Azərbaycanda iş adamı girov götürülüb
14 avqust 2009 11:30 (UTC +04:00)

Azərbaycanda iş adamı girov götürülüb

Türkiyə və Gürcüstan vətəndaşlığı olan biznesmenə işgəncə verilib

Almaniyalı iş adamı Azərbaycanda girov götürülüb.

Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumatda bildirilir ki, Türkiyə və Gürcüstan vətəndaşlığını daşıyan Cavatay Yaman Zaqatala rayonunun Car kəndi ərazisində yerləşən “Ləzzət” istirahət guşəsində girov saxlanılırmış. Bu barədə Zaqatala rayon Polis İdarəsinə məlumat daxil olan kimi dərhal hadisə yerinə əməliyyat qrupu göndərilib. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində C.Yaman girovluqdan azad edilib.

Onu girov saxlamaqda təqsirli bilinən Naxçıvan Muxtar Respublikasının vətəndaşı, 1961-ci il təvəllüdlü Həsən Cabbarov, Bakı şəhər sakinləri, 56 yaşlı Sabir Sadiqi və 45 yaşlı Qulu Muxtarov polis tərəfindən saxlanılıb. Adıçəkilən şəxslərdən silah sursat və 1 ədəd qandal götürülüb. Hadisənin digər iştirakçılarının tutulması istiqamətində isə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər C.Yamanı 10 gün əvvəl girov götürüblər. Əvvəllər həmin şəxslərdə biznes əlaqəsində olan C.Yaman onlara külli miqdar pul borcu olub. Borcu qaytara bilmədiyi üçün C.Yaman girov götürülüb. Bir müddət Qax rayonunda sonra isə Zaqatalada yerləşən “Ləzzət “ istirahət mərkəzində girov saxlanılan C.Yamana işgəncə verildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Zaqatalada yerləşən “Ləzzət” istirahət mərkəzi hazırda dövlət əleyhinə açıq çağırışlarda təqsirli bilinərək həbs edilən Hacıbəy Zaqatalskiyə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar