Qatili necə tanımaq olar? - ARAŞDIRMA
27 may 2010 14:30 (UTC +04:00)

Qatili necə tanımaq olar? - ARAŞDIRMA

Gözləri qırmızı insanlardan qorxun…

Son vaxtlar ölkə ərazisində qəsdən adam öldürmə cinayətlərinin sayı artıb. Hər gün mətbuat səhifələrindən ölkə ərazisində baş verən bu tip cinayət hadisələrindən hali oluruq. Ən acınacaqlısı isə bu cinayətlərin ailənin daxilində və qohumluq əlaqələri olan insanlar arasında baş verməsidir. Məsələn, “Qardaş qardaşı öldürdü”, “Ər arvadını öldürdü”, “Anasını və arvadını öldürdü” və s. bunun kimi başlıqlara mətbuatda tez-tez rast gəlirik. Bu kimi cinayətlərin çoxu qısqanclıq zəminində, əmlak üzərində mübahisə, borc üstündə və s. səbəblərdən baş verir.


Lent.az qətl cinayətlərinin sayının artmasına dair araşdırma aparıb və mütəxəssislərin rəyini öyrənib. Hüquq-mühafizə orqanlarının gündəlik məlumatlarına və KİV-də dərc olunan informasiyalara əsasən apardığımız monitorinq göstərib ki, 2010-cu ilin ilk 4 ayında ölkədə 51 qəsdən adamöldürmə cinayəti baş verib.


Ölümə qəsdin səbəbi...


İlahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu hesab edir ki, qətllərin sayının artmasının ən əsas səbəbi vətəndaşların gün ərzində telekanallardan aldığı neqativ emosiyaların artmasıdır: “Hər gün televiziya kanallarında aqressiya və zorakılıq ehtiva edən filmlər nümayiş olunur. Bu da insanlarda radikal aqressiv ruhiyyənin artmasına gətirib çıxarır. Bundan əlavə, həqiqətə uyğun olmayan, qorxulu filmlərin efirdə verilişi də geniş yayılıb. Belə demək mümkündürsə, insanlar da həmin filmlərə baxaraq, oradakı qəhrəmanları bir növ təkrarlayırlar. Bəzi insanlar öz həyatlarını yaşamırlar, onlar filmlərdəki qəhrəmanları öz həyatlarında canlandırırlar”.


Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev insanlarda deqradasiya, cılızlaşma prosesinin getdiyini deyir. Psixoloq buna səbəb kimi qohumlar arasında nikahların çoxalmasını göstərir: “Qohum qohumla evlənir, nəsillər bir-birinə qarışır. Nəticədə psixopotizasiya kimi irsi xəstəliklər yaranır. Bu, paytaxtla müqayisədə özünü ən çox bölgələrdə göstərir. Çünki orada qohum nikahlarının sayı həddindən artıq çoxdur. Bu səbəbdən də qətl hadisələrinin çoxu bölgələrdə baş verir”.


"Hüquqi Dövlət" Araşdırmalar Mərkəzinin prezidenti hüquqşünas Müzəffər Baxışov son zamanlar ölkədə qətllə bağı cinayətlərin sayının artmasının təəssüf doğurduğunu söyləyib. Onun sözlərinə görə, qəsdən adam öldürmə cinayətlərinin əksəriyyəti xırda münaqişələr zəminində törədilir: “Məsələn, iki sahibkar arasında pul və ya mülk üstündə düşən dava sonda onlardan birinin ölümü ilə nəticələnir. Bu da onu göstərir ki, cəmiyyətdə ictimai münasibətlərin inkişafı bu tip cinayətlərin törədilməsinə təsir edir. Sovetlər dövründə xüsusi mülkiyyət ola bilməzdi. Azad sahibkarlıq fəaliyyətinə də icazə verilmirdi. Buna icazə veriləndən sonra qəsdən adam öldürmə cinayətlərinin sayı artdı. Təsəvvür edin ki, əvvəllər bir kəndə qətl hadisəsi törədiləndə bu böyük faciəyə çevrilirdi. Uzun müddət müzakirə olunurdu, bunun səbəbləri araşdırılırdı”.



Ailə daxili qətl


Bu gün ölkədə baş verən qəsdən adam öldürmə cinayətlərinin əksəriyyəti bir ailə daxilində baş verir. Qısqanclıq zəminində ər arvadını və yaxud əksinə arvad ərini, qardaş bacını öldürür.

İ.İbrahimoğlu söyləyir ki, Azərbaycanda mənəvi böhran mövcuddur. Onun sözlərinə görə, ailə daxilində bu kateqoriyadan cinayətlərin baş verməsi də bunun göstəricisidir: “Bu onu göstərir ki, Azərbaycanda ailə institutları ciddi deformasiyaya uğrayıb. Sovetlər dövründən sonra mənəvi dəyərlərlə bağlı institutlar fəaliyyət göstərmir. Onların fəaliyyət göstərməməsi problemin həllinin araşdırılmasına mane olur. Bu məsələ sosioloqların daim nəzarətində olmalıdır. Onlar cəmiyyətdə, xüsusi ilə də ailə daxilində baş verən bu kateqoriyadan olan cinayətlərin yaranma səbəblərini araşdırmalıdırlar”.



Psixoloq D.Rzayev isə bildirir ki, əvvəlcədən hansı ailədə qətlin baş verəcəyini bilmək mümkündür. “Təsəvvür edin, bir ailədə ər arvadını mütəmadi olaraq döyür. Amma heç kəs bu prosesə baş qoşmur, nə sahə müvəkkili, nə qonşular maraqlanır. Nəticə isə faciəli olur, kimsə kimisə öldürür. Sovet dövründə kişi əyyaşlıq edəndə, işləməyəndə sahə müvəkkili maraqlanırdı, “niyə işləmirsən, niyə əyyaşlıq edirsən?” deyə, soruşurdu. Amma indi buna fikir verən yoxdur. Fikir verirsinizsə, indi qətl törədənlərin əksəriyyəti də işsiz insanlardır”.


Qatilin xarici görünüşü


M.Baxışov qəsdən adam öldürmə cinayətinin baş verməsinə təsir edən digər bir amilin də insanların xarici görünüşü ilə bağlı olduğunu söyləyir. Onun sözlərinə görə, qətl törədən şəxsin psixikasında olduğu kimi, xarici görkəmində də fərqli xüsusiyyətlər olur: “Məşhur İtalyan psixiatoru Lombardo uzun müddət həbsxanada cəza çəkən məhkumlar üzərində təcrübə aparıb. O, təcrübənin nəticəsi olaraq, məhbusların xarici görünüşünü törətdikləri cinayətlər ilə əlaqələndirib. Belə bir qənaətə gəlib ki, kimin gözləri qırmızıdır, qan rəngindədir, o, daha çox qəsdən adam öldürmə cinayətlərinin törədilməsinə meylli olur”.


Deqradasiya nəticəsində insanlarda cılızlaşmanın getdiyini söyləyən D.Rzayev isə bildirir ki, qohumların nikahından doğulan insanların xarici görkəmində müəyyən fərqlər olur. O cümlədən, qatillər də görkəm baxımından digər insanlardan seçilirlər: “Qohumların nikahından doğulan bəzi insanların beyni normal inkişaf etmir. Onların xarici görkəmləri, sifət quruluşu çox eybəcər olur. Qəsdən adam öldürənlər də bu insanların arasından çıxır”.


D.Rzayev qətl törədən insanlarda kimyəvi dəyişiklərin getdiyini də söyləyib: “Potensial qəddar insanlar, hansılar ki, adam öldürüblər, onların saçında qurğuşun elementi daha çox olur”.


Qətllərin qarşısını necə ala bilərik?


M.Baxışov bildirir ki, əslində bu tip cinayətlərin qarşısının alınması üçün elmi araşdırmalar aparılmalıdır. Onun sözlərinə görə, sovetlər dövründə bu istiqamətdə elmi tədqiqatlar aparılırdı: “Lakin əfsus ki, bu məsələlər indi özbaşına buraxılıb. Dərin elmi araşdırmalar aparsaq görərik ki, televiziyada göstərilən bu və ya digər verilişlər bu tip cinayətlərin baş verməsinə nə qədər təsir göstərir. Sovetlər dövründə zorakılığı təbliğ edən filmlərə baxmağa imkan verilmirdi, həmin filmlərin efirə buraxılmasına ümumiyyətlə icazə verilmirdi. Ümumi tədqiqatlar sübut etmişdi ki, bu cür filmlərə baxmaq insanlarda zorakılığa meylliyi artırır”.
Hüquqşünas bu problemin həlli üçün kriminoloji araşdırma tələb olunduğunu söyləyir.


D.Rzayev problemin həlli üçün profilaktik tədbirlər görülməsinin zəruri olduğunu bildirir: “Əgər qohum nikahların qarşısı alınmasa gələcəkdə insanlarımızda mutantlaşma gedəcək və bu problemin qarşısını almaq mümkün olmayacaq”.


Fərid Əkbərov


[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar