Azərbaycanda güllələndi, 70 il sonra bəraət aldı
04 mart 2010 18:30 (UTC +04:00)

Azərbaycanda güllələndi, 70 il sonra bəraət aldı

Azərbaycanda 1939-cu ildə güllələnmiş şəxs 70 ildən sonra bəraət alıb.


Azərbaycan Ali Məhkəməsindən Lent.az-a verilən məlumata görə, bu, 1884-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan SSR vətəndaşı, milliyyətcə alman olan Ferdinand Zeytesdir. Onun bəraət alması üçün hazırda Almaniyada yaşayan, həmin ölkənin vətəndaşı olan nəvəsi Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinə xahişlə müraciət edib.


Nazirlik məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokuroruna müraciət edib.


Respublika Baş Prokuroru Zakir Qaralov da öz növbəsində Azərbaycan Ali Məhkəməsinə kassasiya protesti verib.


İşə Azərbaycan Ali Məhkəməsinin Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyası hakim İlqar Qılıcovun sədrliyilə baxıb.


Məhkəmə müəyyən edib ki, SSRİ Xalq Daxili İşlər Komissarlığı qoşunlarının Hərbi tribunalının 5 aprel 1939-cu il tarixli hökmü ilə 1884-cü ildə Bakı şəhərində anadan olmuş Ferdinand Zeytes Cinayət Məcəlləsinin 68-ci maddəsi (casusluq) ilə təqsirli bilinərək, ölüm cəzasına məhkum edilib.


Hökmə əsasən, F.Zeytes ona görə məhkum edilib ki, o, 1909-cu ildən həbs
olunanadək xarici kəşfiyyat təşkilatlarının agenti olmaqla casusluq edib.
Həmin vaxt qüvvədə olan qanunvericilikdə qeyd olunan hökmdən şikayət
verilməsi nəzərdə tutulmayıb. Cinayət işinin 137-ci səhifəsində olan arayışdan
görünüb ki, hökm 5 iyul 1939-ci il tarixdə icra edilib - Zeytes güllələnib.


Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən verilmiş kassasiya
protestində göstərilib ki, F.Zeytesin nəvəsi - Almaniya vətəndaşı Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinə müraciət edərək, babasına siyasi
represiyaya məruz qalmış şəxs kimi bəraət verilməsinin mümkünlüyü məsələsinə
baxılmasını xahiş edib. Protest onunla əsaslandırılıb ki, F.Zeytesin təqsiri
yalnız özünün ibtidai istintaqda verdiyi, casusluqla məşğul olması barədə etirafedici
ifadələri və Türkmənistan SSR XDİK-da istintaq olunmuş cinayət işi üzrə
təqsirləndirilən şəxs M.A.F-in ona qarşı ifadə verməsinə dair sənədlə (dindirmə
protokolu ilə) təsdiqlənib. Zeytesin özü isə ibtidai istintaqın sonunda verdiyi
ifadələrindən imtina edib. İbtidai istintaqda Zeytesin təqsirini təsdiqləyən digər
sübut əldə olunmayıb. İşin məhkəmə baxışı zamanı yalnız Zeytesin özü dindirilib, o, ibtidai istintaqda verdiyi ifadələrini yenə də təsdiq etməyib. Digər sübutlar isə məhkəmədə əldə olunub araşdırılmayıb. Bununla belə, F.Zeytesin təqsiri sübut olunmuş hesab edilib.


Protestdə daha sonra göstərilib ki, F.Zeytes barəsində olan cinayət işi üzrə
"Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" Azərbaycan Respublikası qanununun 4-cü maddəsində nəzərdə tutulmuş bəraət verilməsini istisna edən hallar
mövcud deyil və buna görə də Zeytes siyasi mülahizələrə görə məhkum olunmuş
şəxs hesab olunmalı, barələrində olan hökm ləğv edilməklə, onun təqsirliliyi sübuta
yetirilmədiyindən işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir.
Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, kassasiya
protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının protestin təmin edilməsi barədə
çıxışını dinləyib və hesab edib ki, protest təmin edilməlidir.


Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq bu nəticəyə gəlib ki, Ferdinand Zeytes yol verdiyi hər hansı cinayət əməlinə görə deyil, SSRİ-nin siyasi quruluşuna qarşı
mənfi mülahizələrdə olduğuna, eləcə də sinfi, sosial, milli və sair əlamətlərə görə
məhkum edilib və onun əməlində cinayət tərkibi olmayıb. Həmçinin, onlar
barəsində "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" qanunun 4-cü
maddəsində nəzərdə tutulmuş bəraət verilməsini istisna edən hallar mövcud deyil.
Buna görə də məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini əsaslı hesab edərək, onun təmin edilməsi nəticəsinə gəlib.


Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini təmin edərək, SSRİ XD İK qoşunlarının Hərbi tribunalının Ferdinand Zeytes barəsində olan 5 aprel 1939-cu il tarixli hökmü ləğv edib. Ferdinand Zeytesin əməlində cinayət tərkibi olmadığından cinayət işinin icraatına 2009-cu ildə – güllələnəndən 70 il sonra xitam verilib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar