Akademiyanın mühafizəçisi: “Mən silahlı adamın qabağına necə çıxım?”
05 may 2010 12:30 (UTC +04:00)

Akademiyanın mühafizəçisi: “Mən silahlı adamın qabağına necə çıxım?”

ADNA-nın 70 yaşlı qadın mühafizəçisi şahid ifadəsi verib

Mayın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində baş vermiş qanlı olayla bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.



Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə şahid ifadələri dinlənilib. Akademiyada müəllimə işləyən Şirin Baxşəliyeva hadisə baş verən zaman 14 nömrəli otaqda olduğunu söyləyib: “Partlayış səsləri eşidildi. Bu zaman Vəfa müəllimə və Səməd müəllim otaqdan çıxdılar. Koridorda bir oğlan əlində silah biz tərəfə gəldi. Vəfa müəllimə onun üstünə qışqırdı. O, iki dəfə Vəfa müəlliməyə tərəf atəş açdı. Güllələr boşa çıxdı. Biz elə bildik, zarafat edir. Kimdisə, tələbələrdəndi. Lakin o, gödəkçəsini qaldırdı. Çoxlu güllə vardı. Bunu görəndən sonra biz tez sinif otağına girdik. Səməd müəllim qapını içəridən bağladı. Silahlı şəxs isə çöldə silahını güllə ilə doldururdu. Biz pəncərədən baxandan sonra bildik ki, həmin oğlan zarafat eləmir. Çünki, çöldə yaralılar vardı. Silahlı şəxs qapını açmaq istədi, lakin aça bilmədi”.


Ş.Baxşəliyeva silahlı şəxsin öldükdən sonra göstərilən şəkilinə oxşamadığını bildirib.

Sonra hadisə vaxtı Neft Akademiyasında mühafizəçi işləyən 70 yaşlı Bibixanım Rzayeva şahid qismində ifadə verib. O, hadisə vaxtı bufetdə olduğunu söyləyib: “Birdən partlayış səsləri gəldi. Elə bildim ki, “zırpaket” partladırlar. Bufetdən çölə çıxanda əlində qara tapança olan şəxsi gördüm. O, qapının ağzında dayanan iki tələbəni vurdu. Tez içəri girdim. Mən silahlı şəxsin qabağına necə çıxım. 15 dəqiqə sonra polislər gəldi”.

B. Rzayeva yaralıların içəridə çox qaldığını və onların binadan çıxarılmağına icazə verilmədiyini söyləyib.


Daha sonra akademiyanın tələbələri Orxan Qasımov, Nofəl Məmmədov və Elmir Mirzəzadə şahid qismində ifadə veriblər.

Proses digər şahidlərin ifadələri ilə davam etdirilir.


Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.



Amirov Cavidan Fərman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sürsatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.


Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 407

Oxşar yazılar