İçərişəhər faciəsi: 73 yaşlı qadın əri ilə birlikdə yanmağı seçdi
29 mart 2010 13:30 (UTC +04:00)

İçərişəhər faciəsi: 73 yaşlı qadın əri ilə birlikdə yanmağı seçdi

Bina yanğında külə dönən qadın sədaqətinin ürək sızladan dramı

İçərişəhərdə ikimərtəbəli binada baş vermiş yanğında ölənlərdən biri ağır çəkisinə görə, digəri isə sevgi və sədaqətinə görə içəridə qalaraq yanıb. Bu barədə Lent.az-a onları çıxarmağa çalışan və evləri yanan qonşular danışıb.

Yanğın İçərişəhər qoruğu, Mirzə Şəfi küçəsi 12-də martın 27-də saat 21:06-da başlayıb. 13-cü mənzildə yaşayan ər-arvad – 85 yaşlı Akif Əhmədov və 73 yaşlı Elmira Axundova yanğın nəticəsində ölüblər.

Sevgi və sədaqət yanğından qaçmağa icazə vermədi

Qonşuların Lent.az-a bildirdiklərinə görə, Akif Əhmədov yataq xəstəsi olub. O, 150 kiloqrama yaxın çəkidə olub və kömək olmadan yeriyə bilmirmiş. Üçüncü mərtəbədə yaşadığı üçün həyətə nadir hallarda enirmiş. Akif Əhmədov həm də keçmiş polis işçisi olub.

Yanğın çıxan zaman qonşular təlaşla əvvəl öz canlarını xilas edib, sonra isə bir-birinə kömək etməyə çalışıblar. Yuxarı mərtəbədə yaşayan Akif Əhmədov və yoldaşı Elmira Axundovanın düşmədiyini görən qonşular onları səsləyib və yanlarına qalxmağa çalışıb. Axundova əvvəlcə eyvana çıxıb, daha sonra isə geri dönərək evə girib.

Hadisə yerinə gəlmiş yanğınsöndürənlər və qonşular isə ər-arvadı xilas edə bilməyib. Akif Əhmədovun meyiti yanğın söndükdən sonra kranın köməyi ilə evinin damından qaldırılıb.

“Elmira ərini çox sevirdi. Çox mehriban ailə idilər. İçəridə ərini tək qoymaq istəməyib”, - deyə 54 yaşlı Füzuli Ağayev qonşuları barədə Lent.az-a deyib.

100 manata Əhmədlidə kirayə qalacaq

Füzuli Ağayev də evi yananlardandır. Ailəsini və özünü xilas edə bilsə də evindəki bütün əşyalar yanıb. Oğlunu yeni evləndirən Ağayev gəlininin gətirdiyi təzə mebellərin yanmasına görə çox heyfsilənir.

Ağayevlər iki gün qohumları gildə qalıb. Bu gün isə, Əhmədli qəsəbəsində kirayə qalacağı bir ev tapıb. O, bir otaqlı evə 100 manat ödəyəcək. “Neyliyim?! Nə qədər qardaşım gildə qalacam?! Hələ bilmirik ki, evlərimizin halı necə olacaq”.

Anasını əməliyyat etdirəcəyi 4 min manat evdə qalıb

Yanğın 7 saylı mənzildə İlhamə Əkbərovanın evində başlayıb. O yalnız ailəsini və özünü bayıra çıxara bilib: “Ayağı yalın çıxmasaydım, mən də ölmüşdüm indi”. İlhamə Əkbərovanın şəkər xəstəsi olan anasını əməliyyat etdirmək üçün qardaşı ilə birlikdə yığdığı 4 min manat da yanan mənzillərində qalıb: “Ondan əlavə 1 kiloqrama yaxın qızılım var idi. İcazə vermirlər gedim götürüm. Cəhənnəm, heç olmasa əriyibsə də metal kimi götürərdim”.

Gözləri önündə yanan evlərə girməyi gözləyirlər...

Hadisədən üç gün keçir. Polis əraziyə qadağa lenti bağlayaraq, heç kəsi yanan evə yaxın buraxmır. Mənzilləri yanan 8 ailə binanın qarşısında durub gözləyir. Gözləyir ki, ekspertiza gəlsin, evlərin yanma səbəbini öyrənsin və onlara desin. Evləri yanan insanlar daha sonra Nazirlər Kabinetinin yanan evlər barədə qərarını gözləyirlər (İçəri Şəhər qoruq elan olunduğundan həmin ərazi barədə qərarları Nazirlər Kabineti verir). Onlar həm də sonrakı aqibətlərini gözləyirlər...

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441

Oxşar yazılar