Analığını güllələyən Şəki sakini məhkəmədə ifadə verdi
11 noyabr 2010 18:52 (UTC +04:00)

Analığını güllələyən Şəki sakini məhkəmədə ifadə verdi

Lent.az-ın məlumatına görə, məhkəmədə ifadə verən təqsirləndirilən şəxs Tərlan Məhərrəmov bildirib ki, analığını qonşusu Vaqif Lətifovdan aldığı ov tüfəngi ilə öldürüb.

Məhkəmə prosesi zamanı məlum olub ki, təqsirləndirilən Tərlan Məhərrəmov quş ovlamaq adı ilə qonşusundan bu ilin aprel ayında aldığı silahı özündə saxlayıb, müxtəlif bəhanələr gətirərək sahibinə qaytarmayıb. 20 iyun 2010-cu ildə Şəkinin Çeşməli kəndində məclislərin birində iştirak edib. Mahnı sifarişi vermək istədiyi vaxt cibində pulu olmadığından atasına zəng vurub. Atası isə ona kəndin yolunda «Qoşa Bulaq» adlanan kafeyə yaxın olduğunu və ora gəlib onu gözləməyi məsləhət verib. Kafedə görüşən ata-balanın mübahisəsi isə Tərlanın analığının ünvanına nalayiq ifadələr işlətməsindən sonra yaranıb.

İçkili vəziyyətdə analığının ünvanına nalayiq sözlər işlətdiyindən, atası Nazim Məhərrəmov bundan qəzəblənib və bütün bu olanlara oğlunun arvadı İlahənin günahkar olduğunu bildirib. Bu zaman Tərlan kafeni tərk edərək, yaşadıqları evə gəlib. O, evdə saxladığı ov tüfəngini götürüb və analığı Sahibə Nağıyevanın evin arxa tərəfindən çıxdığını görəndə qoşalülə tüfəngdən ona atəş açıb. Aldığı xəsarətdən analığı dərhal keçinib.

Məhkəmə istintaqı zamanı şahid ifadələrindən də bəlli olub ki, təqsirləndirilən Tərlan Məhərrəmov atasının evlənməsinə heç vaxt etiraz etməyib. Hətta 2009-cu ildə analığı Sahibə Nağıyevanın elçiliyində özü bilavasitə iştirak edib.

Məhkəmə prosesi növbəti şahid ifadələri ilə noyabrın 18-də davam etdiriləcək.

Natiq Qədimov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686

Oxşar yazılar