Zərdabın mərkəzi də sel təhlükəsi altında
05 may 2010 19:30 (UTC +04:00)

Zərdabın mərkəzi də sel təhlükəsi altında

Rayon mərkəzini təhlükədən xilas etmək üçün 1500 yerli sakin Fövqəladə Hallar Nazirliyinin 30 nəfərlik şəxsi heyəti ilə birgə sahilbərkitmə işlərinə cəlb olunub

Zərdab rayonunda subasmaya məruz qalmış ərazilərdə vəziyyət gərgin olaraq qalır. Bu dəqiqələrdə rayonda güclü leysan yağışı yağmaqda davam edir. Hazırda subasma ilə əlaqədar yaradılmış hökumət komissiyası yerlərdə sahilbərkitmə işləri aparır.

Rayon İcra hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərov Lent.az-a bildirib ki, son bir neçə gündə subasmadan zərər çəkmiş fərdi yaşayış evlərinin sayı 678-ə çatıb. Bundan başqa, subasma zonalarında məktəblər, uşaq bağçaları və digər ictimai müəssisələrin yerləşdiyi binaları da su basıb. Onun sözlərinə görə, dünən rayon ərazisindən keçən Kür, Qarasu və Türyançayda suyun səviyyəsi sabit qalsa da, təhlükə hələ sovuşmayıb.

İcra başçının müavini deyib ki, subasma zonasından çadırlara köçürülmüş ailələrin sayı 21-dən 34-ə çatıb. Bu gün yağışın davam etməsinə baxmayaraq, çaylarda suyun səviyyəsi dünənlə müqayisədə sabitdir. Hazırda subasma təhlükəsinin qarşısını almaq üçün müvafiq tədbirlər görülür: “Subasmaya təhlükəsi olan ərazilərdə vəziyyəti normallaşdırmaq üçün yerli sakinlərin köməyindən də istifadə edirik. Hazırda 1500 yerli sakin bəndlərin bərkidilməsi işinə cəlb olunub. Həmçinin Fövqəladə Hallar Nazirliyinin 30 nəfərdən ibarət şəxsi heyəti də sahilbərkitmə işləri ilə məşğuldur”.

Allahverdi Səfərov bildirib ki, hazırda ən təhlükəli yerlərdən biri şəhər ərazisi hesab olunur. Bu səbəbdən də bu gün sahilbərkitmə işləri məhz şəhərin ətrafında aparılır.

Xatırladaq ki, yaranmış vəziyyətlə əlaqədar rayonda fəaliyyət göstərən bütün məktəblər 3 gündür bağlanıb. Uşaq bağçaları isə 2 gün əvvəl fəaliyyətini dayandırıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 395

Oxşar yazılar