İranın Azərbaycandakı keçmiş səfirindən şok açıqlama
04 fevral 2010 10:30 (UTC +04:00)

İranın Azərbaycandakı keçmiş səfirindən şok açıqlama

“Mənim Azərbaycanda ailə həyatı qurmağım və bu barədə İran dövlətini xəbərdar etməməyim barədə Azərbaycan telekanallarında və qəzetlərində yazılanlar tamamilə yalandır”.


Lent.az-ın məlumatına görə, bunu ANS PRESS-ə açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bildirib. Hazırda İranda olan keçmiş səfirin sözlərinə görə, bütün yazılanlar ona atılan böhtandır.


Xatırladaq ki, bir müddət əvvəl Əfşar Süleymaninin İranda həbs olunması barədə xəbər yayılmışdı. “Xural” qəzetinin yazdığına görə, Tehran məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra isə diplomat 2500 dollar girov müqabilində sərbəst buraxılıb. Qəzetin yazdığına görə, keçmiş səfir Azərbaycanda çalışarkən burada növbəti dəfə ailə qurması barədə ölkəsinə məlumat verməyib. Bu isə İran qanunlarına ziddir. Məhkəmə iddiasının isə onun Azərbaycandan olan həyat yoldaşı Şəmsiyyə Bəylərqızı tərəfindən qaldırıldığı bildirilir.


Azərbaycan vətəndaşı olan Şəmsiyyə Bəylərqızı isə “ATV” telekanalına müsahibəsində Əfşar Süleymani ilə evli olduğunu və sonradan boşandığını, hətta ondan azyaşlı bir oğlu olduğunu bildirib. Ş.Bəylərqızının sözlərinə görə, o, keçmiş ərinə qarşı mülki iddia qaldırıb, bu isə keçmiş səfirin həbsi ilə nəticələnib. Belə ki, bundan əvvəl İran hökuməti Ə.Süleymaninin Azərbaycanda evlənməsindən xəbərsiz olub.


Əfşar Süleymani isə bildirib ki, Ş.Bəylərqızı onun və qohumlarının etimadını qazanaraq, onlara məxsus külli miqdarda pul mənimsəyib. Diplomat məsələ ilə bağlı hələ 20 sentyabr 2008-ci il tarixində Azərbaycan daxili işlər naziri Ramil Usubova müraciət edib.


Müraciəti olduğu kimi təqdim edirik:


“2006-cı ildə mənim səfirlik missiyamın son zamanlarında bir xanım mənə müraciət edərək, özünü Şəmsiyyə Bəylər qızı Rzayeva (Beynəlxalq Ekspertiza və Müdafiə Mərkəzinin sədri) kimi təqdim etdi. Ş.Rzayeva söylədi ki, sizin səfir olduğunuz zamanlarda İran-Azərbaycan münasibətləri daha da dərinləşib və möhkəmlənib.


Şəmsiyyə xanım təklif etdi ki, görülmüş işlər haqqında (səfirlik müddətimdə) bir kitab yazılsın, kitab da “Azərbaycanı, Vətəni bilən diplomat” adlandırılsın. Əlavə olaraq, mənim müsahibəm əsasında başqa iki kitab da “Şərq diplomatının xatirələri” adı ilə buraxıldı. Bu üç kitab Şəmsiyyə xanım tərəfindən və heç bir maddiyyat tələb eləmədən hazırlandı.


Bu kitabların hazırlanması üçün biz dəfələrlə Şəmsiyyə xanımla görüşürdük və bu söhbətlərin əsasında bildirdi ki, Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri ilə həmçinin, Azərbaycanda fəaliyyət göstərən xarici qurumlarla, habelə Şərq ölkələri ilə xüsusilə Yaponiya dövlətilə çox sıx əlaqədədir. O bildirdi ki, hər bir işi və ya tapşırığı sənədləşdirmək və buna bənzər məsələləri həll etmək iqtidarındadır və beləliklə öz səlahiyyətini bildirdi.


Eyni zamanda səfirlik müddətim bitərkən, məcburiyyət qarşısında bir neçə ay oğlumun universitetdə 1-ci kursunu bitirməsini gözləyib Azərbaycanda qalmalı oldum.


Bu ərəfədə (səfirlik missiyası bitən vaxt) qohumlar, dostlar və tanışlar müəyyən ticarət işləri ilə bağlı mənə müraciət etdilər. Onlara bildirdim ki, dövlət vəzifəsində olan bir insanam və ticarət işlərilə məşğul ola bilmərəm.


Şəmsiyyə xanım özünü həm hüquqşünas və doğru-dürüst insan kimi tanıtdırdığına, yazdığı kitablar və ictimaiyyətdə etdiyi hərəkətlərə görə mənim etimadımı qazanmışdı, müraciət edənlərin işlərini ona yönəltdim və onlar bu xanımla işə başladılar.


Şəmsiyyə xanım dəfələrlə hər bir işə görə müəyyən məbləğdə o şəxslərdən pul alıb və yüksək vəzifədə olan Azərbaycanın məsul şəxslərinin adlarını çəkib və onların adından sui-istifadə edib, onları və məni aldadıb. Hər bir müraciətdə bəzi yalanlar işlədərək gecikmələrin səbəblərini Azərbaycanın məsul şəxslərilə əlaqəli olduğunu söyləyib.


Şəxslərdən təxminən 1 milyon 200 min ABŞ dolları alıb və indiyə qədər heç bir iş görməyib və pulları da geri qaytarmayıb.


Son işdə pərdələr düşəndən sonra artıq-əskik hərəkətlərə və söhbətlərə yol verərək məlum oldu ki, Şəmsiyyə xanım işlərə yekun vurmayıb və bütün bu işlərlə əlaqədar olan şəxslər mənə müraciət ediblər və edirlər. Pullarını itirən insanlar məni günahkar görüb və pullarını məndən tələb edirlər.


Mühəndis qardaşım işləri ilə əlaqədar Azərbaycanda ev və torpaq almağı düşünürdü və ona görə də məndən sənədlərin hazır olması üçün bir əmin Azərbaycan vətəndaşı istədi. Mən də sürücümə güvənib onun oğlu Natiq Salamovu bu işlərə münasib gördüm və bütün sənədlər bu şəxsin adına hazırlandı.


Natiq Salamovun başqa bir rolu da var idi. O, İrandan köçürülən və Azərbaycanda olan tanışlarım tərəfindən verilən pulları Şəmsiyyə xanıma çatdırırdı. Və beləliklə bunların arasında təmas yarandı.

Beləliklə, tələbi olan şəxslərin çoxu Natiqi tanıyırdılar və öz pullarını ondan tələb edirdilər. Qardaşım evinin sənədini tələb edən şəxslərdən birinin adına çevirdi. Natiqə edilən müraciətlərimiz cavabsız qalıb və o, qardaşımın 150 000 ABŞ dollarını saxlayıb və indiyə qədər geri qaytarmayıb.


Çox ehtimal var ki, Natiq Şəmsiyyə ilə birləşib. Bu şəxslərin törətdiyi məsələlərə görə mənim şəxsiyyətim və mənəviyyatım təhqir olunub və eyni zamanda bütün qohumlarım, tanışlarım və dostlarım arasında başqa fikirlər yarandı, hərçənd çalışdım ki, bu düzgün olmayan fikri aradan qaldıram. Onlarda belə fikir yaranmışdı ki, bu məsələlər Azərbaycanın yüksək dərəcəli adamları tərəfindən əmələ gəlib. Mənim izahatımdan sonra onlar problemlərin bu iki şəxsin tərəfindən yaradılmasını bildilər.


Sizdən xahiş edirəm, bütün yuxarıdakıları nəzərə alaraq, təcili göstəriş verəsiniz, mənim, qohumlarımın və dostlarımın maddi və mənəvi ziyanlarının ödənilməsi haqqında təcili və lazımi tədbirlər görülsün”.


Ə.Süleymani dediklərinin təsdiqi kimi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi istintaq şöbəsinin müstəntiqi T.Zeynalovun 26 noyabr 2008-ci il tarixində tərtib etdiyi protokolun sürətini ANS PRESS-ə təqdim edib.


Protokol İran İslam Respublikasının vətəndaşı Süleymani Əfşar Qədir oğlu, Tərtər şəhərində qeydiyyatda olan və Bakı şəhərində yaşayan Rzayeva Şəmsiyyə Bəylər qızının, onun xalası Tərtər şəhərində yaşayan Həsənova Əzizə Həzrətqulu qızının iştirakı ilə tərtib olunub.


Protokolda bildirilir ki, Əfşar Süleymaninin şikayətinin araşdırılması zamanı müəyyən edilib ki, Ş.Rzayeva kommersiya işlərinin aparılması üçün Ə.Süleymanidən 529.000 ABŞ dolları məbləğində pul alıb, aldığı pulların müqabilində kommersiya işləri qura bilmədiyindən həmin pullar Ə.Süleymani tərəfindən geri tələb olunub. Araşdırma zamanı Ə.Süleymani tələb olunan məbləğdən 120.000 ABŞ dollarını Ş.Rzayevaya bağışlayıb, qalan 400.000 ABŞ dollarını və yaşaması üçün Ş.Rzayevaya verdiyi C.Məmmədquluzadə küçəsi 118 nömrəli evin 89-cu mənzilini geri qaytarmasını tələb edib.


Ş.Rzayeva yaşadığı mənzili 15 dekabr 2008-ci il tarixinədək boşaldıb Ə.Süleymaniyə verəcəyi və 400.000 ABŞ dolarını 2009-cu ilin may ayının axırınadək ödəyəcəyi barədə öhdəlik götürüb və öhdəliyin icra olunmayacağı təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilib.


Ə.Süleymani protokolda göstərilənlərlə razı olub və buna görə də şikayəti üzrə aparılan araşdırmanın dayandırılmasını xahiş edib.


2008-ci il 5 dekabr tarixində Azərbaycan DİN-nin baş Mütəşəkkil Cinayətkarlıq üzrə Mübarizə İdarəsinin rəis müavini Səməd Cəfərov tərəfindən artıq Tehranda yaşayan Ə.Süleymaniyə göndərilən məktubda isə deyilir ki, “Rzayeva Şəmsiyyə Bəylər qızının Sizin qohumlarınızın külli miqdarda pulunu ələ keçirməsi, Salamov Natiq Namis oğlunun adına Bakı şəhərində aldığınız mənzillərin və torpaq sahəsinin Sizin razılığınız olmadan satılması və bununla da sizə və yaxın qohumlarınıza ziyan vurulması barədə şikayətinizə baxılıb.


Müəyyən edilib ki, Ş.Rzayeva qohumunuz işlədiyi şirkətin yol çəkilişi ilə əlaqədar elan olunmuş tenderdə iştirak edərək qalib olmasına kömək etmək, tikinti aparılmasına sərəncam almaq adı ilə Sizdən külli miqdarda pul alıb. Ş.Rzayeva sizdən aldığı pulları 6 ay ərzində ödəniləcəyini öhdəsinə götürüb və bu barədə rəsmi iltizam verib. Natiq Salamovun adına alınmış mənzillərdən biri, ikincisinin isə satışından əldə olunan pulun bir hissəsi sizin razılığınızla borclarınızın ödənilməsinə verilib, bir mənzil və torpaq sahəsinin isə sizə qaytarılması təmin olunub. Natiq Salamovun sizə ödəməli olduğu pulun bir hissəsi ödənilib, qalmış hissəsinin isə dekabr ayının axırınadək ödəniləcəyi barədə ondan iltizam alınıb və araşdırma xahişinizlə dayandırılıb”.


Sonda Ə.Süleymani ANS PRESS-ə bildirib ki, İranda bir neçə gün həbsdə saxlanılsa da, hazırda azadlıqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1528

Oxşar yazılar

Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10