MSK-dan “facebook”da təbliğat aparanlara xəbərdarlıq
26 iyul 2010 15:00 (UTC +04:00)

MSK-dan “facebook”da təbliğat aparanlara xəbərdarlıq

“Seçkilərdə iştirak etmək istəyən passiv seçki hüququna malik olan subyektlər bilməlidirlər ki, seçkiqabağı təşviqat yalnız səsvermə gününə ən çoxu 28 gün qalmış vaxtdan başlaya bilər və seçki gününə 1 gün qalmış dayandırılmalıdır. Digər hallarda təşviqat aparmaq qadağandır. Eyni zamanda, əgər həmin şəxslər seçkilərdə iştirak edəcəklərsə, onların təşviqata start verilməzdən təşviqat aparması sonradan qanunsuz hesab edilir. Bu, qanunun tələbidir”. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov “facebook”da bəzi şəxslərin indidən öz “namizədliklərinin” təbliğatının aparmasıyla bağlı mövzunu Lent.az-a şərh edərkən deyib.

Natiq Məmmədov bu cür təşviqat aparmaq niyyətində olan, yaxud aparanların diqqətinə çatdırıb ki, qanunun verdiyi imkanlardan artıq imkanlar əldə etmək cəhdi onların xeyrinə olmayacaq: “Ona görə də arzuolunandır ki, seçki prosesinə qoşulmaq niyyətində olan şəxslər qanunun bu tələblərilə tanış olsunlar. Və bilsinlər ki, hər hansı bir şəxs, gələcək seçkidə iştirak edəcək namizəd bu gün öz təşviqatını aparmırsa – çünki qanun buna imkan vermir – lakin, başqa biri aparırsa, bu, gələcəkdə təşviqat bərabərliyinin pozulması kimi qiymətləndirilir. Çünki təşviqat tərəfləri bərabər imkanlarla təmin edilirlər. Təbii ki, bütün bu deyilənlər seçkidə namizəd qismində qatılmaq niyyətində olanlardan, qatılacaq adamlardan gedir. Seçkilərdə qeydə alınacaq namizəd qismində, o cümlədən hər hansı bir partiyanın, yaxud blokun qeydə alınan namizədi qismində iştirak edən şəxslər birmənalı bilməlidirlər ki, digər opponentləri – gələcəkdə seçkiyə namizəd qismində qatılaraq qanunun tələblərinə cavab verən formada davranış nümayiş etdirəcək namizədlərin və subyektlərin haqqını pozmaq olmaz. Əvvəlcədən təşviqat aparılması əlbəttə ki, bu baxımdan qiymətləndiriləcək”.

Natiq Məmmədov deyib ki, “facebook”da qanunsuz təbliğat-təşviqat materiallarının yerləşdirilməsinin sonradan sübuta yetirilməsi də mümkündür: “Elektron vasitələrlə yayılan materiallar indidən rəsmiləşdirilə və gələcəkdə sübut əhəmiyyəti kəsb edə bilər”.

MSK katibi qeydə alınmış namizədin təbliğat-təşviqat müddətində öz təbliğatını “facebook”da aparıb-aparmamaq imkanları barədə isə konkret danışmayıb: “Bu, çox maraqlı məsələdir. Ancaq bununla bağlı qanunvericilikdə belə bir qayda nəzərdə tutulmayıb. Qanunvericilik prinsipcə təşviqat aparılmasının üsul və vəzifələrini dəqiq müəyyən edib. Orada o cür imkan nəzərdə tutulmayıb”.

Natiq Məmmədov əlavə edib ki, tək bu məsələ ilə bağlı deyil, ümumiyyətlə seçki prosesində qanunvericilikdə nəzərdə tutulmayan, yaxud qanunda nəzərdə tutulanların ziddinə olaraq hər hansı bir fəaliyyət olacaqsa, elə qanunda nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək.

Azərbaycanda parlament seçkiləri bu il noyabrın 7-də keçiriləcək.

Bəzi şəxslər “facebook” sosial şəbəkəsində namizədliyini irəli sürəcəyini açıqlayıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469

Oxşar yazılar