Bakıda “Tələsən Ağxalatlılar əməliyyatı” keçirildi - REPORTAJ
2 nəfər öldü, onlarla insan xilas edildi
70 yaşlı Səmayə Məmmədovanın (foto 2) ürəyi sıxılır, təzyiqi qalxır. “Vay ana, indi öləcəyəm, ölürəm mən!” deyən Səmayə xala tez telefonu götürüb, 103 xidmətini yığır. Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Mərkəzi Dispetçer Xidmətində (TTTYSMDX) dispetçerlərdən biri kompüterlə zəngə cavab verir. Səmayə Məmmədova “Salatın Əsgərova 84 ünvanında qalıram, təzyiqim var, infarkt keçirirəm, tez gəlin” – sözünü bitirən kimi divana yıxılır.
Mərkəzi stansiyanın böyük həkimi Sevda Qafarova (foto 5) əraziyə ən yaxın Köməkçi Təcili Tibbi Yardım Stansiyalarından (KTTYS) birinə – 8 saylı stansiyaya vəziyyəti bildirir. Köməkçi stansiyada həmin vaxt növbəsi çatan briqada – həkim Anya Şıxəliyeva gil (foto 8) tez-tələsik ambulansa minməyə qaçırlar. On dəqiqə sonra deyilən ünvanda olan təcili yardım işçiləri Səmayə xalaya ilkin tibbi köməkliyi göstərirlər. Təzyiqi yüksək olan qadın düşündüyü qədər ölümə yaxın deyilmiş...
8 saylı KTTYS-in briqadası stansiyaya qayıdır. “Səma 3” azaddır” – avtomobildəki rabitə aparatı ilə mərkəzə geri döndüklərini bildirilər...
Səmayə Məmmədovanın ölmək ehtimalının üstünə təcili yardımın gec gəlməsi qorxusu da əlavə olunmuşdu. Bu gecikmə qorxusu ona keçmişindən yadigardır. Səkkiz il əvvəl təcili tibbi yardım evlərinə gec gəldiyi üçün həyat yoldaşı ölmüşdü...
Səkkiz il sonra isə “aaa... nə tez gəldiniz?!” deyə qarşıladı tibb işçilərini. Səkkiz il sonra, yəni, 2010-cu il Bakıdakı təcili yardımın işinə nəzər yetirmək üçün Lent.az TTTYSMDX və 8 saylı KTTYS-də “Tələsən Ağxalatlılar əməliyyatı” keçirib. Bir gününü tibb işçiləri ilə keçirib, təcili bir gün yaşayıb...
103...
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Mərkəzi Dispetçer Xidməti (TTTYSMDX) 1 saylı şəhər xəstəxanası ilə eyni həyətdə yerləşir. 103-ə olan bütün zənglər bu mərkəzdə qəbul olunur. 103 xidmətinə bir gündə 2 minə yaxın zəng gəlir. Sutka ərzində 1500-1600 arası çağırış üçün təcili yardım maşını göndərilir.
Göndərmək üçün isə təcili yardımın 137 maşını var. Təcili yardımın direktor müavini Rauf Nağıyevin (foto 12) bildirdiyinə görə, bu qədər maşın 20 köməkçi stansiya arasında bölünüb.
Bütün maşınların hərəkəti mərkəzi stansiyadakı monitordan izlənir. Hər bir maşına qurulan GPS qurğusu mərkəzə siqnal ötürür. Maşınların hərəkəti kompüterin yaddaşında saxlanılır.
Mümkün müxtəlif mübahisələr halında aşkarlıq üçün təkcə avtomobillərin hərəkəti yox, mərkəzə gələn bütün zənglər, çağırışlar və bütün informasiya kompüterdə toplanır.
Hər zəng də qeydə alınır. Danışıq kəsilib zəng edən öz dərdini deyə bilməyəndə, belə hallara şübhəli hallar deyilir və mərkəzdən həmin nömrələrə zəng olunur, məsələ araşdırılır.
Anket doldurursan?
Stansiya mərkəzinə təcili vəziyyət üçün zəng edən insandan xəstə barədə ətraflı və geniş məlumat öyrənilir. Bəzən isə mərkəzin verdiyi suallar zəng edəni əsəbiləşdirir. Rauf Nağıyevin söylədiyinə görə, elə olur ki, zəng edən suallara cavab verməmək üçün dəstəyi asır. Bəzən də xəstə barədə suallar verən təcili yardım işçisinə “xəstə ölür, sən anket doldurursan?!” tipli cavablar verirlər. Lakin təcili yardımın baş həkiminin müavini soruşduqları məlumatların xəstənin xeyrinə olduğunu bildirir: “Briqadalar müxtəlifdir. Xəstənin yaşı, cinsiyyəti, vəziyyəti, ünvanını dəqiq bilməliyik ki, daha uyğun briqadanı ən yaxın köməkçi stansiyadan daha tez vaxta göndərək”.
“Pik” vaxtı...
Ən çox təcili yardım çağırılan vaxtlar günortadan etibarən olur. Axşam saatlarından başlayaraq səhər saatlarınadək isə çağırışların ən yüksək həddidir. Həkimlər bunun tibbi izahını da verir: insan orqanları axşam saat təxminən 10-dan sonra istirahət etməyə yönəlir. Belə hallarda orqanizmə yük saldıqda insanlarda nasazlıqlar əmələ gəlir. Və səhər saatlarında isə orqanizmin bütün hormonları oyanır. Bu zaman isə hər hansı bir orqanda problem varsa özünü daha qabarıq şəkildə büruzə verir.
Fəsil olaraq isə, ən çox qış vaxtı təcili yardıma müraciət edənlərin sayı artır. Bu da əsasən dövrü xəstəliklər və pis hava şəraitində əmələ gələn qəzalar və isitmə sistemləri ilə ortaya çıxan problemlərlə bağlıdır.
Təcili yardım maşınlarının gəldiyi yer...
Təcili yardıma olan zənglərin aktivləşdiyi vaxtdan – saat 16-dan etibarən Lent.az artıq 8 saylı köməkçi stansiyadadır. Qulağı zəngdə, çağırış növbəsindəyik...
Həkimlər, feldşerlər, sürücülər və Lent.az-ın müxbiri birlikdə çağırış gözləyirlər. Kimisi zalda oturub televizora baxır, kimisi getdiyi çağırışlar barədə hesabat yazır. Televizora tamaşa edən qadın həkim və feldşerlər yemək bişirmə proqramında kimin qalib gələcəyi barədə müzakirələr aparır, bəzən yeməyi də kənara qoyub, onu bişirənin insanlığını özlərinin “adamlıq tərəzisi”ndə çəkirlər. Hərdən də “bu yeməkdən indi qabağımızda olaydı yeyəydik” kimi cümlələrlə 12 saatlıq iş qrafikinin acısını və əmələ gətirdiyi aclığı bölüşürlər.
Çox yorulanlar isə müxtəlif otaqlardakı çarpayılarda uzanır. Həkimlər üçün ayrı, feldşerlər üçün ayrı, sürücülər üçün ayrı istirahət otaqları var.
Ürəkləri yananda...
Yorulanların müraciət elədiyi başqa bir yer də var – mətbəx. Nailə Orucovanın (foto 15) pürrəngi çayını içən ağxalatlılar deyirlər ki, həmin çaydan sonra yorğunluqları qalmır. Nailə xala da ki, çayı həmişə hazır, çağırışdan qayıdan briqadaya həvəslə qulluq eyləyir. Evlərə xəstə yanına gedən həkim, feldşer və sürücü üçlüyü stansiyaya qayıdanda dərhal Nailə xalanı axtarır.
Həkim Anya Şıxəliyevanın stəkanı termos şəklindədi. Çünki çox vaxt çayını sonadək içmək ona və elə başqa həkimlərə də qismət olmur. Tez-tez elə olur ki, çağırış olur və çaylarını yarımçıq qoyub, çıxmalı olurlar. Sırf bu hallar üçün bəzi həkimlər termos-çaşkadan istifadə edirlər. Çağırış olan kimi çaşkalarının ağzını bağlayıb xəstə dalınca qaçırlar. Qayıdanda isə çaylarına qaldıqları yerdən davam edirlər. Sürücülərdən biri yarı zarafat, yarı ciddi “belə çayı heç qardaş-qardaşa verməz” deyərək Nailə xalanı və onun hazırladığını bəh-bəhlə tərifləyir.
“Şeş-beş”
Təriflərin, mehriban söhbətlərin arasında hərdən dava da qopur. Bir də görürsən, mətbəxdə qışqırıq düşür. “Sən zər tutursan - tutmuram” deyə söz davasına girişən nərd oyunçuları qalibi müəyyən eləməkdə çətinlik çəkirlər. Dava ancaq rəqiblərdən birinin çağırışa çıxmaq növbəsi gəlib həmin adam çıxıb gedəndə dayanır. Gedən isə məğlub olub meydanı tərk edən döyüşçü halında görünür və rəqibinin “Bu dəfə də xoruzunu verdim qoltuğuna” sözlərinin müşayiəti ilə xəstə dalınca tələsir.
3A + A
İndi isə tələsən, özlərinə “3A komandası” adını verdikləri briqadanın həkimi Uğur Albəndzadə (foto 18) idi. Bu dəfə sürücü Zakir Abbasovla (foto 19) kimin qalib gəldiyini müəyyən edə bilməyən oyunçular mübahisə ilə oyunu dayandırmalı olurlar. Albəndzadə, feldşer Abdinova (foto 21) və sürücü Allahverdi (foto 22) soyadlarının “A” hərfi ilə başladığına görə özlərinə “3A komandası” deyirlər. Zarafatlaşa-zarafatlaşa minirlər maşına və yollanırlar çağırılan ünvana...
Sağlamlıq yolunda tıxac
10 dəqiqəlik yolu 20 dəqiqəyə qət edirlər. Axşam çağı olduğu üçün yollarda maşın çox, hər yolda da tıxac var. Yandırdıqları siqnal işığına yol vermək üçün isə heç bir imkan yoxdu. Siqnal səsi vermək qadağandır. Təzəlikcə onlara səs siqnalı vermək qadağan olunub. Çünki bu şəhər daxilində uzun və çoxmüddətli tıxacda verilən səs insanları narahat edir. Əvəzində isə tıxac şəraitində heç kəs tibb maşınına yol verə bilmir. Yol verməyə imkanı olan qırmızı-göy yanan işığı görəndə də yol verir.
Və gəlib çatırlar xəstənin ünvanına. 76 yaşlı Əvəz Abdinovun vəziyyətini öyrənəndən sonra həkim ona ağrıkəsən iynə vurur və xəstə sakitləşir. Xəstənin oğlunun dediyinə görə, atası ölməkdən qorxur və yalnız həkim görəndə rahatlaşır. Həkim isə “narahat olma, dayı, oturaq bir yarım saat söhbət eyləyək, nə vaxtsa darıxsan zəng elə gələk” deyərək xəstəni sakitləşdirmək üçün biraz onunla oturur. Həkim daha sonra feldşerlərinin nadir rastlanan soyadı ilə xəstənin soyadının eyni olmasından yola çıxaraq onların aralarında qohumluq axtarmağa başlayır. Deysən, “3A komandası” 4-cü “A”-sını tapmışdı həm də... Belə söhbətdən sonra xəstənin vəziyyəti normallaşır və o sakitləşir. Artıq briqada 8 saylı Köməkçi Stansiyaya geri dönür.
İki nəfər öldü
Həkim Südabə Məmmədova (foto 28) isə bu gün iki nəfərə yardım edə bilmədən geri döndü. Onun çağırış üçün getdiyi iki ünvanda ölüm hadisəsi yaşandı. Hər iki ünvanda heç təcili yardım maşını ünvana çatmadan xəstələr keçindi. Əvvəl 80 yaşlı Zərifə Məmmədovanın, sonra 91 yaşlı Bəyim Ağayevanın təcili yardım maşınını gözləməyə vaxtları çatmadı...
Təcili Yardım yardım istəyir...
Bu stansiyada 50-yə yaxın həkim, təxminən bir o qədər də feldşer çalışır. Təcili hallarda həkim və feldşerləri mənzil başına çatdırmaq üçün köməkçi stansiyada 30-dan çox sürücü işləyir. Onların ixtiyarında 8 maşın var. Bir növbədə 8 briqada ilə 8 maşın xidmət göstərir. Hər 10-15 dəqiqədən bir stansiyadan maşın çıxır. Köməkçi stansiyanın müdiri Nazim Hümbətov həmin maşınların yeni alındığını və əvvəlkilərə nisbətən daha keyfiyyətli, daha təchizatlı olduğunu bildirir.
Həkimlər və feldşerlər isə maşınların içinin dar olmasından gileylənirlər. Xüsusən feldşerlər onların oturduqları arxa hissənin həcmcə balacalığından və açılan pəncərəsinin olmamasına görə içəridə hava çatışmazlığından əziyyət çəkdiklərini söyləyirlər. Deyirlər ki, içəridə xəstə və onun bir yaxını olanda isə heç cür nəfəs ala bilmirlər.
Sürücülərin isə yeni sistemə keçəndən sonra qanları qaralıb. Əvvəllər stansiyada olan hər maşına 3 sürücü düşürmüş. Bu sürücülər isə növbə ilə çalışırmışlar. İndi isə sürücülərin sayı hər maşına bir nəfər artırılıb. Və nəticədə hər maşına düşən ümumi maaş bölünərək dördüncü sürücüyə də pay ayrılıb. Əvvəllər təxminən 380 manat maaş alan sürücülər indi 250 manat qazanırlar.
Təcili Yardımın “daimi müştəriləri” də var...
Təcili Yardım işçilərinin qazandıqları digər şey yeni tanışlardı. Tibb işçiləri bəzi xəstələrlə dostlaşıb da. Çünki misal üçün, Abbas Səhhət küçəsində qalan 90 yaşlı Qələm xala və ya 50 yaşlı Lyudmila İzbyakova hər gün Təcili və Təxirəsalınmaz Tibbi Yardıma zəng edir. Artıq həkimlər də bir-birindən hal-əhval tutanda “bu gün Qələm xala gilə getmisən?” kimi suallarla gündəlik işlər sırasında həmin “daimi müştərilər”i də soruşurlar.
...ər-arvad barışdırmaq “missiyaları” da
Həkimlər tez-tez ər-arvad barışdırmağa da gedirlər. Evdə sözləri çəp gələn ailələr arasında bəzən dava düşür. Elə olur ki, birinin təzyiqi qalxır, ya başı ağrıyır, yaxud da ürəyi tutur. Və tez 103-ü yığırlar. Hadisə yerinə gedən həkimlər isə xəstələrin hallarının pisləşmə səbəbini öyrənəndən sonra keçirlər psixoloji müayinəyə. Ailələrə mehriban yaşamağı məsləhət görürlər. Dava-dalaşın insan səhhətinə vurduğu ziyanlardan danışırlar.
Xəstə it imiş...
Elə də olub ki, həkimlər bir neçə dəfə çağırıldıqları evlərdə sürprizlə qarşılaşıblar. Elə olub ki, getdikləri yerlərdə heyvanlara təcili tibbi yardım göstərməli olublar. Həkim Xanımana Zamanova (foto 30) öz təcrübəsində iki dəfə belə halla rastlaşıb. Birində “mən baytar deyiləm” deyərək evdəkiləri təcili yardımın vaxtını aldığına, tibb işçilərinin işinə mane olduqlarına görə qınayaraq çıxıb qayıdıb. Bir dəfə isə çağırıldığı yerdə xəstənin it olduğunu eşidəndə şok olsa da, itin sahibi olan bir qızın hönkürtü ilə ağladığını görəndə dözməyib, itə iynə vuraraq kömək edib. Dediyinə görə bu tip hallar gecə saatlarında baş verir. Həmin saatlarda heç bir baytar həkim işləmədiyi üçün bəzi insanlar təcili yardıma müraciət edirlər. Və bu vaxt həmişə aldadaraq çağırışı özləri üçün çağırıb özlərinin adına bir xəstəlik yazdırırlar.
Davam edir...
Gecə saatının növbəti çağırışlarından biri... 31 ildir eyni stansiyada çalışan Valeh Fərziyev (foto 31) komandası ilə çağırışa tələsir...
Vüqar Baba
[email protected]

532