AXCP sədrinin müşavirinin məhkəməsi başladı
03 avqust 2010 12:30 (UTC +04:00)

AXCP sədrinin müşavirinin məhkəməsi başladı

Əli Kərimlinin müşaviri Qalib Məmmədrzayev quldurluqda təqsirləndirilir

Avqustun 3-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin müşaviri Qalib Məmmədrzayev və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə quldurluqda təqsirləndirilən şəxslər Elnur Mirzəliyev, Qalib Məmmədrzayev, Hüseyn Qurbanov, Racu Mehrəliyev və Mirzə Ağayevin cinayət işi üzrə məhkəmə baxışı avqustun 12-ə təyin olunub.

İttihama görə, 2009-cu il noyabrın 23-də Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 36, mənzil 52 ünvanında yerləşən evə maskalı şəxslər tərəfindən basqın olub. Bu zaman evdə iki azyaşlı uşaq olub. Həmin şəxslər evdə olan azyaşlılar Əmir Kərimlini və onun tanışı Qədir Azadlını tapança ilə hədələyib uşaqların əl-qolunu bağlayaraq mənzildə axtarış aparıblar. Maskalı şəxslər evdən 200 min dollar və külli miqdarda qızıl zinət əşyaları aparıblar.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sözügedən mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləmiş Mirzə Ağayev verib. Mirzə Ağayev isə bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb.

Qabil Məmmədrzayev tanışı Racu Mehrəliyevə Ruqayə Məmmədovanın evində külli miqdarda pulun olması barədə xəbər verib. Racu Mehrəliyev və Elnur Mirzəliyev evin sahiblərini bir müddət izlədikdən sonra mənzili soymaq qərarına gəliblər.

Bu zaman Racu Mehrəliyev binanın həyətində gözləyib. Mənzilə isə Hüseyn Qurbanov və Elnur Mirzəliyev daxil olub.

Nəsimi Rayon Polis İdarəsi 19-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törədənlər tutularaq istintaqa təhvil veriliblər. Onlardan 1 ədəd beşbarmaq, 7 ədəd müxtəlif çaplı patron, 1 ədəd videokamera, 4900 dollar və 400 manat götürülüb.


Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddəsi ilə ittiham olunurlar.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar