Saxta yolla pensiya alanlar cəzalandırılıb
29 oktyabr 2010 14:07 (UTC +04:00)

Saxta yolla pensiya alanlar cəzalandırılıb

Ölkədə saxta əməkhaqqı arayışları əsasında yüksək pensiya alanların işinin araşdırılması demək olar ki, başa çatıb. Artıq təsdiqini tapmış bu məlumatlar əsasında həmin pensiyaların 95 faizə qədəri ləğv olunub.

Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov YAP qərargahında keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, saxta əməkhaqqı arayışı ilə yüksək pensiya alanlara ödənmiş vəsaitlər də geri ödənilib: “Bu iş bütün ölkə üzrə aparılıb və hamısı ləğv olunub. Düzdür, bunların hamısı arxivlərdən gələn sənədlərə əsaslanırdı. Ancaq biz komissiya təşkil etdik, yerlərdə yoxlamalar apardıq və çoxunun qeyri-qanuni olduğu təsdiqləndi. Yəni həmin pensiyaçılara verilən sənədlərdə əvvəlki rəqəmlər pozulub yenidən düzəldilib. Pensiyaçılar isə deyirdilər ki, onların bu işdə günahı yoxdur, arayışı belə veriblər. Biz isə dedik gedib versinlər məhkəməyə. Məhkəmə qərar çıxarsa ki, həmin arayışlar sonradan düzəldilmiş rəqəmlər əsasında verilməyib, onda biz onu qəbul edəcəkdik. Ancaq biz ümumilikdə onların 95 faizini ləğv etdik”.

Səlim Müslümov deyib ki, saxta əməkhaqqı arayışları əsasında yüksək pensiya alanların mütləq əksəriyyəti vaxtilə özəl sektorda çalışmış şəxslər olur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1003

Oxşar yazılar