Ağstafadakı qətllə bağlı rəsmi məlumat yayıldı
13 avqust 2010 13:00 (UTC +04:00)

Ağstafadakı qətllə bağlı rəsmi məlumat yayıldı

Avqustun 13-də gecə saatlarında Ağstafada törədilmiş qətlin təfərrüatları ilə bağlı Respublika Baş Prokurorluğu məlumat yayıb.


Lent.az-ın prokurorluğun rəsmi saytına istinadən verdiyi məlumata görə hadisəni törədən şəxs tutulub. Məlumata əsasən, saat 00:35-də Ağstafa rayonunun Zəlimxan kənd sakini, 1984-cü il təvəllüdlü Həsənov Kamil Rəfail oğlunun üzərində kəsici-deşici alətlə xəsarəti olan meyiti təcili tibbi yardım maşını ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


İlkin araşdırmalarla müəyyən edilib ki, Zəlimxan kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Mühüt Sahib oğlu həmin gün saat 00:10 radələrində yaşadığı evin qarşısında həmkəndlisi Kamil Həsənovla şəxsi münasibətlər zəminində mübahisə edib dalaşarkən sol qoltuqaltı nahiyəsindən mətbəx bıçağı ilə bir zərbə vuraraq onu qəsdən öldürüb. Daha sonra hadisə yerindən qaçıb gizlənib.


Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub.

Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən M. Hüseynov həmin gün saat 03:00 radələrində Qazax şəhərində tutularaq istintaqa cəlb edilib.


M. Hüseynov şübhəli şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib. Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 316

Oxşar yazılar