Göyçayda müstəntiq işdən çıxarılıb
11 avqust 2010 12:30 (UTC +04:00)

Göyçayda müstəntiq işdən çıxarılıb

Göyçay Rayon Prokurorluğunun müstəntiqi Avtandil Babayev vəzifəsindən azad edilib.


Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, xidməti və icra intizamının pozuntusuna, icraatında olan konkret material üzrə araşdırma zamanı qanun pozuntuları və ciddi nöqsanlara yol verdiyinə, əvvələr barəsində tətbiq edilmiş intizam tənbehi tədbirindən lazımi nəticə çıxarmadığına görə Baş Prokurorluq üzrə 10 avqust 2010-cu il tarixli əmrlə Göyçay rayon prokurorluğunun müstəntiqi Avtandil Babayev tutduğu vəzifədən azad edilib.


Baş Prokurorluq tərəfindən Göyçay rayon sakini Nəriman Ağayevin şikayət ərizələri üzrə aparılmış araşdırmalarla müəyyən edilib ki, müstəntiq A.Babayev tərəfindən N.Ağayevin qızı Zümrüdün 20 noyabr 2009-cu il tarixdə yaşadığı evdə ölməsi faktı ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılması təmin edilmədiyinə görə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş qərar Baş Prokurorluqda əsassız hesab olunmaqla ləğv edilib.


Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsi tərəfindən aparılan əlavə araşdırma zamanı, 03 iyul 2010-cu il tarixdə qanunla müəyyən edilmiş qaydada meyit eksqumasiya olunmaqla, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən təkrar komisiyon məhkəmə-tibbi ekspertizası keçirilmiş və nəticədə Birliyin Göyçay rayon şöbəsinin eksperti E.Əmiraslanov tərəfindən Z.Ağayevanın meyiti daxili müayinə edilmədiyi halda, məhkəmə-tibbi müayinə haqqında akt tərtib edilərkən saxtakarlığa yol verildiyi, həmin aktda müstəntiq A.Babayevin daxili müayinə zamanı iştirakı göstərilsə də, sonuncunun meyitin ilkin daxili müayinəsində iştirak etmədiyi və qeyd edilən pozuntuların aradan qaldırılması üçün vaxtında tədbirlər görmədiyi müəyyən edilib.


Baş Prokurorluq tərəfindən eyni zamanda, vəzifə saxtakarlığı faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaqın gedişində bütün məsələlərə müvafiq hüquqi qiymətin verilməsi təmin olunacaq.



Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar