BŞBPİ rəisi: “Beş ayda paytaxtda törədilən 28 qətldən 27-si açılıb” – MÜSAHİBƏ
30 iyun 2010 16:00 (UTC +04:00)

BŞBPİ rəisi: “Beş ayda paytaxtda törədilən 28 qətldən 27-si açılıb” – MÜSAHİBƏ

“Hesab edirəm ki, seçkilər dövründə Bakıda ictimai asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi istiqamətində əlavə tədbirlərin görülməsinə ehtiyac olmayacaq”


Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasovun APA-ya müsahibəsi


- Cənab general, öncə sizi qarşıdan gələn polis günü münasibəti ilə təbrik edirik. Bu gün Bakı polisinin qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gələ bilirmi?


- Mən də öz adımdan və Bakı polisi adından Azərbaycanın mətbuat nümayəndələrini Milli Mətbuatımızın yaranmasının 135 illiyi münasibəti ilə təbrik edir, sizlərə cansağlığı və uğurlar arzulayıram. Sualınıza gəlincə, ilk növbədə qeyd etməliyəm ki, Bakı şəhər Baş Polis İdarəsi Daxili İşlər Nazirliyinin strukturlarından biridir və bütövlükdə Azərbaycan polisinin qarşısında duran vəzifələr həm də bizim vəzifələrimizdir. Azərbaycan polisinin əsas vəzifələri isə, qanunvericilikdən irəli gəlməklə, sabitliyi, ictimai asayişi, qanunçuluğu, insanların hüquq və azadlıqlarını qorumaqdır. Sadəcə olaraq, biz bu vəzifələri öz xidməti ərazimizdə - Bakı şəhərində həyata keçiririk. Azərbaycanda mövcud ictimai-siyasi sabitliyi respublikamızın müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biri saymaq olar. Təbii ki, sabitliyin əldə olunması heç də asan başa gəlmir. Müstəqilliyimizin ilk dövrlərində bəzi xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkə daxilindəki hakimiyyət uğrunda gedən çəkişmələr, onların yaratdığı vətəndaş qarşıdurması yeni yaranmış və hələ çox zəif olan respublikamızı uçuruma aparırdı. Belə bir zamanda xalqın tələbi ilə respublika rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını həyata keçirərək özünün yenilməz siyasi iradəsi və xalqın dəstəyi sayəsində ölkədəki xaos və anarxiyaya son qoydu, ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail oldu. Həmin dövrün çətinliklərinin əsas hissəsi Heydər Əliyevin birinci rəhbərliyi dövründə püxtələşmiş Azərbaycan polisinin üzərinə düşmüşdü. Müharibənin ilk illərində Azərbaycanın nizami ordusu olmayanda ön cəbhədə torpaq uğrunda vuruşan, qanunsuz silahlı dəstələrlə ölkə daxilində mübarizə aparan, xarici qüvvələrin dəstəyi ilə daxildəki xəyanətkarlar tərəfindən həyata keçirilən dövlət çevrilişi cəhdlərinin qarşısını alan məhz polis olub.



Azərbaycan polisi bütün bu çətinliklərin öhdəsindən ləyaqətlə gəlib, kommunist ideologiyasına qulluq edən sovet milisindən öz xalqına və dövlətinə xidmət edən milli Azərbaycan polisinə kimi şərəfli inkişaf yolu keçib. Daxili işlər orqanlarının cinayətkarlığa qarşı səmərəli mübarizəsi, kriminogen durumun tam nəzarətə götürülməsi və asayişin təmin edilməsi minlərlə polis əməkdaşının fədakarlığının real nəticəsi, yaxın tariximizin bütün keşməkeşlərinə baxmayaraq, əsl peşəkarlar tərəfindən sağlam iş prinsiplərinin bu sistemdə qorunub saxlanmasının təzahürüdür. Böyük iftixar hissi ilə qeyd edirəm ki, bu yolda Bakı polisi həmişə ön sıralarda olub, paytaxtda cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin qorunmasında kifayət qədər önəmli nəticələr əldə edib. Ölkəmizin iqtisadi tərəqqisi, dünya birliyinə inteqrasiyası, qloballaşma və miqrasiya prosesləri Azərbaycan polisinin, o cümlədən Bakının polis orqanlarının da üzərinə ölkədəki ictimai-siyasi sabitliyi və insan hüquqlarını daha yaxşı qorumaq, ictimai asayişin keşiyində daha sayıq durmaq vəzifələrini qoyur. Biz öz fəaliyyətimizi günün tələbləri ilə ayaqlaşmağa çalışırıq.


- 2010-cu ilin birinci yarısında Bakı şəhərində cinayətkarlıqla mübarizə sahəsində nə kimi işlər görülüb, hansı səs-küylü cinayətlərin üstü açılıb?


- Gördüyümüz işlər qarşımızda duran vəzifələrdən irəli gəlir. Ona görə də biz bütövlükdə ölkə polisində aparılan islahatlar məcrasında paytaxtda ictimai hüquq qaydalarının təmin edilməsi, bilavasitə cinayətlərin qarşısının alınması və açılması tədbirləri ilə yanaşı, bu işdə müasir metodologiya və kompüter texnologiyalarının daha geniş istifadə olunmasına, onun təşkilati əsaslarının beynəlxalq standartlara uyğunlaşdırılmasına xüsusi diqqət yetiririk. Polisin fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına uyğun olaraq yaradılmış «102» xidməti və «Təhlükəsiz şəhər» sistemi, eləcə də «Sahə rəisi» institutu Bakının polis orqanlarının fəaliyyətinin yeni keyfiyyət səviyyəsinə qaldırılması, insanların hüquq və azadlıqlarının daha etibarlı qorunması üçün möhkəm təşkilati əsaslar yaradır. Məhz bu texniki imkanların hesabına vətəndaşların ərizə və şikayətlərinə daha diqqətlə yanaşılır və uçot-qeydiyyat intizamına nəzarətin gücləndirilməsi səbəbindən cari ildə qeydiyyata alınan cinayətlərin artmasına baxmayaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2010-cu ilin ilk 5 ayı ərzində onların açılması bütövlükdə yaxşılaşıb və 76,1 faiz təşkil edib. Bu müddət ərzində paytaxtda baş vermiş 28 qətl hadisəsindən 27-nin, 5 ölümə sui-qəsdin hamısının, ölümlə nəticələnən 141 yol-nəqliyyat hadisəsindən 138-nin açılması təmin edilib.


Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə daha fəal aparılıb. Cinayətkarlardan 70 kiloqrama yaxın narkotik vasitə götürülüb. Bu müddət ərzində paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb. Şəhər miqyaslı tədbirlər zamanı ictimai hüquq qaydaları təmin edilib, ayrı-ayrı şəxslər tərəfindən qanunsuz aksiyaların keçirilməsinə yönəlmiş cəhdlərin qarşısı alınıb. Yüksək səviyyəli xarici qonaqlar Bakıya gələrkən ictimai təhlükəsizlik tədbirləri ilə bağlı xüsusi planlar hazırlanaraq həyata keçirilib. Azərbaycan prezidenti İlham Əliyevin «Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında» 12 mart 2007-ci il tarixli sərəncamının icrası ilə bağlı Bakı şəhər polis orqanlarında polis sahə rəislərinin iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə ötən müddətdə müasir tələblərə cavab verən 42 polis sahə məntəqəsinin tikintisi başa çatdırılıb. Şəhər üzrə polis sahə məntəqələrinin əsaslı təmiri və yenilərinin tikilməsi işi cari ildə də fəal surətdə davam etdirilir. Eyni zamanda, 2010-cu ilin birinci yarısında Səbail və Xəzər rayon Polis idarələrinin, bir neçə polis bölmə və şöbəsinin yeni inzibati binaları lazımi mebel və avadanlıqlarla təmin edilərək istifadəyə verilib.



O ki qaldı sualınızın ikinci hissəsinə, yəni səs-küylü, ictimai maraq doğuran cinayət hadisələrinin açılmasına, belə hallar çoxdur. Məsələn, 4 may 2010-cu il tarixdə Nərimanov rayonunda vətəndaşın mənzilindən içərisində 100 min avro, 20 min ABŞ dolları, 60 min manat və 10 min manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlanması, mayın 7-də Nizami rayonunun Keşlə qəsəbəsində vətəndaşa məxsus “Range-Rover” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 100 min ABŞ dolları və 60 min manat, eləcə də yanvarın 21-də eyni şəxslər tərəfindən Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsində Bakı şəhər sakininə məxsus “Mercedes” markalı avtomobilin yük yerindən 30 min manatın oğurlanması faktlarının açılmasında və cinayətkarların yaxalanmasında əməkdaşlarımız çox böyük ustalıq və peşəkarlıq nümayiş etdiriblər. Binəqədi rayonunda avtomobillə qadınların çantalarını çiyinlərindən dartıb almaqla, eləcə də vətəndaşların mobil telefonlarını danışmaq adı ilə alıb hadisə yerindən uzaqlaşmaqla çoxsaylı quldurluq cinayətləri törətmiş 6 nəfərdən ibarət cinayətkar dəstənin yaxalanması, özünü işıq idarəsinin əməkdaşı kimi təqdim edib elektrik xətlərini yoxlamaq adı ilə mənzillərə daxil olaraq qadınlara zor tətbiq edib pul, qızıl-zinət əşyaları və mobil telefonlarını almaqla silsilə qarət cinayətləri törətmiş Şabran rayon sakini Ceyhun Orucovun tutulması bir çox insanların pozulmuş hüquqlarının bərpa edilməsinə imkan verir.


- Ötən ilin sonu və 2010-cu ilin əvvəllərində paytaxtda fəaliyyət göstərən bir neçə valyutadəyişmə məntəqəsinə silahlı basqın oldu. Bu cinayət hadisələrinin açılmamasının səbəbləri nə ilə bağlıdır?


- Bakı polisi yalnız bu ilin beş ayı ərzində dediyim kimi, onlarla səs-küylü cinayətin üstünü açıb, bir çox mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Cinayətin açılması heç də göründüyü kimi asan deyil. Atalar sözü var: mal bir yerə – güman min yerə. Buna rəğmən polisdə deyirlər ki, cinayətkarın yüz yolu var, polisin isə bir. O da cinayətkarın seçdiyi yolu tapmaqdır. Odur ki, hər bir cinayətin açılması böyük zəhmətlə bərabər, böyük ustalıq, böyük məharət, hətta deyərdim ki, istedad tələb edir. Burada polis əməkdaşı ilə cinayətkarın, nə qədər qəribə görünsə də, intellekti, necə deyərlər, birinin gizlənmək, digərinin axtarmaq bacarığı mübarizə aparır. Dediyiniz cinayətlər isə təsadüfi deyil, əvvəlcədən düşünülmüş, planlaşdırılmış və yaxşı hazırlanmış cinayətlərdir. Onların bu günə kimi bağlı qalması da polisin zəif işləməsi ilə yox, məhz bununla bağlıdır.


Lakin əmin ola bilərsiniz ki, bu cinayətlər mütləq açılacaq, çünki bu istiqamətdə məqsədyönlü və ardıcıl iş aparılır. Artıq müəyyən irəliləyişlər də var. Konkret nəticələr olan kimi, biz ictimaiyyətə məlumat verəcəyik. Onu da qeyd edim ki, cinayətin açılması bir çox halda yalnız polisdən asılı deyil, burda müxtəlif faktorlar əhəmiyyətli rol oynayır. Bu işdə bizə ictimaiyyətin köməyi, dəstəyi lazımdır. Bakı şəhər Baş Polis İdarəsi ictimaiyyətlə əlaqələri yüksək səviyyədə qurmağa çalışır. Baş İdarədə görülən işlər, əldə olunan nailiyyətlər mütəmadi olaraq mətbuat vasitəsi ilə ictimaiyyətə çatdırılır. Baş İdarənin «bakupolis.gov.az» ünvanlı saytı fəaliyyət göstərir. Bakı sakinləri sayt vasitəsilə Baş İdarənin rəisi ilə birbaşa əlaqə saxlaya, öz problemlərini deyə, tövsiyə və təkliflərini verə bilirlər. Eyni zamanda, bu saytda biz insanların köməyini də gözləyirik. Bunun üçün bizim elektron poçtumuz, qaynar xəttimiz var, polis orqanlarının növbətçi hissələri də sutka ərzində fasiləsiz fəaliyyət göstərir.


- “Yol hərəkəti qaydaları” haqqında qanuna edilmiş dəyişikliklərə əsasən, yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı cəzaların sərtləşdirilməsinə münasibətiniz necədir?


- Milli Məclisin növbədənkənar sessiyasının iyunun 22-də keçirilmiş iclasında “Yol hərəkəti haqqında” qanuna edilmiş əlavə və dəyişikliklər əsasən sürücülük vəsiqəsinin verilməsi, yol hərəkəti qaydalarının nizamlanması, qaydaların pozulmasına görə məsuliyyətin artırılması və digər məsələləri özündə əks etdirir. Bu dəyişikliklər mətbuatda dərc edildiyindən və ictimaiyyət arasında geniş müzakirə olunduğundan onların üzərində konkret dayanmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, ictimai nəqliyyatı idarə etmək şərtlərinin sərtləşdirilməsi, yaşayış məntəqələrində sürət həddinin endirilməsi, piyadaların təhlükəsizliyinə diqqətin artırılması bütövlükdə respublikadakı, xüsusən də paytaxtdakı mürəkkəb yol-nəqliyyat şəraitindən irəli gəlməklə, tam şəkildə vətəndaşlarımızın maraqlarına uyğundur.


Bəzi inzibati xətalara görə cərimələrin sərtləşdirilməsini də mən düzgün, vaxtında qəbul olunmuş qərar hesab edirəm. Kiçik bir misal çəkim. Avropa şəhərlərini demirəm, elə Dubayın özündə küçələr, parklar səliqə-sahmanı və təmizliyi ilə göz oxşayır. Təbii ki, belə vəziyyət öz-özünə yaranmayıb. Burada sakinlərin şəhərə mədəni münasibəti də böyük rol oynayır. Amma antisanitariyaya qarşı cərimələr o qədər yüksəkdir ki, kimsə küçələri zibilləməyə cəsarət etmir.


- Paytaxtın yol polisində sürücülərə qarşı qeyri-qanuni hərəkətlərə yol verən dəstənin fəaliyyət göstərməsi haqqında mətbuatda yayılan məlumatlar barədə nə deyə bilərsiniz?


- Bu məlumatların heç bir əsası yoxdur və onların sizin dediyiniz kimi, mətbuatda yayılması yalnız təəccüb və təəssüf doğurur. Biz dəfələrlə demişik və bir daha diqqətə çatdırmaq istərdim ki, daxili işlər naziri cənab Ramil Usubovun prioritet hesab etdiyi ən vacib məsələlərdən biri fəaliyyətimizdə qanunçuluğun, insan haqları və azadlıqlarının aliliyi prinsiplərinin təmin edilməsidir. Odur ki, hər hansı əməkdaş tərəfindən bu məsələdə qəbahətə yol verildikdə, onun əməlinə dərhal və prinsipiallıqla qiymət verilir. Bir qayda olaraq, belə əməkdaşlar polis sistemindən uzaqlaşdırılır. Ona görə də, mən bir daha Bakı əhalisinə və paytaxtımızın qonaqlarına müraciət edirəm ki, polisin fəaliyyətində nöqsan və çatışmazlıqlarla, hansısa əməkdaşın qeyri-qanuni hərəkəti, kobudluğu, yaxud etinasızlığı ilə üzləşdikdə, bunun şahidi olduqda, yalnız müşahidə etməklə kifayətlənməsinlər, fəal vətəndaş mövqeyində durub bizə məlumat versinlər. Biz isə buna görə ancaq minnətdar olarıq. Çünki onlar belə etməklə polisin sıralarının təmizlənməsinə, onun fəaliyyətinin təkmilləşməsinə böyük töhfə vermiş olurlar.


- Bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Paytaxtda ictimai asayişin qorunması və təhlükəsizliyin təmin edilməsi istiqamətində hansı tədbirlər görüləcək?


- Respublikamızın ictimai-siyasi həyatında seçkilər ən əlamətdar hadisələrdən biridir. Xalq öz seçimini edir, yerli və mərkəzi hakimiyyət orqanlarına öz namizədlərini seçir. Dünya təcrübəsi, eləcə də yaxın keçmişimizdə baş verən hadisələr göstərir ki, seçki prosesi heç də həmişə hamını razı salmır. Ona görə bəzi narazı qüvvələrin və ayrı-ayrı şəxslərin seçkilərə müdaxilə etmək məqsədilə təxribat törətməyə cəhdlər etməsi ehtimalı həmişə var. Odur ki, polis qanunvericiliyə uyğun olaraq, seçki prosesinə müdaxilə etməsə də, prosesi daimi nəzarətdə saxlamalı, istər seçki qabağı kampaniyanın aparıldığı dövrdə, istərsə də seçkilərin keçirildiyi gündə seçkilərin keçirilməsi üçün zəruri olan nümunəvi ictimai asayişi təmin etməyə, onun pozulmasına yönəlmiş hər hansı qanunazidd hadisə baş verərsə, dərhal reaksiya verməyə, lazım gəldikdə müdaxilə etməyə və qanunçuluğu bərpa etməyə daim hazır olmalıdır. Paytaxt polisinin bu işdə kifayət qədər təcrübəsi və sınaqdan çıxmış iş metodları var.



Ona görə də, hesab edirəm ki, seçkilər dövründə Bakıda ictimai asayişin qorunması və təhlükəsizliyin təmin edilməsi istiqamətində hər hansı əlavə tədbirlərin görülməsinə ehtiyac olmayacaq. Paytaxt polisi əvvəlki illərdə seçki dövründə olduğu kimi, qanuna uyğun xidməti fəaliyyətini həyata keçirəcək, seçki günündə isə, həmişə olduğu kimi gücləndirilmiş iş rejimində işləyəcək. Yeri gəlmişkən, onu da qeyd edim ki, parlament seçkiləri ilə əlaqədar səsvermə hüququna malik vətəndaşların seçki hüquqlarının təmin edilməsi məqsədilə vətəndaşlara şəxsiyyət vəsiqələrinin vaxtında verilməsi, bu istiqamətdə işlərin daha səmərəli və sürətli aparılması üçün aidiyyəti xidmətin əməkdaşları şəhərin ərazisində pasport və qeydiyyat işinin yoxlanılmasını, zəruri hallarda vətəndaşlara şəxsiyyət vəsiqəsinin mənzillərdə verilməsini təmin edir. Bu tədbirlər seçki gününədək davam etdiriləcək.


- ATƏT-in Bakı Ofisinin rəhbəri mətbuata açıqlamasında paytaxtda kütləvi aksiyaların keçirilməsi üçün yeni yerlərin müəyyənləşdirildiyini bildirib. Həmin yerlər hansılardır?


- Vətəndaşların kütləvi şəkildə toplaşıb öz fikirlərini ifadə etməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda üç yer ayrılıb. Bunlardan biri Binəqədi rayonundakı Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq kompleksinin stadionu, digəri Səbail rayonundakı 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsi, sürücülük məktəbinin həyətindəki meydança, üçüncü yer isə Xətai rayonundakı Zığ yolu küçəsi, 29/22-ci məhəllə ilə üzbəüz meydançadır. Hər bir vətəndaş mövcud qaydalar çərçivəsində istənilən vaxt bu imkandan istifadə edə bilər. Polisin vəzifəsi isə, yerindən və vaxtından asılı olmayaraq, qeyri-qanuni aksiyaların qarşısını almaq, qanuni aksiyaların təhlükəsizliyini təmin etməkdir.


- Bakı şəhərində qanunsuz küçə ticarətinə və səyyar qəzet satışına qarşı polis tərəfindən xüsusi tədbirlər həyata keçirilir. Lakin bu, ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bu barədə nə deyə bilərsiniz?


- Bizə görə, insanların normal şəkildə yaşamasına, küçələrdə maneəsiz hərəkət etməsinə əngəllər yaradan qanunsuz küçə ticarətinin yığışdırılması məhz ictimaiyyətin tələbidir. Paytaxtda müəyyən olunmamış yerlərdə qanunsuz küçə ticarətinin qarşısının alınması istiqamətində təxirəsalınmaz və kəsərli tədbirlərin həyata keçirilməsi istiqamətində Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamına uyğun olaraq, Bakı şəhər Baş Polis İdarəsində iyunun 1-i xüsusi tədbirlər planı təsdiq edilib. Diqqətə çatdırmaq istərdim ki, burda söhbət konkret olaraq, səyyar qəzet satışından yox, ümumilikdə, qanunsuz küçə ticarətindən gedir. Heç bir ayrı-seçkiliyə yol verilmədən şəhərdə antisanitariya yaradan, yol hərəkəti iştirakçılarına mane olan, şəhərin görünüşünə xələl gətirən hər cür qanunsuz küçə ticarətinin qarşısı alınacaq. Bakı şəhər Baş Polis İdarəsinin müvafiq strukturları tərəfindən qanunsuz küçə ticarətinin aradan qaldırılması daimi nəzarətdə saxlanılır. Paytaxtın müxtəlif ərazilərində nəzarət qaydasında xüsusi reydlər həyata keçirilir. Bu gün artıq piyadaların rahat gediş-gəlişi üçün nəzərdə tutulmuş səkilərin qanunsuz küçə ticarətçiləri tərəfindən zəbt olunmasına imkan verilmir. Eyni zamanda, icazə olmayan yerlərdə avtomobil satışı hallarına, o cümlədən metro stansiyalarının giriş və çıxışlarında, avtobus dayanacaqlarında ərzaq məhsullarının satışına rast gəlinmir. Qeyd etmək lazımdır ki, şəhərin mərkəzi rayonlarında bu sahədə kifayət qədər çox iş görülsə də, şəhərin bəzi kənar ərazilərində müəyyən edilməmiş yerlərdə küçə ticarəti hələ də müşahidə olunur. Odur ki, qanunsuz küçə ticarətinin tam aradan qaldırılması üçün tədbirlərin planlı şəkildə yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir.
Bir daha paytaxt əhalisini əmin etmək istərdim ki, Bakı polisinin şəxsi heyəti bundan sonra da cinayətkarlığa qarşı mübarizəni qətiyyətlə davam etdirəcək, əmin-amanlığın, ictimai asayişin nümunəvi səviyyədə təmini istiqamətində vəzifələrini əzmlə yerinə yetirəcək, paytaxtda sabitliyin və təhlükəsizliyin keşiyində daim ayıq-sayıq dayanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1763

Oxşar yazılar