Dünya çempionatında tarix yazan avarçəkənlərimiz Bakıda
19 avqust 2009 10:00 (UTC +04:00)

Dünya çempionatında tarix yazan avarçəkənlərimiz Bakıda

13 – 16 avqustda Kanadanın Dartmut şəhərində keçirilmiş kayak və kanoe qayıqlarında avarçəkmə üzrə kişilər və qadınlar arasında dünya çempionatında tarixi uğura imza atan Azərbaycan milli komandası avqustun 18-də gecə saatlarında Vətənə qayıdıb. Lent.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında kanoeçilərimiz Valentin Demyanenko, Sergey Bezuqlıy, Maksim Prokopenkonu, eləcə də kayak və kanoe üzrə milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikov, onun köməkçisi Vasili Kovbanovskini AMAF-ın baş katibi Sərdar Mirzəyev, Bakı şəhər GİBİ-nin rəisi Raqif Abbasov, akademik avarçəkmə üzrə yığma komandamızın məşqçilər heyəti, gənc avarçəkənlərimiz, milli geyimli qızlar və bir qrup azarkeşlə yanaşı, xeyli jurnalist qarşılayıb. Əvvəlcə 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə qızıl medal qazanmış Valentin Demyanenko ictimaiyyət qarşısına çıxıb. 25 – 28 iyunda Almaniyanın Brandenburq şəhərində keçirilmiş Avropa çempionatında da qızıl medal qazanan Demyanenko jurnalistlərə açıqlamasında dünya çempionluğunun ona asanlıqla başa gəlmədiyini bildirib: “Yalnız final yürüşü zamanı finişə çatarkən anladım ki, artıq dünya çempionuyam. Qələbəni asanlıqla qazandığımı deməzdim. Son santimetrlərədək mübarizə getdi. Yekunda mən birinci oldum. Biz artıq Azərbaycanda avarçəkmə ənənələrinin azacıq hissəsini bərpa etmişik. Fikrimcə, bundan da çoxunu bərpa edəcəyik”.

Dünya çempionu 500 metr məsafəyə yürüşdə 8-ci yerlə kifayətlənməsini isə 200 metr məsafəyə yürüşün həlledici mərhələsi ilə aradakı cəmi 1 saatlıq vaxt fərqi ilə izah edib. Kanoeçimiz yarış zamanı ona dəstək verən hər kəsə, o cümlədən ölkə prezidenti İlham Əliyevə təşəkkürünü bildirib: “dünya çempionu olduqdan cəmi 5 dəqiqə sonra mənə zəng etdilər və təbriklərini çatdırdılar. Əsl vaxtında ünvanlanan təbriklər idi. Buna görə hamıya minnətdaram”.

2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə gümüş, 500 metr məsafəyə yürüşdə isə bürünc medal qazanmış Sergey Bezuqlıy – Maksim Prokopenko dueti də yarış haqda təəssüratlarını bölüşüb. Bezuqlıy 1000 metr məsafəyə yürüşün finalında finiş xəttini almaniyalı Erik Leue – Tomaş Vilençek duetdən cəmi 10 saniyə gec keçdiklərini və bunun fotofiniş vasitəsilə müəyyənləşdirildiyini təəssüflə qeyd edib: “Cəmi 10 santimetr məsafə qızıl medalın taleyini həll etdi. Fotofinişin göstəricilərinə əsasən, biz gümüş medalla kifayətlənməli olduq. Qızıl medalı qazanan almaniyalı Erik Leue – Tomaş Vilençek dueti bizim ikinci olmağımızdan şoka düşmüşdü. Onlar bizi təbrik edir, inana bilmirdilər ki, dünya çempionatında qızıl medal qazanmaq üçün azərbaycanlı duetin 99 faiz imkanı olub. Təbii ki, biz də gümüş medal qazandığımız üçün sevinirik. Amma cəmi 10 santimetr məsafənin bizi qızıl medaldan məhrum etdiyini gördükdə kədərlənməyə bilmirik”.

Prokopenko isə 500 metr məsafəyə yürüşdə qızıl medal qazanmalarına finiş xəttinə yaxınlaşarkən sürüşmə fəndini yaxşı yerinə yetirə bilməmələrinin mane olduğunu açıqlayıb. O, ölkə prezidenti İlham Əliyevdən aldıqları təbriklərə də münasibət bildirib: “Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov bu haqda bizi məlumatlandırdı. O, ölkə prezidentinin təbriklərini çatdırdı. Dedi ki, İlham Əliyev şəxsən sizin iştirakınızla keçən yürüşləri izləyib. Əlbəttə, prezidentin bizə azarkeşlik etməsi özümüz üçün çox xoş hadisədir. Buna görə İlham Əliyevə və onun timsalında bütün Azərbaycan xalqına təşəkkür edirik”.

Kayak və kanoe üzrə milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikov isə idmançılarımızın çıxışından yaxşı mənada təəccübləndiyini söyləyib: “İlk dəfə idi ki, dünya çempionatına qatılırdıq. Ona görə də yarışda mümkün qədər uğurla çıxış etmək fikrində idik. Dünya çempionatına yaxşı hazırlaşmışdıq. Heç bir çatışmazlığımız olmadı. Uşaqlar da onlara bəslənən ümidləri doğrultdular”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21