Mafioz qardaşlar Türkiyəyə ekstradisiya edildilər
31 mart 2010 12:30 (UTC +04:00)

Mafioz qardaşlar Türkiyəyə ekstradisiya edildilər

Martın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə türkiyəli mafioz qardaşların cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.



Lent.az-ın məlumatına görə, hakim Elmar Quliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən Türkiyə vətəndaşları Mehmet Sena Söylemez, qardaşı Faysal və onların yaxın qohumu Dəniz Daşdəmirinin ölkələrinə ekstradisiya olunmaları barədə qərar qəbul edilib.


İstanbul Ağır Cəza Məhkəməsi bu il fevralın 11-də onların Türkiyəyə ekstradisiya olunması üçün sorğu göndərib. Bu sorğuya əsasən, məhkəmə təqsirləndirilən şəxslərin ölkələrində mühakimə olunmasına qərar verib.


İttihama görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2004-cü ildən cinayətkar birlik yaratmaq və adam oğurluğu cinayətlərində təqsirli bilinərək İstanbul Ağır Cəza məhkəməsi tərəfindən barələrində həbsli beynəlxalq axtarış elan edilmiş Mehmet, Faysal Söyləməz və D. Daşdəmirin Bakıya gələrək, Nərimanov rayonu ərazisindəki mənzillərdən birində kirayədə yaşadıqları müəyyənləşib.


Belə ki, 2010-cu il yanvarın 26-da həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində adları çəkilən şəxslər yaxalanıblar. Onların üzərindən, qaldıqları mənzildən 3 ədəd saxta pasport, Ermənistan, Suriya, İraq, ABŞ və Türkiyə dövlətlərinin milli valyutaları, siyasi ədəbiyyat, xarici mobil operatorlara məxsus sim kartlar, çoxlu sayda sənəd və xəritə aşkarlanaraq götürülüb.


Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220-ci (Zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə təqsirləndirilirlər.


Qeyd edək ki, Türkiyə mətbuatı da yanvarın 28-də 2004-cü ildə Türkiyədə “Söyləməz qardaşları dəstəsi” kimi tanınan mütəşəkkil cinayətkar dəstənin məhkəməsi zamanı qaçan və İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Mehmet Sena Söyləməz və Mehmet Faysal Söyləməz qardaşlarının Azərbaycanda yaxalandığı barədə məlumat yayıb. Məlumata görə, 6 ildir ki, axtarışda olan qardaşlar dəstə üzvü olan digər bir nəfərlə Bakıda ələ keçiblər.


İnterol ilə əlaqə saxlayan İstanbul polisi Söyləməz qardaşlarını təslim almaq üçün Azərbaycana bir qrup göndərib.


Bu dəstə İstanbulun Eminönü rayonunun sabiq bələdiyyə sədri Əhməd Çətinkayaya sui-qəsd həyata keçirib, sabiq millət vəkili Sədat Bucağın tayfası ilə silahlı qarşıdurmaya gedib. Qardaşların rəhbərlik etdiyi cinayətkar qruplaşma 2003-cü ildə Muş vilayətinin Şəkər Fabrikini 5.8 trilyon lirəyə alan İrfan-Kudbettin Altay qardaşlarını öldürüblər. Həmin il Türkiyə polisi Söyləməz qardaşlarını və cinayətkar qruplaşmanın digər üzvlərini ələ keçirmək üçün Türkiyənin 16 rayonunda eyni vaxtda əməliyyat keçirib.



30 nəfər dəstə üzvü ələ keçib. Məhkəmədə dəstənin 4 üzvü barədə həbs qərarı çıxarılıb, Sena və Faysal Söyləməz qardaşları isə sərbəst buraxılıb. Prokurorluğun etirazından sonra qardaşların həbsi barədə qərarı çıxarılıb. Ancaq qardaşlar yoxa çıxıblar.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584

Oxşar yazılar