“Onlara ölüm cəzası verilsin!” -  REPORTAJ
21 aprel 2010 12:30 (UTC +04:00)

“Onlara ölüm cəzası verilsin!” - REPORTAJ

Neft Akademiyası faciəsinin seçilən məhkəməsi

Aprelin 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçən il aprelin 30-da Neft Akademiyasında baş verən qətliamla bağlı məhkəmə başladı. Lent.az-ın məhkəmədə iştirak edən müxbiri xəbər verir ki, hələ proses başlamamışdan qabaq zalda təhlükəsizlik tədbirləri gücləndirilib. Hamının vəsiqələri yoxlanılırdı. Hətta hər gün məhkəmə koridorlarında gəzişən, o zaldan bu zala girib çıxan jurnalistlərin də vəsiqəsi yoxlanıldı. Prosesi ölkədə olan televiziya kanallarının əksəriyyəti, agentliklər və qəzetlər, bir də ATƏT və Norveç səfirliyinin nümayəndələri izləyirdi.

Proses başladı

Hakim təqsirləndirilən şəxslərin anket məlumatlarını bir daha təkrar edirdi. Bu, bitəndən sonra ittiham aktını elan etmək üçün sözü prokurora verdilər. Prokuror Abdulla Yusifov ittiham aktını elan etməyə başlayanda təqsirləndirilən şəxslər yerlərindən icazəsiz danışmağa başladılar. Onlardan biri - Cavidan Əmirov “Bizə ittihamı elan etmək lazım deyil. Hadisə baş verən gün bizi MTN tutub, sonra buraxıb. Sabahı gün “bandotdel” bizi tutdu. Orada bizə olmazın işgəncələr verdilər. Bizə işgəncə verənləri çağırın bura. Sonra ittihamı elan edərsiz” deyə qışqırırdı. O, üzünü zalda oturan hadisə zamanı ölənlərin valideynlərinə və digər zərərçəkənlərə tutub, “Allah ölənlərinizə rəhmət eləsin. Bizim heç bir günahımız yoxdur. Biz də sizin balalarınızıq. Bizə inanın. Heç bir şeydə günahımız yoxdur” deyirdi. Hakim isə onun sözünü kəsərək, “sənə çıxış üçün söz verəcəm, tələsmə” – dedi.

Məhkəməyə arxa çevirdilər

Prokuror ittihamı oxumağa davam elədi. İttihamın Nadir Əliyevə olan hissəsini oxuyanda, o, prokurora ağlaya-ağlaya “nədir ora yalandan yazıbsız? Mənim orda yazılanlardan xəbərim yoxdur” deyə qışqırırdı. Sonra onunla dəmir barmaqlıqlar arasında olan digər təqsirləndirilənlər də ayağa qalxıb məhkəməyə etiraz əlaməti olaraq qulaqlarını tutaraq arxalarını məhkəməyə çevirdilər.

Sözbəsöz oxunan ittiham aktı

Prokuror onların bu hərəkətlərinə fikir verməyib, ittihamı aktını oxumağa davam edirdi. 150 səhifədən çox olan ittiham aktı sözbəsöz oxuyan Abdulla Yusifov ittihamın axırına bir neçə səhifə qalmış istirahət etmək qərarına gəldi. Qalan hissəni digər prokuror Nəriman Ələkbərov oxudu. Adətən prokurorlar ittiham aktının nəticəvi hissəsini oxuyurlar. Bu prosesdə isə ittiham demək olar ki, nöqtə-vergülünə qədər oxunurdu. Nəhayət ittiham elan olunub qurtardı. Təqsirləndirilən şəxslər səbirsizliklə onlara ifadə üçün söz veriləcəyini gözləyirdilər. Lakin hakim onlardan özlərini bu ittihamla təqsirli bilib-bilmədiyini soruşdu. Onlar özlərini qətiyyən təqsirli hesab etmədiklərini deyirdilər.

Bir il dəmir barmaqlıqlar arxasında və... bir il qəbirdə

Belə qərara alındı ki, prosesə məhkəmə istintaqına zərərçəkmiş şəxslərin ifadələri ilə davam etsinlər. Lakin zalda səs-küy çox olduğundan bu qərarı təqsirləndirilənlərin heç biri eşitmədi. Bir də gördülər ki, artıq zərərçəkmişlər ifadə verməyə başlayıblar. Zərərçəkmişlərin hər biri ifadə verməyə başlayanda təqsirləndirilən şəxslər onlara günahsız olduqlarını, boş yerə bir ildir içəridə qaldıqlarını, ağır işgəncələrə məruz qaldıqlarını söyləyirdilər. Zərərçəkənlər isə “bizimkilər bir ildir ki, qəbirdədir. Bəs, biz nə edək?” deyə onlara cavab verirdilər.


“Terrorçuları müdafiə edən vəkillər xalqdan üzr istəməlidirlər”

Zərərçəkmişlərdən biri yerdən “ermənilərə işləyən terrorçuları müdafiə edən vəkillər xalqdan üzr istəməlidirlər” deyə söz atdı. Bu zaman yenə həngamə qopdu. Nadir Əliyev “biz o ermənini tanımırıq. Yalandan yazıblar onu ittihama. Əgər o erməni varsa, bəs niyə tutulmayıb?” deyə zərərçəkmişə cavab verdi. Bu zaman prokuror haqqında danışılan erməni Qumasyan Marden Qriqoryeviç barəsində ayrıca cinayət işi açıldığını və onun axtarışa verildiyini söylədi. Nadir Əliyev “bunlar hamısı yalandır. Həmin erməninin ifadəsini bizə göstəriblər. Onu axtarışa da verməyiblər” deyə prokurorun dediklərinə cavab verdi.

Prosesdə bir saatlıq fasilə elan olundu.

Saat yarımdan sonra prosesdə ikinci hissə başladı.

“Allah rəhmət eləsin”, “Allah sizə də lənət eləsin”

Zərərçəkmişlər ifadə verirdilər. Onların hər biri ifadəsini verib qurtarandan sonra məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkənlərə sualının olub-olmamasını soruşurdu. Hər dəfə təqsirləndirilən şəxslərdən üçü suallarının olmadıqlarını söyləyirdilər. Digər təqsirləndirilən Ariz Qabulov isə “mənim də sualım yoxdur. Allah rəhmət eləsin” deyirdi. Zərərçəkmişlər isə ona “Allah sizə də lənət eləsin” deyirdilər...

“Ölüm cəzası verilsin!”

Bu gün iş üzrə 27 zərərçəkmişdən 8 nəfəri ifadə verdi. Hadisənin təfərrüatları barədə danışan zərərçəkmişlər təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini istədilər. Onların içində Azərbaycan Dövlət Neft Akademiyasının müəllimi, hadisə vaxtı ağır yaralanan Faiq Rüstəmbəyov isə “Ola bilsin bu uşaqların günahları yoxdur. Ona görə də, məhkəmədən bu işi yaxşı araşdırılmasını və əsl cinayətkara cəza verilməsi istəyirəm” dedi. Qalan zərərçəkmişlər isə təqsirləndirilənlərin günahı sübuta yetirilməmiş onlara cəza verilməsini istəyirdilər. Hətta onlardan bir neçəsi təqsirləndirilənlərə ölüm cəzasının verilməsini tələb edirdilər. Hadisə zamanı həlak olan tələbə Yusif Bəndəliyevin hüquqi varisi Qurban Mehdiyev üzünü məhkəməyə tutub “onlara ölüm cəzası verilsin” deyirdi. Zalda oturan digər zərərçəkmişlər onun bu sözünə dəstək verdilər.

Məhkəmə prosesin hadisənin il dönümündən sonra davam etdiriləcəyi barədə qərar çıxardı.

Növbəti prosesdə görüşənədək, yəni mayın 3-də...


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421

Oxşar yazılar