Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi 104 cinayət işini tamamlayıb
17 yanvar 2011 15:50 (UTC +04:00)

Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi 104 cinayət işini tamamlayıb

Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar həyata keçirilmiş tədbirlərin səmərəliliyinin göstəricisi kimi aparılmış istintaqla müəyyən edilib ki, “Access Bank” Qapalı Səhmdar Cəmiyyətinin Bakıxanov filialının aparıcı mütəxəssisi Vəliyev Kənan Nizami oğlu cəmiyyətin Bakıxanov filialı ilə “Kapital” mebel mağazasının guya sahibi Vəliyev Elçin Heydər oğlu arasında bağlanmış müqavilə əsasında sonuncunun adına hesab açılmasından istifadə edərək hüquq verən rəsmi sənədləri saxtalaşdırıb, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özünü qanunsuz olaraq həmin hesaba qoşmaqla Elçin Vəliyevin hesabından və bloklaşdırılmayan depozit girov hesabından 42.032 manat nağd pulu çıxararaq ələ keçirib.

Bundan başqa, Kənan Vəliyev "Kapital" mebel mağazasının sahibi kimi fiziki şəxs Mustafayev Etibar Qəlandar oğlu ilə cəmiyyətin Bakıxanov filialı arasında pərakəndə kredit sahəsində bağlanmış müqavilə əsasında tərtib olunmuş sənədləri saxtalaşdırıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus külli miqdarda əmlakı ələ keçirib.

İstintaqla həmçinin müəyyən edilib ki, "Access Bank" QSC-nin departament rəhbəri Qazıyevə Samirə Oqtay qızı, həmin cəmiyyətin Bakıxanov filialının rəhbəri vəzifəsini icra etmiş Süleymanov Səbuhi Elman oğlu və həmin filialın şöbə rəisi Nəzərov Emil Cabbar oğlu özləri və üçüncü şəxslər üçün qanunsuz üstünlük qazanmaq məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin və hüquqi şəxsin qanunla qorunan mənafelərinə mühüm zərər vurublar.

Kənan Vəliyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 184.2.2, 184.2.3, 310 və 320.1-ci maddələri, Etibar Mustafayevin Cinayət Məcəlləsinin 178.3.2, 192.1, 213.1 və 320.1-ci maddələri, Samirə Qazıyeva, Səbuhi Süleymanov və Emil Nəzərovun Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirmələrinə dair cinayət işi üzrə istintaq tamamlanaraq, baxılması üçün Ağır Cinayətlərə dair İşlər Məhkəməyə (Bakı Ağır Cinayətlər Məhkəməsi) göndərilib.

İstintaqla müəyyən edilib ki, Allahverdiyev Əbülfət Müzəffər oğlu "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin Yasamal rayon Qaz İstismarı İdarəsinin sənaye qrupunun rəhbəri və Yasamal rayon Qaz İstismarı Sahəsinin sənaye obyektləri üzrə xidmət rəisi vəzifəsində işləyərkən Bakı şəhəri, Bunyatzadə küçəsi 2, mənzil 130-da yaşayan Şahnazarov Zakir Rəsul oğlunun faktiki istifadəsində olan çörəkbişirmə sexinin etibarlı qaz təchizatını təmin etmək və bununla da sahibkarlıq fəaliyyətinə mane olmamaq, yəni xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq müqabilində adı çəkilən şəxsdən 2009-cu ilin may ayından dekabr ayına kimi cəmi 350 manat pulu rüşvət kimi alıb.

Bundan başqa, Əbülfət Allahverdiyev öz həqiqi və güman edilən təsir imkanlarından istifadə edərək qeyd edilən çörəkbişirmə sexinin qazlaşdırılması ilə bağlı müvafiq vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir etmək məqsədilə Zakir Şahnazarovdan 2009-cu ilin dekabr ayında 2.400 manat pul alıb.

Əbülfət Allahverdiyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 və 312-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməyə göndərilib.

Aparılmış istintaqla Şükürov Azər Əkbər oğlunun "AER" firmasının icraçı direktoru vəzifəsində işləyərkən, 2009-2010-cu illər ərzində 25.693 manat məbləğində əmək haqlarını rəsmi mühasibatlıq hesabatlarından gizlədərək tamah niyyəti ilə vergi orqanlarına təqdim edilən bəyannamələrdə, Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən hesabatlarda, həmçinin firmanın xəzinə kitablarında, əmək haqqı vermək üçün ödəniş cədvəllərində və digər mühasibatlıq sənədlərində satışa buraxılmış məhsulların dəyəri, ödənilmiş məbləğlər və əmək haqları barədə bilə-bilə yalan məlumatların daxil edilməsini təşkil edib həmin sənədləri firmanın direktoru kimi imzalayıb möhürlə təsdiqləyərək vəzifə saxtakarlığı etməklə 177.371 manat məbləğində vergiləri ödəməkdən yayınaraq dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması müəyyən edilib.

Bundan başqa, Azər Şükürov öz cinayət əməllərini davam etdirərək dondurma məhsullarının dövlət standartına əsasən maksimal saxlanma müddətinin 1 ay olduğu halda, firmada istehsal olunaraq satışa buraxılmış dondurma məhsullarının etiketlərində və bükmə materiallarında saxlama müddətlərinin 6-12 ay göstərilməsini təşkil edib bu məqsədlə firmada dondurmanın istehsalı, saxlanması və satışı üçün Texnoloji Təlimat tərtib edərək, uyğunluq sertifikatı olmadığı halda dondurma istehsalını davam etdirib.

Göstərilənlərlə yanaşı, İqtisadi İnkişaf Nazirliyi tərəfindən "AER" firmasında yoxlama aparıldığı zaman firmanın istehsal etdiyi satışa hazır dondurmalarda tərkibində bakteriyaların olduğu aşkar edilərək həmin məhsulların məhv edilməsi və ticarət şəbəkələrindən geri yığılması barədə göstərişlərin verilməsinə baxmayaraq, Azər Şükürov insan orqanizmi üçün təhlükəli olan dondurma məhsullarını istehsal edib satmaqla malların istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçıları aldadaraq, onların hüquqlarına və qanuni mənafelərinə, habelə istehlak bazarını tənzimləyən dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

Azər Şükürovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.2, 200.2.3, 213.2.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilib.

Əliyev Sahibəli İmran oğlu Teleradio İstehsalat Birliyinin Mərkəzi Radio-Televiziya Yayım Filialının rəisi vəzifəsində işləyərkən özgə əmlakını talamaq məqsədilə filialın baş mühasibi İbadova Məhəbbət Seyfəddin qızı və mühasibi İbrahimova Şəlalə İsgəndər qızından ibarət mütəşəkkil dəstə təşkil etməklə, öz qulluq mövqeyindən istifadə edərək filialın külli miqdarda əmlakını, yəni 612.746 manat məbləğində vəsaiti mənimsəmə və israf etməklə talamış, vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib.
Sahibəli Əliyev, Məhəbbət İbadova və Şəlalə İbrahimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 313 və 314.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməyə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722

Oxşar yazılar