Samuxlu Aminə xanım: “Qaydasız döyüşlərdən xoşum gəlir” - MÜSAHİBƏ
20 fevral 2010 11:00 (UTC +04:00)

Samuxlu Aminə xanım: “Qaydasız döyüşlərdən xoşum gəlir” - MÜSAHİBƏ

““Evrovizion” yarışmasına layiq müğənnimiz yoxdur”


layihə: Onun Azərbaycanı

Lent.az-ın “Onun Azərbaycanı” rubrikasının bu dəfəki qonağı Samux rayonundandır. 66 yaşlı Aminə Musayeva ixtisasca mühəndisdir. Amma Sovet dövründə fəal ictimaiyyətçi kimi müxtəlif işlərdə çalışıb. Hazırda təqaüdçüdür.

- Aminə xanım, Azərbaycan xalqı barədə nə düşünürsünüz? Biz yaxşı xalqıq, yoxsa pis?

- Maraqlı sualdır. Xalq heç vaxt pis olmur. Bütün xalqların tarixi var, mədəniyyəti var, mentaliteti var. Xalqa qəfildən “yaxşı”, ya da “pis” demək olmaz. Azərbaycan xalqı barədə daha geniş danışmaq olar. Nə vaxtdan başlanmışdı o xanlıqlar məsələsi...

- Xahiş eləyirəm, xanlıqlarla işiniz olmasın. Siz xalqın özündən, xasiyyətindən, yaxşısından-pisindən danışın.

- Məsələ belədi ki, bir neçə adama görə xalqa ya yaxşı, ya da pis demək olmaz. Bəzi adamların günahını bütün xalqın boynuna yıxmaq olmaz axı. Bizim atalar məsəli var e, keçini keçi ayağından asarlar, qoyunu qoyun ayağından. Amma açığı, sovet vaxtının xalqıynan indinin xalqını müqayisə eləyəndə görürsən ki, bu xalq, elə bil, o xalq deyil. Sovet vaxtı biz tamam başqa xalq idik. Adamlar istiqanlıydı, bir-birinin köməyinə qaçırdı. Birinin həyətində bir xeyir iş olanda, bütün qonşular ora qaçırdı. Qab-qaşığını yumaqdan tutmuş, ən ağır işinə qədər hər şeyə kömək eləyərdilər. Bir-birinin xəstəsinə baş çəkərdilər. Bir də gördün, qocalar əlinə üç alma, bir ovuc konfet götürüb, gizlicə tökdülər şallarının arasına, getdilər xəstəyə baş çəkməyə. Apardıqlarını ona görə gizləyirdilər ki, bizdə adət var, sağ əlin verdiyini sol əl bilməməlidi. İndi adamlar çox laqeyd olublar. Laqeydlik baş alıb, gedir. Cavan görür ki, bir qoca marşruta minə bilmir, əlini uzadıb, ona kömək eləmir. Cavan neynəsin, onu elə yetişdiriblər. Yetişdirən də yenə öz xalqımızdı. Bayaq dedim, bu xalq, elə bil, əvvəlki xalq deyil. Bəyəm bu gün Hacı Zeynalabdin Tağıyev qədər varlı adam yoxdur. Var, bəlkə pulu ondan çox olan da var. Amma o kişidə olan yanımcıllıq, xalqa qayğı o adamlarda yoxdu.

- Televiziyaya baxırsınız yəqin...

- Baxıram, baxıram. Bunu xüsusi qeyd elə ki, mən televiziyamızdan çox narazıyam. Bəri başdan deyim ki, seriallara baxmıram. Oğlum icazə vermir. Deyir, anamın zövqü korlanmasın. Qalan verilişlər də ki, heç nə. Son vaxtlar muğamatnan bağlı verilişlərdən başqa bir verilişin adını çəkə bilmərəm ki, yaşlı, bir az oxumuş adamların zövqünü oxşasın. Nədi o verilişlər, hamısı bizim gənclərin mənəviyyatını korlayır, pozur. Açıq-saçıqlıq baş alıb gedir. Açıq olanda nə olar e, açıq-saçıqlıq müəyyən bir yerə qədər mümkündür. Amma ta bu qədər çox, bu qədər mənasız yox də. Nədi o “Elgizin cümə axşamları”, nə bilim, ekstrasenslərnən bağlı verilişin adı nədi, odu... Kimin nəyinə lazımdı elə verilişlər?! Xalqı pozmaqdan, onun geridəqalmışlığını göstərməkdən başqa heç nəyə yaramır. Belə verilişləri niyə göstərirlər, bilmirəm. Amma məsələn, Sevinc Osmanqızının verilişi kimi verilişlər nə qədər çox olsa, bir o qədər yaxşıdır. Belə verilişlər keçmişi, bəlkə də yaddan çıxartdığımız şeyləri bizim yadımıza salır, cavanlarımıza o tarixi hadisələr barədə məlumat verir. İstəyərdim ki, belə verilişlərdən çox olsun. Bir də, bəlkə də sənə qəribə gələr, amma mənim o qaydasız döyüşlərdən çox xoşum gəlir. Birini də qaçırmıram, hamısına baxıram. Sevimli komandalarım da var, kataloniyalılara azarkeşlik eləyirəm.

- Mənə çox maraqlıdır, siz “Eurovision” müsabiqəsi barədə nə düşünürsünüz?

- Çox xoşum gəlir o müsabiqədən. O müsabiqəni çox sevirəm, qızım. Yaşımın çoxluğuna baxma. Əslində müsabiqənin özündən xoşum gəlmir e, orada ki, səsvermə olur ha, əsas ona fikir verirəm. İzləyirəm ki, biləm, hansı ölkə bizə nə qədər səs verir. Bu müsabiqədə ölkələrin bizə qarşı münasibəti aydın olur. İzləyirəm ki, görüm, Azərbaycanı kim dəstəkləyir. Yoxsa ki, oradakı müğənnilərin oxuyub-oynamağıyla elə də maraqlanmıram.

- Sizcə, bizim müğənnilərdən hansı ölkəmizi bu müsabiqədə təmsil etməyə layiqdir?

- Mən heç birini layiq bilmirəm. Kim var ki, bizdə o müsabiqəyə layiq? Bəlkə Məryəm Şabanovanı göndərmək olar. Düzdü, bəyəndiyim müğənnilər var e, məsələn Röyanı sevirəm. Yəni mahnılarını, oxumağını sevirəm, geyimini, özünü aparmağını yox. Röyanın özünü görməyəsən, elə səsinə qulaq asasan. Elza Seyidcahandan xoşum gəlmir. Bir də o Azəri qızı Günel var e, qızım, elə bir suyu da sənə oxşayır, ondan lap zəhləm gedir. Onun bir-iki müsahibəsinə baxmışam, ağzının danışığını bilmir. Özündən böyüklərin, yaşlı adamların ünvanına söz deyir, ona yaraşmaz axı.

- Müasir gənclik barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Müasir gənclik, düzdü, savadlıdı, biliklidi, çox şeydə bizdən qabağa gediblər. Amma yapışıblar bir demokratiya məsələsindən, onu da düzgün başa düşmürlər. Əgər mən qoca adamamsa, sən cavansansa, marşrutda durub, sən mənə yer vermirsənsə, bu, demokratiya deyil. Tərbiyəsizlik deməyə dilim gəlmir, amma saymazlıqdı. Bizim vaxtımızda cavanlar özlərindən yaşlı adam görəndə, siqareti ovuclarının içində gizlədirdilər. O siqaret onun əlini yandırsa da, yenə də yaşlı adamdan gizləyirdi. Amma indi böyük-kiçik demirlər, hamının yanında siqareti elə püskürdürlər ki. Yolda-rizdə bir də görürsən, qoca kişi yavaş-yavaş gedir, cavanın biri gəlir, onun yanından yel kimi ötür. Bu müasirlik deyil ki! Təqaüdünü almaq üçün bankomatın yanında dayanırsan, bunun kimi (əlini uzadıb, “Dalğa” Gənclər Hərəkatının yanımızda əyləşən keçmiş sədri Ülvi Həsənlini göstərir) saçı-zadı uzun, cinsicırıq, nə bilim, başının bir tərəfi yox cavan oğlan gəlir. “Maa təcili pul lazımdı” deyib, kartını salır, növbə-zad gözləmədən pulunu çıxardıb, gedir. Amma adamın üstündə Allah var, indiki cavanların savadlısı, biliklisi də çoxdu. Yaşın oduna qurunu da yandırıb, hamısına pis demək olmaz.

- Həkimlərlə aranız necədi?

- Həkimlərlə məsələ belədi ki, həkim sənin cibinə baxır. Əgər pulun varsa, cibin doludusa, həkim də sənə yaxşı baxır. Yox, pulun yoxdusa, keçmiş pulnan bir-iki “şirvan”ın varsa, elə həkim də sənə bir-iki “şirvan”lıq müalicə eləyir.

- Qəzet-jurnal oxuyursunuz?

- Yox, qızım, qəzet-jurnal oxumuram. Çox marağım var, amma oxuya bilmirəm. Soruş niyə?

- Niyə?

- Ona görə ki, mənim təqaüdüm qəzet almağa imkan vermir. Axırıncı dəfə qəzet oxumağım yadımdan çıxıb. Yox, bu yaxınlarda “Xalq” qəzetindən bir qohumumuz barədə məqalə çıxmışdı, onu oxumuşam. Amma mən cavanlıqdan arzulayırdım ki, qocalığımı gözümə eynək taxıb, qəzet oxumaqla keçirim. İndi qəzeti bəlkə zibillikdən-zaddan tapıb, oxuyam.

- Sonuncu sualı da verim: futbolla maraqlanırsınız?

- Maraqlanıram, amma Azərbaycan komandalarının heç birindən xoşum gəlmir, heç birinə azarkeşlik eləmirəm. Bizdə hələ futbol, futbolçular yetişməyib. Vaxtilə bizdə Ağasəlim Mircavadov, Vahabzadə kimi yaxşı futbolçular olub. İndi futbolçumuz yoxdu. Nə bilim, dünya futbolu ilə də elə ciddi maraqlanmıram, amma dünya çempionatına baxıram.

Söhbətləşdi: Günel M.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1254

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21