İt üstündə dalaşan çobanların faciəli sonu
21 may 2010 13:15 (UTC +04:00)

İt üstündə dalaşan çobanların faciəli sonu

Onlardan biri 15 yaşında həyata vida edib, digəri ömrünün gənc illərini həbsdə keçirəcək

Gədəbəyin dağlarında 500-dən çox qoyun-quzu sürüsünü otaran çobanın cinayət işindən bəhs edən bu hadisə 2009-cu ilin iyun ayında baş verib.



Lent.az həmin cinayət işinə təqdim edir. Şəmkir rayonu, Qaracəmirli kənd sakini 1985-ci il təvəllüdlü Rəhman Namazovun işi-gücü ailəsinə məxsus mal-qaranı, qoyun-quzunu Gədəbəyin dağlarında otarmaqdan ibarət olub. Ailəsi ilə birlikdə yayı Gədəbəyin “Qızıl töhrə” adlanan yaylağında keçirən Rəhman səhər sübhdən heyvan sürüsünü götürüb yaylağın lap ucqar yerlərinə aparırdı. Sürüdə heyvanları qorumaqda çoban iti də ona köməklik edirdi. “Qızıl töhrə” yaylağında Rəhmangilin ailəsindən başqa ailələr də yaşayırdı. Heyvandarlıqla məşğul olan ailələr yay bitənə qədər burada qalırdı.


İtlərin savaşı

2008-ci ilin yayı yeni girmişdi. Ramazan adəti üzrə sübhdən heyvan sürüsünü götürüb yaşadıqları yerdən uzaqlaşmağa başlayır. Çoban iti də onun yanında olur. Xeyli yol getdikdən sonra sürünün otlaması üçün əlverişli yer tapır. Bu zaman uzaqdan bir qoyun sürüsü və sürünün başında bir çoban və iti görünür. Bu çoban Gədəbəy rayonunun Dəyirmandağ kənd sakini, 1994-cü il təvəllüdlü Ramin Allahverdiyev idi. O da Rəhman kimi çobanlıq edirdi. Raminin sürüsü Rəhmanın sürüsünə yaxınlaşdıqda hər iki sürünün itləri bir-birilərinin üstünə cumur. İtlər dalaşmağa başlayır. Bu zaman hər iki çoban itlərə müdaxilə eləmək istəmir. Onların hər ikisi kimin itinin qalib gələcəyini gözləyir.



Rəhmanın iti Raminin itini boğub öldürür. İtinin qələbə çalması Rəhmanı çox sevindirir. O, lovğalana-lovğalana Raminə “gördün kimin iti qalib gəldi?” deyir. İtinin ölməsini özünə yedirə bilməyən Raminlə Rəhman arasında mübahisə düşür. Ramin Rəhmandan yaşca balaca olduğundan ona gücü çatmır. O, Rəhmana heç nə edə bilmir...


İti üçün yas saxlayır


Ailəsinin yanına qayıdan Ramin bu hadisəni unutmur. Sevimli itinin ölümü onu çox kədərləndirir. Ramin evdə özünə yer tapa bilmir. Yemək-içməkdən kəsilir, heç kəslə danışmır, bir sözlə ölmüş itinin yasını saxlayır.


Məlum hadisədən hər iki çobanın valideynlərinin də xəbəri olur. Rəhmanın valideynləri Ramindən və valideynlərindən üzrxahlıq edirlər. Hətta ölən itin yerinə onlara bir it verməyi də təklif edirlər. Lakin Raminin atası Nadir onların təklifini qəbul etmir. Rəhmanın ailəsinin üzrxahlığı Raminin hirsini soyutmur. O, Rəhmanı harada görsə, pis söyüşlərlə söyür, itinin qisasını ondan alacağını söyləyir.


Qış gəlir. Rəhmanın da, Raminin də ailəsi qışlağa köçür. Məlum hadisə unudulur. Lakin bu dövr ərzində Ramin ölmüş itini unuda bilmir. O, səbirsizliklə yayın gəlməsini gözləyir.


Bir il sonra

Hadisənin üstündən bir il ötür. Yenə yay gəlir, ailələr yaylağa köçür. Günlərin birində Rəhman at belində, qoyun sürüləri də qabağında “Qızıl töhrə” yaylağına gedərkən qabaqdan boydan bəstə bir oğlanın getdiyini görür. Bir az da irəlilədikdən sonra bu oğlanın Ramin olduğu məlum olur. Raminlə qarşılaşması Rəhmanın xoşuna gəlmir.
Ramin arxadan atla kiminsə ona yaxınlaşdığını hiss edib, arxaya çevrilir. Bu zaman Rəhmanı görür. Elə bil, bir il bundan qabaq baş verən hadisə yenidən onun gözündə canlanır. Ramin ona “itimi keçən il öldürtdün, elə bilmə ki, yadımdan çıxıb, bunun heyfini səndə qoymayacağam, mən də səni öldürəcəyəm” deyərək, onu pis söyüşlərlə təhqir etməyə başlayır. Lakin Rəhman ona bir kəlmə də olsun bir söz demir. Ramin bundan istifadə edib, onun üzərinə yeriyir. Rəhman bunu görüb “atdan düşməyim, düşsəm sənin üçün pis olacaq, xatanı mənim üstümə tökmə, çıx get” deyir. Ramin isə cavabında küçə söyüşləri söyərək, Rəhmanın üstünə gedir. Rəhman atdan düşür. Atın cilovun əlinə götürərək Ramin tərəfə gedir. Bu zaman Ramin yumruqla Rəhmanın sifətinə zərbə endirir. Nə olursa, elə bundan sonra olur.


Çobanların savaşı

Rəhman Ramini yerə yıxır. O, arxası üstdə yerdə qalan Raminin boğazına əlində tutduğu cilovu keçirir. Bu zaman Ramin tərpənə bilmir. Rəhman cibindən bıçağı çıxarıb Raminin boğazına sancır. Rəhman o qədər hirsli olur ki, bıçağın tiyəsini sonuna qədər onun boğazına yeridir. Raminin boğazından qan fışqırır. Rəhman bunu görüb tez ayağa qalxır. Çox keçmir ki, Ramin canını tapşırır. Rəhman Raminin öldüyünü görüb, özünü itirir, nə edəcəyini bilmir. O, Ramini cəsədini sürüyərək qayanın dibinə gətirir. Cəsədin üzərini daş parçaları ilə qapadan Rəhman qanlı paltarlarını təmizləmək üçün təlaş içində evlərinə qayıdır.


İtkin düşən çoban


Baş verən hadisə ilə bağlı heç kəsə bir söz demir. Ertəsi gün Rəhmanın atası onu Şəmkirə heyvanlar üçün arpa almağa göndərir. Bu, elə Rəhman üçün fürsət olur. O, bir müddət evdən uzaqlaşır. Şəmkirə yola düşən Rəhman bir neçə gün rayondakı evlərində qalır. Lakin törətdiyi cinayət onun yadından çıxmır. O, hər an törətdiyi hadisənin üzə çıxacağını fikirləşir. Çox keçmir ki, yaylaqdan atası zəng edir. Atası ona bildirir ki, bəs, Ramin yoxa çıxıb, hamı onu axtarır, Rəhman titrəməyə başlayır. Atası onun telefonda həyəcanlandığını hiss edir. “Sənə nə olub, Ramini görməmisən?” - deyə Rəhmana sual verir. Rəhman qısa cavablar verərək telefonu söndürür. Atası bir də zəng edib Rəhmandan yaylağa qayıtmasın istəyir. Rəhman təlaş içində yaylağa qayıdır.


Bütün yaylaq əhli Ramini axtarırdılar. Artıq hadisədən polislər də xəbər tutmuşdular. Rəhmanı polisə çağırırlar. Ramin barəsində ona suallar verirlər. Lakin Rəhman Ramini görmədiyini söyləyir. Polislə söhbətdən sonra evə qayıdan Rəhman dözə bilməyərək törətdiyi cinayəti ailəsinə danışır. Atası və qardaşı onu danlayırlar.


Rəhman atasına artıq bu işin başına gəldiyini, cinayəti törətdiyini, Raminin meyitini gizlətdiyi yerdən götürüb xəlvəti bir yerdə torpağa basdıracağını söyləyir. Atası ona “ay bala, bu qələti eləmisən, meyiti artıq gizlətmək olmaz” deyir. O, atasına meyit tapılarsa, tutulacağını söyləyir: “Sizlik bir şey yoxdur. Mən özüm meyitin yerini dəyişdirəcəm. Bircə qardaşımın köməyi lazımdır”.


Qardaşı Rəhmana qorxduğunu söyləyir. Rəhman ona ürəkli olmağı məsləhət görür: “Gəl, sən mənə meyiti bir yerdən başqa yerə daşımaqda kömək edərsən”.
Qardaşı razılaşır. Onlar evdən iki kisə götürüb yollanırlar Raminin cəsədini gizlətdiyi yerə.


10 gün daşlar altında qalan cəsəd

Xeyli getdikdən sonra bir qayanın yanına gəlib çıxırlar. Bu o qaya idi ki, Raminin cəsədi heç kimdən xəbərsiz üstü iri daş parçaları ilə örtülü vəziyyətdə 10 gündən çox qalmışdı.
Rəhman daş parçalarını meyitin üzərindən götürüb kənara yığır. Bu mənzərəni görən qardaşı kənara çəkilir. O, Rəhmana ona kömək edə bilməyəcəyini söyləyir. “Sənin meyitə əlin dəyməyəcək. Hər şeyi özüm edəcəm” - deyən Rəhman evdən gətirdikləri kisənin birini Raminin meyitinin baş tərəfindən, birini də ayaq tərəfindən keçirib ortadan bir-birinə bağlayır. Daha sonra hər iki qardaş kisədən tutub sürüyə-sürüyə 2 kilometrə yaxın yol gedir. Rəhman meyiti basdıracağı yeri əvvəlcədən fikirləşmişdi. Bu insan ayağının dəymədiyi bir dərənin dibi idi.


Rəhman meyiti basdırmaq üçün yarım metrlik çala qazır. Raminin ağırlaşmış cəsədini həmin çalaya tullayıb, üstünü qapadır. Üst-başını təmizləyən Rəhman qardaşı ilə birgə yaylağa geri qayıdır.


Çobanın etirafı


Lakin gecələr gözlərinə yuxu getməyən Rəhmanı Raminin cəsədi dinc qoymur. Evdə sərsəm kimi fırlanan Rəhman bir neçə gün dözür.


Sonda evdəkilərin tənəsindən və polisin tez-tez onlara gəlib-getməsindən bezən çoban hər şeyi etiraf etmək qərarına gəlir. O, polisə gedərək könüllü təslim olur və törətdiyi cinayəti etiraf edir.



P.S Hazırda Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə qatil çobanın cinayət işinə baxılır. Məhkəmə prosesində Rəhmanın ailəsi iştirak etmir. Onlar prosesdə iştirakdan imtina ediblər. Səbəb kimi isə Raminin ailəsi ilə qarşılaşmaq istəmədiklərini göstəriblər.

P.S.S Rəhmanın qardaşı da məsuliyyətə cəlb olunub. Onun işinə Gədəbəy Rayon məhkəməsində baxılır. O, Cinayət Məcəlləsinin 307-ci (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsi ilə ittiham olunur.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21