Rusiyada 7 azərbaycanlı öldürən şəxslərin istintaqı başa çatıb
01 iyul 2009 10:45 (UTC +04:00)

Rusiyada 7 azərbaycanlı öldürən şəxslərin istintaqı başa çatıb

Onlar bir ailədən 5 nəfəri amansızlıqla öldürüblər, 2 körpəni isə diri-diri yandırıblar

Rusiya Federasiyası Prokurorluğunun İstintaq Komitəsinin Xakasiya Respublikası üzrə İstintaq İdarəsi 2008-ci ilin dekabrında respublikanın Şirin rayonunun Son kəndində törədilən qanlı cinayətlə bağlı cinayət işinin istintaqını tamamlayıb.

APA-nın “Xakasiya” İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, yerli sakin Valentin Həbibullin və onun dayısı Aleksandr Çərkəz 5 nəfəri amansızlıqla qətlə yetirməkdə, xüsusi amansızlıqla ölümə sui-qəsddə (2 uşağın diri-diri yandırılması), pul oğurluğu və başqasının əmlakını məhv etməkdə ittiham olunurlar.

Xatırladaq ki, amansız cinayətin qurbanları azərbaycanlılar olub. 40 yaşlı sahibkar Alik Fərmanov və onun 42 yaşlı qardaşı Qüdrət yerli bazarda ət alveri ilə məşğul olublar. Onların yanında qəssab işləyən 22 yaşlı yerli sakin V. Həbibullin dayısı ilə birlikdə ətin bir hissəsini oğurlayaraq satırmış. A. Fərmanov bir gün 30 kq ətin yoxa çıxdığını görüb və V. Həbibullini milisə verməklə hədələyib. Oktyabrın 11-də gecə Valentin və dayısı A. Çərkəz bıçaqla silahlanaraq A. Fərmanovun evinə gediblər. Baş verən mübahisə zamanı onlar ev sahibinin bıçaqlayıblar. Alikin 26 yaşlı həyat yoldaşı Taliyə qışqırarkən canilər onu da öldürüblər. Növbəti qurban Qüdrət olub. Qüdrətin 9 yaşlı oğlu qaçmağa çalışarkən qatillər onu kürəyindən bıçaqlayıblar. Bundan sonra V. Həbibullin ailədə qız uşağının da olduğunu xatırlayıb və şahid olmaması üçün 13 yaşlı qızı yatdığı yerdə öldürüb. Cinayətkarlar evdəki 100 min rubl pulu götürüblər və qanlı əməllərinin izlərini silmək üçün evi yandıraraq aradan çıxıblar. Evdəki otaqların birində yatan 4 yaşlı və 1,5 aylıq körpələr içəridə diri-diri yanıblar. Yanğını görən qonşular yanğınsöndürən və milis çağırıblar. Bir qədər sonra V. Həbibullin və A. Çərkəz yaxalanıblar və cinayəti boyunlarına alıblar. Daha əvvəl də ağır cinayət törətmiş hər iki şəxsi ömürlük həbs cəzası gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807

Oxşar yazılar