Qatarlarda qalan sərnişinlər saatlardır gözləyir – OLAY YERİNDƏN
05 fevral 2010 17:30 (UTC +04:00)

Qatarlarda qalan sərnişinlər saatlardır gözləyir – OLAY YERİNDƏN

Bakıdan rayonlara hərəkət edən sərnişin qatarlarının hərəkətində problem yaranıb. Lent.az-ın oxucularından biri redaksiyaya zəng vuraraq, hazırda Bərdə istiqamətində hərəkətsiz qalan qatarda olduğunu deyib: “Qatar Bakıdan 22.15-də çıxıb. Bu gün səhərə yaxın saat 5-6 radələrində Bərdəyə çatmalı idi. Ancaq qatar Hacıqabul rayonunun Nəvai qəsəbəsində təxminən 4 saat dayandı, dedilər elektrik xəttində qırıqlıq var. Sonra xətti düzəltdilər, hərəkət bərpa olundu. Ancaq sonradan Ucar yaxınlığında bir ərazidə yenə dayandı. Artıq iki saata yaxındır burdayıq. Yenə deyirlər ki, elektrik enerjisi kəsilib, teplovoz gəlib qatarı aparacaq Ucara. Dəqiq bir məlumat verən yoxdur. Hələ gözləyirik, görək axırı necə olacaq. Yaxşı ki, qatar o qədər də soyuq deyil, normal tempratur var. Ancaq çöldə möhkəm qar yağır. Hamı tələsir ki, mənzil başına çatsın. Ən pisi odur ki, çöllük bir yerdəyik. Yəni ətrafda nə bir dükan, nə bir kafe var ki, gedib su, yemək alaq. Nə irəliyə, nə geriyə getmək olar, qatardan da düşmək mümkün deyil”.

Bakıdan Qazaxa gedən digər qatarın sərnişini – Bəkir adlı şəxs isə Lent.az-ın əməkdaşı ilə söhbətində Kürdəmir yaxınlığında dayandıqlarını deyib: “Sərnişinlər narahatdır...”

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yaydığı məlumatda da qatraların hərəkətində fasilələr və gecikmələr olduğu etiraf edilib. Lakin konkret neçə qatarın yollarda dayandığı bildirilməyib. QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvar ayının 4-dən 5-nə keçən gecə yağan güclü qar nəticəsində dəmir yolunda qatarların hərəkətində müəyyən fasilələr yaranıb: “Fövqəladə situasiya yarandığına halda respublika daxilində hərəkət edən sərnişin qatarlarının hərəkətinə surət məhdudiyyəti qoyulur. Məhz bu səbəbdən sərnişin qatarlarının mənzil başına və geriyə hərəkətində müəyyən gecikmələr qeydə alınır”.

Məlumatda bildirilib ki, bu gün Şimal istiqamətində hərəkət edən 55-56 saylı Bakı–Moskva (saat 19-50-də), 373-374 saylı Bakı-Tümen (saat 17.00-da) sərnişin qatarları cədvəl üzrə yola duşəcək və 373-374 saylı Bakı-Tümen sərnişin qatarı cədvəl üzrə saat 18.37-də Bakıya gələcək: “Yerli istiqamətdə hərəkət edən sərnişin qatarları Bakıdan cədvəl üzrə yola düşəcək. Havaların kəskin dəyişməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi gücləndirilmiş iş rejiminə keçib. Yolların qardan təmizlənməsi işləri həyata keçirilir”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar