Vəkillər ADNA terroru ilə bağlı təqsirləndirilənlərə bəraət istəyir
30 iyul 2010 11:00 (UTC +04:00)

Vəkillər ADNA terroru ilə bağlı təqsirləndirilənlərə bəraət istəyir

Təqsirləndirilənlər avqustun 4-də son söz deyəcəklər

İyulun 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ötən ilin aprel ayında baş verən qətliamla bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər. Təqsirləndirilən Cavidan Amirovun vəkili Hüseynxan Mustafayev çıxışında dövlət ittihamçısının cəza istəyərkən ibtidai istintaqdakı materiallara istinad etdiyini, məhkəmə istintaqı dövründəki sübutlara istinad etmədiyini bildirib. H. Mustafayev məhkəmə istintaqı dövründə cinayət işinin istintaq materiallarında adı cinayətin sifarişçisi kimi hallanan Mardun Qumaşyan və digərlərinin barəsində cinayət işinin ayrılmasının aydın olmadığını söyləyib: “Məhkəmə istintaqı dövründə şahid qismində dindirilən Zemfira Hüseynli ifadəsində bildirdi ki, hadisədən sonra ona göstərilən şəkildəki adam Fərda Qədirova oxşamırdı. Bu hal başqa şahidlərin ifadələrində də öz əksini tapdı. Lakin bu fakt araşdırılmadan qaldı”.

Vəkil istintaq dövründə Nadir Əliyevlə şahid Elmar Mehdiyevin aralarında keçirilən üzləşmənin də sübutlar siyahısından çıxarılmasını istəyib: “Baş Prokurorluq 2009-cu ilin yanvarında Mardun Qumaşyanın həbsi barədə qərar qəbul edib. Lakin M. Qumaşyan İnterpolla axtarışa verilməyib. Onun barəsində olan materiallar Gürcüstan Respublikasına göndərilməyib. Bu fakt da məhkəmədə araşdırılmayıb. Ona görə də bütün bunları nəzərə alaraq, cinayət işinin ibtidai istintaqa qaytarılmasını, istintaqı aparan şəxslərin barəsində xüsusi qərar çıxarılmasını və Cavidan Əmirovun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edirəm”.

Təqsirləndirilən Nadir Əliyevin vəkili Elman Ağayev çıxışında hüququnu müdafiə etdiyi şəxsin cinayətdə iştirak etmədiyini, ona verilən ittihamların yanlış olduğunu söyləyib: “İttihama inanmalı olsaq, Fərda Qədirovla bağlı videogörüntülərdə Fərda Qədirov tərəfindən təqsirləndirilən şəxslərdən heç birinin adı çəkilməyib. Çəkilən ad yalnız Sergey adlı birisinin adıdır. Bu şəxslərin cinayətdə əli olmayıb. Ona görə də, bu cinayətdə mütəşəkkil dəstədən söhbət belə gedə biməz”.

E. Ağayev ittiham tərəfinin Fərda Qədirovun milliyyəti, dini, irqi və hansı etnosa bağlı olması haqqında məlumat vermədiyini söyləyib: “Cinayətkarın hansı millətə, etnosa məxsus olması mütləq göstərilməlidir.”

Mardun Qumaşyan məsələsinə də toxunan vəkil bildirib ki, onun barəsində nə Azərbaycan, nə də Gürcüstanda cinayət təqibi yoxdur. O, ittiham tərəfinin düzgün ittiham vermədiyini söyləyib: “Nadir Əliyev barəsində olan ittiham Cinayət Məcəlləsinin 307.1-ci (Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsinə tövsif edilməlidir və ona bu maddənin ən yuxarı sanksiya həddində cəza verilməlidir.

Daha sonra təqsirləndirilən Nəcəf Süleymanovun vəkili Səyyarə Əliyeva çıxış edib. O, N. Süleymanovun bu cinayətdə əli olmadığını söyləyərək, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Təqsirləndirilən Ariz Qabulovun vəkili Səyyad Mirzəyev də Ariz Qabulov barəsində olan ittihamın məhkəmə istintaqı dövründə sübuta yetirilmədiyini əsas gətirərək, məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Proses avqustun 4-də təqsirləndirilən şəxslərin son sözləri ilə davam etdiriləcək.

Xatırladaq ki, keçən prosesdə prokuror A. Yusifov təqsirləndirilən Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanovun ömürlük, Ariz Qabulovun isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.


Amirov Cavidan Fərman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 431

Oxşar yazılar