Azərbaycandan Çeçenistana  getmək istəyən 5 terrorçunun məhkəməsi başladı
20 iyul 2010 11:30 (UTC +04:00)

Azərbaycandan Çeçenistana getmək istəyən 5 terrorçunun məhkəməsi başladı

İyulun 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycandan Rusiya ərazisinə keçməyə çalışan bir qrup silahlı terrorçunun cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Lent.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.


İttihama görə, təqsirləndirilən şəxslər - Fransa və Avstriya vətəndaşları Ramzan Terşiyev, Suxrab Merjuyev, Xasan Xaldıxaroyev, Türkiyə vətəndaşı İlhan Taşbey və Azərbaycan vətəndaşı Ramiz Mirzəyev 2009-cu il iyulun 16-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin xidməti ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz pozmaq cəhd ediblər. Sərhəd naryadı onların cəhdinin qarşını almaq istəyərkən mütəşəkkil silahlı dəstənin üzvləri sərhədçilərə qarşı odlu silah tətbiq edib. Nəticədə sərhəd naryadının üzvü, əsgər İsayev Bəhruz Əsgər oğlu yaralanıb. Cavab atəşi ilə dəstə üzvlərindən biri öldürülüb, digəri isə yaralanıb. Silahlı dəstənin üzvləri havanın qaranlıq, ərazinin dağlıq və meşəlik olmasından istifadə edərək hadisə yerindən qaçıblar. Öldürülən silahlının üzərindən Avstriya dövlətinin vətəndaşına məxsus şəxsiyyəti təsdiq edən sənəd tapılıb. Həmin sənəddə onun adı Salman Umdayev kimi qeyd edilib.

Hadisədən bir neçə gün sonra isə qanunsuz silahlı qruplaşmanın üzvləri həbs edilib.

Mütəşəkkil dəstənin məqsədi Pankisi dərəsinə getmək olub.

Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29.120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd), 214-cü (terrorçuluq), 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.


Təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli biliblər. Onlar özlərini 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə təqsirli biliblər.

Daha sonra təqsirləndirilən Ramzan Terşiyev ifadə verib. O, 2009-cu il mayın 2-də İstanbuldan Bakıya gəldiyini bildirib: “Bizim məqsədimiz Çeçenistana getmək olub. Mən Çeçenistanda axtarışdayam. Ona görə, gizli yolla ora getmək istəyirdim”.

Proses digər təqsirləndirilənlərin ifadələri ilə davam etdirilir.

Qeyd edək ki, Ramzan Terşiyev, Suxrab Merjuyev və Xasan Xaldıxaroyev müxtəlif vaxtlarda ayrı-ayrı çeçen dəstələrinin tərkibində Rusiya Federal qüvvələrinə qarşı vuruşublar.



Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354

Oxşar yazılar