Azərbaycan-İran sərhədinin pozulmasının qarşısı alındı
28 iyul 2009 12:30 (UTC +04:00)

Azərbaycan-İran sərhədinin pozulmasının qarşısı alındı

İki nəfər yaralanıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən Cəlilabad rayonunun Kürünc kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan-İran sərhədində Cəlilabad rayonu Məlikqasımlı kəndi yaxınlığında dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən bildirilib. Məlumata görə, iyulun 26-da saat 23.40 radələrində ərazidə xidmət aparan sərhəd naryadı dövlət sərhədini pozmuş iki nəfər şəxsi müşahidə edərək onları saxlamaq üçün tədbirlər görüb, sərhəd pozucuları naryadın dayanmaq barədə tələblərinə tabe olmayaraq qaçmağa cəhd göstəriblər. Bunu görən sərhədçilər havaya xəbərdarlıq atəşi açıblar. Sərhəd pozucularının xəbərdarlıq atəşinə məhəl qoymayaraq, qaçmalarını görən sərhəd naryadı təlimata uyğun olaraq onlara qarşı silah tətbiq ediblər.
Həyata keçirilmiş axtarış tədbirləri nəticəsində taxıl zəmisində gizlənən iki nəfər sərhəd pozucusu yaralı vəziyyətdə aşkarlanıb, onlara zəruri tibbi yardım göstərilib və həmin şəxslərin Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş, 1955-ci il təvəllüdlü Hüseynov Yaşar Əbil oğlu və 1989-cu il təvəllüdlü Musayev Niyaməddin Ramiz oğlu olması müəyyənləşdirilib.

Hadisə yerindən sərhəd pozucularına məxsus 1 kiloqram narkotik maddə olan həşiş qətranı, bir ədəd telefon aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724

Oxşar yazılar