Prokuror: “ADNA-dakı qətliamın erməni sifarişçisi axtarışdadır”
21 aprel 2010 11:00 (UTC +04:00)

Prokuror: “ADNA-dakı qətliamın erməni sifarişçisi axtarışdadır”

İttiham aktında həmin erməninin qətliamın törədilməsi üçün 50 min dollar verdiyi bildirilir

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində baş vermiş qanlı olayla bağlı cinayət işi üzrə məhkəmə baxışı günün ikinci yarısında davam etdirilib.


Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror Abdulla Yusifov ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Onlar bildiriblər ki, ittiham aktında yazılanların hamısı uydurmadır. Buna etiraz əlaməti olaraq, təqsirləndirilənlər qulaqlarını tutaraq, məhkəməyə arxalarını çeviriblər.



Daha sonra zərərçəkmişlər ifadə verməyə başlayıblar. Qətliamda həlak olan Yusif Bəndəliyevin hüquqi varisi Qurban Mehdiyev ittihamın bir hissəsi ilə razılaşmadığını bildirib. O deyib ki, Y.Bəndəliyev Fərda Qədirova müqavimət göstərən zaman ölüb. Lakin bu, ittihamda qeyd olunmayıb. Q.Mehdiyev onu da bildirib ki, terrorçuları müdafiə edən vəkillər xalqdan üzr istəməlidirlər.




Təqsirləndirilən şəxslər ittiham aktında adı çəkilən sifarişçi, 50 min dollar verərək, Azərbaycanda qətliam törədilməsini təşkil edən erməni Qumasyan Mardun Qriqoryeviçin tutularaq, məhkəməyə gətirilməsi haqda vəsatət qaldırıblar.


Prokuror isə qeyd edib ki, Qumasyan barədə ayrıca cinayət işi açılıb və o, axtarışa verilib: Onun sözlərinə görə, qətlin sifarişçisi - erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyanın istintaqa cəlb olunması üçün hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlər görülür. Onun cinayət işinin istintaqı ADNA-da baş verən kütləvi qətllə bağlı cinayət işinin istintaqından ayrı icraatda aparılır, həmin şəxs İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.


Təqsirləndirilən Əliyev Nadir hadisə vaxtı özünün işdə olduğunu söyləyib: “İş yoldaşlarım şahidlərimdir. Hamısını məhkəməyə çağıra bilərsiniz”.


Bundan sonra zərərçəkənlər Fərda Qədirovun valideynlərinin məsuliyyətə cəlb olunmasını istəyiblər. Hakim isə onların şahid qismində ifadə verdiklərini və məhkəməyə də şahid qismində çağırılacaqlarını bildirib.



Digər zərərçəkən Məmmədov Talehin anası Nailə Məmmədova ifadə verib. O, ittiham aktını oxuduğunu və yazılanlara şübhəsinin olmadığını bildirib.

Proses zərərçəkənlərin ifadəsi ilə davam edir.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar