, bax bu bizə məlum deyil.

- Sizcə, məsciddə partlayış törədənlər öz cəzalarına çatıblarmı?

- Onların bəziləri hələ də tutulmayıb, ancaq bəziləri tutulub və məhkəmələri gedir. Ancaq tutulmayanların da cəzasını Allah verəcək. Məncə, parlayış törədənləri məhkəmədən qabaq Allah cəzalandıracaq.

- Məhkəmənin gedişindən narazılığınız yoxdur?

- Mən də məhkəmə zamanı zərərçəkmiş qismində ifadə vermişəm. Oradakıların çoxunu tanımıram, ancaq məhkəmənin gedişini ədalətli sayıram.

- Azərbaycanda Həcc ziyarəti üzrə kvota 6 mindən 2 minə salındı. Buna münasibətiniz necədir?

- Necə məsləhətdir, elə də etsinlər. Həcc İslamın beş şərtindən biridir, kimin imkanı var, gedib ziyarət edəcək. Biz Həcc ziyarətinə neçə min insanın getməsinə qarışmırıq. Ona görə də əlavə heç nə deyə bilmərəm.

- Sizin tərəfdarlarınızdan bu il Həcc ziyarətinə gedən olacaqmı?

- Sünni camaatından hər il gedən olur, bu il də gedəcəklər.

- Siz özünüz bu il həmin ziyarətə gedəcəksinizmi?

- Yox.

- Ümumiyyətlə, indiyədək Həcc ziyarətində neçə dəfə olmusunuz?

- Yeddi dəfə.

- Hazırda Sizin ölkədən kənara çıxmağınızla bağlı heç bir qadağa yoxdur ki?

- Yox, mən rahat gedib-gəlirəm. Axırıncı dəfə bir ay əvvəl Dubayda olmuşam.

- Sirr deyilsə, bu səfər nə ilə bağlı idi?

- Sadəcə, üçillik rezident-vizam var, getmişdim onun vaxtını artırmağa.

- Dubaya adətən hansı işlə bağlı gedirsiniz?

- Əsasən ticarət işi ilə bağlı gedirəm. Hər altı ayda bir dəfə Dubayda oluram.

- Deməli, ticarətlə də məşğulsunuz...

- Müəyyən qədər.

- Maraqlıdır, nə alıb-satırsınız?

- Heç nə (gülür). Sadəcə, arada məşğul oluram, kömək edirəm, ümumi şeylərdi.

- Dubaydan gətirdiyiniz mallar “Binə” və ya “Sədərək” ticarət mərkəzlərində satılır, yoxsa başqa yerdə?

- Yox-yox, mənim o ticarət mərkəzlərində yerim yoxdur, sadəcə köməklik edirəm, vəssalam.

- Ramazan ayı başlayır, bununla bağlı nə demək istərdiniz?

- Hamımız gözləyirdik ki, Ramazan ayına qədər məscid açılacaq, indi də gözləyirik. Prezidentə məktubla müraciət edəcəyik ki, bu məsələdə bizə köməklik etsin. Yəni, istəyirik heç olmasa bu Ramazan ayı müddətində məscid açıq olsun.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1433

Oxşar yazılar