MTN bir ayda 425 kiloqram  narkotik vasitə ələ keçirib
21 iyul 2010 13:30 (UTC +04:00)

MTN bir ayda 425 kiloqram narkotik vasitə ələ keçirib

Narkotik vasitələr Azərbaycan ərazisinə İrandan keçirilir


Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son bir ayda həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 15 nəfər ifşa olunaraq yaxalanıb, onlardan ümumilikdə 425 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb. Bu barədə Lent.az-a MTN-nin İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində “İran-Azərbaycan-Rusiya” marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Həsənov İmran Heydər oğlu, Mahmudov Rahib İmran oğlu və Rusiya Federasiyasının vətəndaşı Cəlalov Camal Mirhüseyn oğlu Sankt-Peterburq şəhərində saxlanılıb. Onlardan 397 kiloqram həşiş aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, dəstə üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, hazırda şəxsiyyəti istintaqla araşdırılan Möhsün adlı İran İslam Respublikasının vətəndaşı həşişin xüsusi qaydada qranit daşların içərisinə qablaşdırılmasını, gəmi vasitəsilə konteynerdə Rusiyanın Həştərxan limanına, buradan isə yük avtomobili ilə Sankt-Peterburq şəhərinə göndərilməsini təşkil edib. Dəstə üzvləri qranit daşları təhvil alarkən cinayət başında yaxalanıblar.

Keçirilmiş digər əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Əliyev Fazil İskəndər oğlu saxlanılaraq, onun idarə etdiyi “Azsamand” markalı avtomobilə baxış zamanı 1 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, qabaqcadan əlbir olaraq, Fazil Əliyevin sifarişinə əsasən hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı satış məqsədilə həmin narkotik vasitənin qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən kənar İrandan Azərbaycan ərazisinə keçirilməsini və Astara rayonunun Telman kəndi yaxınlığında gizlədilməsini təşkil edib. Fazil Əliyev də idarə etdiyi avtomobili ilə həmin yerə gələrək, heroini oradan götürüb, Bakı şəhəri istiqamətində hərəkət edərkən Lənkəran rayonu ərazisində yaxalanıb.

Daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Rufullayev Elizbar İsaxan oğlu, Quliyev Anar Zakir oğlu, Əliyev Ceyhun Naib oğlu və Ağayev Dəyanət Yaşar oğlu saxlanılaraq, narkotik vasitə olan - 16 kiloqram 170,94 qram həşiş qətranı və 17 qramdan artıq heroin aşkarlanaraq götürülüb. Məlum olub ki, adları çəkilən şəxslər, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən gizli surətdə İrandan Azərbaycan ərazisinə gətiriblər.

Növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Babayev Ramiz Qılman oğlu, Quliyev Vüsal Eldar oğlu, Babaşov İlqar Qəzi oğlu, Qarayev Zahir Əzi oğlu və Arayeşkar Tünzalə Həsənpaşa qızı saxlanılaraq, onlardan külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülüb. Müəyyən edilib ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, Tünzalə Arayeşkarın həyat yoldaşı, hazırda İranda yaşayan və bu ölkənin vətəndaşı olan Mahmud Arayeşkar qaçaq yolla Azərbaycan Respublikası Astara rayonunun Təngərüd kəndinin ərazisinə külli miqdarda narkotik vasitələrin keçirilməsini və gizlədilməsini təşkil edib. Ramiz Babayev və Vüsal Quliyev, sonuncunun idarə etdiyi “Mercedes” markalı avtomobil ilə həmin kəndə gələrək, narkotik vasitə olan - 12 kiloqrama yaxın həşiş qətranını və 900 qrama yaxın heroini nişan verilmiş yerdən götürüb Vüsal Quliyevin Astara şəhərində yaşadığı evində gizlədiblər. Əvvəlcədən əldə olunmuş razılığa əsasən, Ramiz Babayev və Vüsal Quliyev narkotik vasitələrdən təxminən 2 kiloqram həşiş qətranını Ramiz Babayevin dayısı İlqar Babaşovla birlikdə Cəlilabad rayonunun Alar kəndində Zahir Qarayevə verib, sonuncu da həmin narkotiki hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfərə satıb. 900 qrama yaxın heroini isə Ramiz Babayev və Vüsal Quliyev Bakı şəhərində Tbilisi prospektində Tünzalə Arayeşkara çatdırıblar. Keçirilmiş baxış zamanı Vüsal Quliyevin Astara şəhərindəki evindən 9 kiloqram 659.1 qram həşiş qətranı, Tünzalə Arayeşkarın yaşadığı ünvandan isə təxminən 900 qram heroin aşkar edilərək götürülüb.

Digər əməliyyat tədbiri nəticəsində Lənkəran şəhər sakini Kazımov Rəşad Salman oğlu və Şirvan şəhər sakini Hüseynov Ceyhun Vaqif oğlu yaxalanıb, onlardan 100 qrama yaxın narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, Ceyhun Hüseynovun qardaşı, hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Elman Hüseynovun tapşırığına əsasən, Rəşad Kazımov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə görüşərək, ondan bir cüt qara rəngli kişi ayaqqabısını təhvil alıb. Həmin iranlı qeyd olunan ayaqqabıları Rəşad Kazımova verərkən onun icərisində heroin olduğunu bildirib. Ceyhun Hüseynov Rəşad Kazımova ayaqqabıları cəza müəssisəsinə qardaşı Elman üçün aparacağını bildirərək, hələlik onları gizlətməyi tapşırıb. Əməliyyat tədbirləri ilə Ceyhun Hüseynov və Rəşad Kazımov saxlanılıb, sonuncunun işlədiyi Nəsimi rayonundakı taxta sexinə keçirilmiş baxış zamanı bir cüt qara rəngli kişi ayaqqabısı aşkarlanıb. Həmin ayaqqabılar müayinə edilərkən onların dabanlarında gizlədilmiş 100 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Bütün faktlar üzrə cinayət işləri başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569

Oxşar yazılar