Müdafiə Nazirliyinin baş leytenantı dələduzluqda təqsirləndirilir
28 iyul 2010 15:30 (UTC +04:00)

Müdafiə Nazirliyinin baş leytenantı dələduzluqda təqsirləndirilir

İyulun 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin (TTM) zabiti, baş leytenant Anar Eminovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Lent.az-ın məlumatına görə, hakim Mehdixan Abdullayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Keçmiş bölük komandiri Anar Eminov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

A. Eminov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Proses şahid ifadələri ilə davam etdirilib.

Qeyd edək ki, 2009-cu ilə iyununda Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində (TTM) baş verən qanun pozuntuları ilə bağlı adıçəkilən hərbi hissənin bir qrup yüksək rütbəli zabiti istintaqa cəlb olunub. General-mayor Lənkəran Əliyev TTM rəisi vəzifəsindən çıxarıldıqdan sonra isə hərbi hissənin əksər xidmət sahələrində yoxlamalar başlanıb.

Yoxlama nəticəsində TTM-də külli miqdarda yeyinti faktı müəyyənləşdirilib, Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanılıb. Bundan sonra TTM-in Avtomobil Xidməti rəisi, polkovnik-leytenant Arif Məmmədov, daxili əmrlə Mənzil İstismar Xidmətinin rəisini əvəzləyən, polkovnik-leytenant Elşən Abbasov, yanacaq anbarının rəisi, baş gizir Fikrət Abbasov, əşya xidməti rəisi, mayor Nazim Həsənov və Maliyyə Xidməti rəisi, polkovnik-leytenant İntiqam Mövlanverdiyev isə istintaqa cəlb olunublar.

Adıçəkilən digər hərbi qulluqçuların cinayət işinin ibtidai istintaqı isə ayrı icraatda aparılır.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 747

Oxşar yazılar