Ali Məhkəmə Eynulla Fətullayevlə bağlı məlumat yaydı
08 dekabr 2010 18:18 (UTC +04:00)

Ali Məhkəmə Eynulla Fətullayevlə bağlı məlumat yaydı

Ali Məhkəmədən APA-ya daxil olan məlumatda bildirilib ki, mətbuatda Ali Məhkəmənin Plenumunun E. Fətullayevin barəsində bu il noyabr 11-də qəbul etdiyi qərarda guya onun həbs müddətinin artırılması barədə məlumat dərc olunub.

Məhkəmənin məlumatında bildirilib ki, bu qurumun məhkumun cəzanın artırılması və ya onun vəziyyətinin başqa cür ağırlaşdırılması haqqında qərar qəbul etmək səlahiyyəti yoxdur.

E. Fətullayevin barəsində bu ilin 11 noyabrında Plenumun qəbul etdiyi birinci qərarla məhkum haqqında xüsusi ittiham qaydasında iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarı ləğv edilib, həmin işin icraatına xitam verilib.

Plenumun ikinci qərarı ilə E. Fətullayevin barəsindəki kassasiya kollegiyasının qərarı yalnız iki ittiham üzrə hissəvi ləğv edilib, bu hissələrdə cinayət işinin icraatına xitam verilib. Həmin iş üzrə E. Fətullayev, həmçinin vergidən yayınma cinayətini törətdiyinə görə də 4 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bu cinayəti o, Yasamal Rayon Məhkəməsinin 2006-cı il 26 sentyabr tarixli hökmü ilə (həmin hökmlə E. Fətullayevə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib) tətbiq olunmuş şərti məhkumetmə dövründə törətdiyinə görə, Plenum hökmlərin məcmusu qaydasında cəzaların təyin edilməsini tənzimləyən cinayət qanunu normalarına əsaslanaraq (CM-in 67.1-ci maddəsi) məhkumun haqqında birinci hökmlə və sonuncu hökmlə təyin edilmiş cəzaları qismən birləşdirməklə onun üzərində qəti olaraq 2 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlayıb. Bu cəzanı tam çəkdiyini, habelə xüsusi ittiham qaydasında iş üzrə icraata xitam verilməsini nəzərə alaraq Plenum baxılmış işlər üzrə E. Fətullayevin həbsdən azad edilməsini qərara alıb.

Məlumatda bildirilib ki, Plenumun E. Fətullayevlə bağlı qəbul etdiyi qərar Avropa Məhkəməsinin bu ilin 22 aprelindəki qərarında müəyyən edilmiş tələblərə tam uyğundur. Plenumun qərarı ilə məhkuma istər vergidən yayınma cinayətinə görə, istərsə də hökmlərin məcmusu üzrə təyin edilmiş cəzaların müddətləri nəinki artırılmayıb, əksinə qəti cəzanın müddəti azaldılıb, bununla da məhkumun vəziyyəti yüngülləşdirilib.

E. Fətullayevin həbsdə saxlanılması onun cəzaçəkmə müəssisəsində törətdiyi başqa cinayətlə əlaqədar olub. Həmin cinayətlə bağlı yalnız birinci instansiya məhkəməsi tərəfindən baxılmış iş Ali Məhkəmə Plenumunun müzakirə predmeti olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460

Oxşar yazılar