“Hafiz Hacıyevin ölümünə fitva verilib!”
04 fevral 2010 16:30 (UTC +04:00)

“Hafiz Hacıyevin ölümünə fitva verilib!”

“Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin baş verən hadisə ilə bağlı açıqlamasında tamamilə yanlışlığa yol verilib. Açıqlamada guya hadisənin maşın dayanacağı üstündə olduğu bildirilib. Əslində bu yalandır”. Bunu Lent.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. “Guya barışıq olub, nə bilim daha nə. Əslində isə Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin Natiq müəllim gəlib mənə böyük minnəti elədi. Həmçinin, Daxili İşlər Nazirliyinin bir idarə rəisi də mənimlə danışdı. Ona da dedim ki, artıq məsələ ilə bağlı ölkə başçısına rəsmi məlumat verilib. İdarə rəisinə söylədim ki, o polis mayoru mənə hücum edib, hüquqlarımızı pozub, hədələyib. Natiq müəllim özü məndən onun əvəzinə üzr istədi. Ancaq dedim ki, söhbət üzrdən getmir, bu məsəldə dövlət hansı addım atacaqsa, mən dövlətin yanında olacağam. Çünki biz həmişə qanunları üstün tutmuşuq. Ancaq çox təəssüf ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti belə bir açıqlama yayıb ki, bizim aramızda çox kiçik bir insident olub, bizim mətbuat xidməti də bunu şişirdilmiş qaydada verib. Deməli, DİN-dəki orqanlar vaxtilə Hacı Məmmədovun əməllərini ört-basdır etdikləri kimi, Hafiz Hacıyevə qarşı olan hücumu da ört-basdır etmək istəyirlər. Mən bu məsələnin axırına qədər gedəcəyəm. İndi cənab prezidenti gözləyirəm. Prezident Almaniyadan qayıdandan sonra çalışacam onunla görüşüm, yaxud telefon əlaqəsi saxlayım. Ölkənin hüquq-mühafizə orqanlarındakı bu cür özbaşınalıq, bu cür qanunsuzluğu, Hafiz Hacıyevə qarşı olan hücumu polis orqanları, Daxili İşlər Nazirliyi çox ustalıqla malalamaq istəyir. Onlar buna nail ola bilməyəcəklər. Biz axıra qədər gedərək həmin polis mayorunun qanunla cəzalandırılmasına nail olacağıq”.

H.Hacıyev hadisənin onun həyatına qarşı sui-qəsd kimi qiymətləndirildiyini deyib: “Nazirliyin mətbuat xidməti deyir guya mübahisə maşın saxlamaq üstündə olub. Maşın həvəskarı biz deyilik e. Adi bir polis mayorudur, 100 minlik “Cip” sürür. Soruşmaq lazımdır ki, öunu hansı pulla alıb? Görünür, Hafiz Hacıyevin ölümünə kimlərsə tərəfindən fitva verilib. Və mənim ölümümü də bəribaşdan sığortalamaq istəyirlər. Bunu mənə qarşı planlı şəkildə mənə qarşı edilən və kimlərinsə tərəfindən verilmiş sifariş hesab edirəm. İstintaq aparılmalı, məsələnin arxasında duranlar tapılmalıdır”.

Hadisə ilə bağlı Azərbaycan prezidenti və daxili işlər nazirinə teleqram vurduğunu deyən H.Hacıyev hadisə ilə bağlı ABŞ, Norveç, İsveç, Almaniya və Fransanın Bakdakı səfirlərinə də məlumat verildiyini vurğulayıb.

H.Hacıyev hadisənin baş verməsini isə bu cür nəql edib: “Biz səhər işə gələrkən onun maşını mənim maşınımın qabağını kəsdi. Onun yanında iki nəfər vardı, onlar da mlki paltarlı polislər idi. Həmin vaxt əgər biz bir balaca səhvə yol vermiş olsaydıq, orada böük bir dava düşmüş olacaqdı. Onlar başqa şeylərə əl atmaq istəyirdi. Lakin görəndən sonra ki, cəhdləri yersizdir, yəni biz təxribata getmirik, maşınımı buraxmadılar, getdilər 4-cü Polis Bölməsinə. Bu, faktdır. Həmin vaxt baş verənləri ətrafdakı polislər də, ictimaiyyət nümayəndələri də gördü. Bunu Daxili İşlər Nazirliyinin xırda bir şey kimi qələmə verməsi isə təəccüblü deyil. Onsuz da hər şeyi belə qələmə verirlər. Bunlar türmədə jurnalistin cibindən heroin tapmağı öyrənmiş insanlardır”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan zahidov məsələ ilə bağlı Lent.az-a qısa açıqlama verib: “Artıq bu məsələ ilə bağlı açıqlama vermişik”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1162

Oxşar yazılar