İrandan Azərbaycana heroin keçirən şəxs tutulub
06 noyabr 2010 15:12 (UTC +04:00)

İrandan Azərbaycana heroin keçirən şəxs tutulub

DGK-dan APA-ya verilən xəbərə görə, komitənin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə bir qrup İran vətəndaşının Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirəcəyi barədə məlumat daxil olub. Bu məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində oktyabrın 27-də Cəlilabad rayonunun Boyxanlı kəndi ərazisində cinayətkar qrupun üzvlərindən biri - Şəhriyar Fədakar Kəlansəra Bəhram oğlu saxlanılıb. Onun qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirdiyi qara rəngli, üzərində “PREMİERSHİP” sözləri yazılmış bel çantasında 7 ədəd müxtəlif ölçülü, polietilen selofana bükülmüş və şəffaf yapışqan lentlə sarınmış şəkildə bağlamalardan ümumi xalis çəkisi 7090 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb. Bu faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.

İlkin araşdırma zamanı məlum olub ki, İran vətəndaşı Ş. F. Kəlansəra şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək oktyabrın 26-da İran İslam Respublikasının Germiş şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 7 ədəd bağlamaya qablaşdırılaraq ümumi xalis çəkisi 7090 qram narkotik vasitə olan heroin alaraq onu qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirib. Oktyabrın 27-də Ş. F. Kəlansəra həmin narkotik vasitələri satmaq istəyərkən Cəlilabad rayonunun Boyxanlı kəndi ərazisində Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaxalanıb. Qrupun digər üzvləri isə silahlı müqavimət göstərərək hadisə yerindən qaçıblar.

Şübhəli şəxs qismində saxlanılan Şəhriyar Fədakar Kəlansəra Bəhram oğluna qarşı Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib və Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayətkar qrupun digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq hərəkətləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613

Oxşar yazılar