“Müsəlmanlar ruslara - kafirlərə qarşı döyüşməlidir”
10 fevral 2010 11:30 (UTC +04:00)

“Müsəlmanlar ruslara - kafirlərə qarşı döyüşməlidir”

Mütəşəkkil dəstə üzvlərindən biri Bakıdakı xəstəxanada həkim işləyirmiş

Radikal dini təmayüllü dəstə yaradaraq, beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə və digər bir sıra ağır cinayətlərdə ittiham olunan 31 nəfər Azərbaycan vətəndaşından ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Emin Əzizağa oğlu Cami ifadəsində Rusiya Silahlı Qüvvələrinə qarşı Şimalı Qafqazda aparılan hərbi əməliyyatlara və azərbaycanlıların bu hərbi birləşmələrin tərkibində döyüşmələrinə haqlı olduğunu bildirib: “Rusiya işğalçı dövlətdir. Ruslar Azərbaycanı da işğal edib. Onlar müsəlmanlara qarşı çox vəhşilik törədiblər. Heç bir müsəlman buna dözməməlidir. Müsəlmanlar ruslara – kafirlərə qarşı döyüşməlidir. Mən də buna görə, ruslara qarşı döyüşlərdə iştirak etmək təklifini qəbul etdim”.


O, Milli Təhlükəsizlik Nazirliyində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməyib.
Sonra təqsirləndirilən Zeynal Əkbərov ifadə verib. Z. Əkbərov ona qarşı irəli sürülən ittihamlardan yalnız oğurluğu qəbul etdiyini bildirib.


Digər təqsirləndirilən şəxs Mahir Abdullayev ona qarşı irəli sürülən qanunsuz silahlı birləşmələrdə iştirak ittihamını qəbul etməyib. O, ibtidai istintaq zamanı fiziki və mənəvi təzyiqlərə məruz qaldığını bildirib.


Təqsirləndirilən Bəxtiyar Mustafayev ifadəsində Bakıdakı xəstəxanalardan birində həkim işlədiyini bildirib. O, qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmədiyini söyləyib.


Proses fevralın 23-də davam etdiriləcək.



İttihama görə, "Abdulla" ləqəbli Azər Misirxanovun rəhbərliyi ilə Rəşid Mustafayev, Faiq Cəfərov, Firdovsi Quliyev, Vasif Ömərov, Vüsal İsayev, Mahir Allahverdiyev, Elməddin Fərəcov, Asif Əmikişili, Alkərəm Məmmədov, Rəşad Nəbiyev, Tural Həsənov, Ceyhun Əliyev , İbadət Alazov, Amil Xəlilov, Kamran İlyasov, Emil Şıxəliyev, Elnur Qazıyev, Vüqar Adullayev, Mehdi Kərimov, Elşən Druskar, Namiq Məmmədov, Teymur Axundov, Arif İbrahimov, Elçin Canağayev, Ramil Fərzəliyev, Fuad Mövsümov, Rəşad Mahmudov, Zeynal Əkbərov, Mahir Abdullayev, Emin Cami və Bəxtiyar Mustafayev qabaqcadan əlbir olub qrup halında cinayətkar fəaliyyət göstərib.


Onlar odlu silah və partlayıcı maddələrin əldə edilməsi və gizli surətdə respublika ərazisinə keçirilməsi, daşınması və saxlanılmasında, eləcə də Azərbaycanda terrorçuluq əməlinin, quldurluq və digər cinayətlər törədilməsində iştirak ediblər. Silahlı birləşmənin üzvləri təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Müəyyən edilib ki, bu silahlı birləşmənin üzvləri Bakı şəhəri, Nərimanov rayonundakı "Əbu Bəkr" məscidində 2008-ci il avqustun 17-də terror aktının törədilməsində təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində axtarış elan edilmiş, "Meşə qardaşları" adlı silahlı birləşmənin rəhbərlərindən biri "Süleyman" ləqəbli Samir Mehdiyevin Azərbaycanda istintaqdan yayınaraq digər dövlətin ərazisində gizlənməsini təşkil ediblər.


Azər Misirxanov Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində sabitliyi pozmağı, əhali arasında vahimə yaratmaq üçün bir sıra terrorçuluq aksiyalarını təşkil etməyi, o cümlədən "Bakı-Novorossiysk" neft boru kəmərini partlatmağı planlaşdırıb. Azər Misirxanov bununla əlaqədar Rəşid Mustafayevi təlimatlandırıb və ona müvafiq göstərişlər verib.


Bu göstərişlərin icrası məqsədilə Rəşid Mustafayev Bakıya qayıtdıqdan sonra 2008-ci ilin oktyabrında Azərbaycandan Rusiyaya gedən neft kəmərinin yerinin müəyyənləşdirilməsi və partladılması üçün partlayıcı qurğular hazırlanmasını silahlı birləşmənin digər üzvü Asif Əmikişiliyə həvalə edib. Asif Əmikişili 2008-ci ilin oktyabrında Xaçmaza gəlib, ərazidən keçən böyük həcmli boru kəmərlərini yanlış olaraq "Bakı-Novorossiysk" neft kəməri hesab edərək, həmin borularda partlayış törədilməsi üçün əlverişli yeri müəyyənləşdirib və bu barədə Rəşid Mustafayevi məlumatlandırıb.



2009-cu il yanvarın 14-də xüsusi plan əsasında keçirilmiş antiterror tədbirləri nəticəsində silahlı birləşmənin üzvləri yaxalanıb. Yuxarıda qeyd olunan odlu silahlar, döyüş sursatı, partlayıcı maddələr və digər hərbi ləvazimatların bir hissəsi Faiq Cəfərovun Abşeron rayonunun Saray qəsəbəsindəki evinin yaxınlığında olan qamışlıqdakı gizli saxlanc yerindən aşkar edilərək götürülüb.


Xatırladaq ki, bundan əvvəl "Meşə qardaşları" silahlı birləşməsinin 26 üzvü məhkəmədə mühakimə edilib. Məhkəmənin hökmü ilə Elnur Bəşirovun başçılıq etdiyi dəstənin üzvlərinə 200 ildən çox cəza kəsilib. Azər Misirxanovun rəhbərlik etdiyi "Meşə qardaşları" silahlı birləşməsinin üzvlərinə isə "Əbu Bəkr" məscidini partlatmaq ittihamı verilməyib. Lakin onlar 2008-ci ilin avqustun sonunda Xətai rayonunda transformatorda baş vermiş partlayışda ittiham olunurdular. Həmin partlayış zamanı transformatorda təmir işləri aparan "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Kamal Bayramov və Elmar İsmayılov xəsarət alıblar.


Məlum olub ki, həmin partlayış transformatora quraşdırılan qumbaranın partlaması nəticəsində baş verib. İbtidai istintaq orqanı həmin terror hadisəsini cinayət işindən ayırıb və ayrıca istintaqda araşdırır.




Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 29,214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa cəhd), 29, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa cəhd), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə), 229.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatını və partlayıcı maddələri və qurğuları hazırlama)181.2.1-ci, 181.2.5-ci (quldurluq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qaçaqmalçılığı) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 206-cı (qaçaqmalçılıq), 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə), 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) və 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham olunurlar.


Onu da qeyd edək ki, Azər Misirxanovun Əfqanıstanda öldürüldüyü barədə məlumat yayılıb.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar